Məhkəmə qərarları › İş №2(016)-118/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-118/2023

27.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-118/2023 27.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X6, Cavabdeh X1 iştirakları ilə, İddiaçı X6 cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dəyəri 4.000 manat olan 20 baş qoyunlarını, yaxud da pulunu və ödədiyi 60 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayının 6-da özünə məxsus olan qoyunlarını nobata yola salıb cavabdehə təhvil vermiş, qayıdıb evə gəlmişdir. Elə həmin gün kənddə xəbər yayılmışdır ki, nobatın heyvanlarına canavar hücum edib, xeyli sayda xırdabuynuzlu qoyun-quzunu parçalayaraq məhv edib digərlərini də yaralayıb. O, xəbəri eşidən kimi kəndlərində olan örüş torpaqlarına tərəf yollanmış, hadisə baş verən yerə gəldikdə heyvanlarını təhvil verdiyi Y.Hüseynovun yerinə onun azyaşlı oğlunun orda olduğunu görmüşdür. Belə ki, cavabdeh öz işinin dalınca gedərək kəndin xeyli sayda ona əmanət etdiyi qoyun-quzunu öz azyaşlı oğluna tapşırmışdır. Azyaşlı uşaq canavarlarla heç bir şəkildə mübarizə apara bilməz və nəticədə sürüyə daxil olan canavar xeyli sayda qoyun-quzunu boğub öldürüb digərlərini isə yaralamışdır İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, 2022-ci ilin noyabr ayının 6-da qoyunlarını cavabdeh X2 deyil, onun oğluna təhvil vermiş, daha sonra kənddə xəbər yayılmışdır ki, heyvanlara canavar hücum edib, xeyli sayda qoyun-quzunu parçalayaraq məhv edib və digərlərini də yaralamışdır. Canavar ona məxsus 20 baş qoyunu da məhv etmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı qoyunları ona yox, oğlu - İsmayıla vermişdir. Qoyunların tələf olmasında onun heç bir günahı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan, Ağsu Rayon İcra Hakimiyyəti başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 rayonu, Bozavand kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. [87] MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasında iddiaçı X8 bildirmişdir ki, o, 2022-ci ilin noyabr ayının 6-da qoyunlarını cavabdeh X2 deyil, onun oğluna təhvil vermiş, daha sonra kənddə xəbər yayılmışdır ki, heyvanlara canavar hücum edib, xeyli sayda qoyun-quzunu parçalayaraq məhv edib və digərlərini də yaralamışdır. Canavar ona məxsus 20 baş qoyunu da məhv etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus xırdabuynuzlu heyvanları hazırkı iş üzrə cavabdeh X2 yox, onun oğlu – xx.xx.2004-cü il təvəllüdlü X3 təhvil vermişdir. İddiaçıya məhkəmə iclasında cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, iddia tələbinin X2 qarşı olduğunu bildirmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı X6 cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar