Məhkəmə qərarları › İş №2(016)-1320/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1320/2025

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1320/2025 10.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 35000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu şəhərində yerləşən Az- Granata MMC-də rəsmi olaraq istehsalatda fəhlə kimi çalışırdı. xx.xx.2025-ci il tarixində istehsalat konveyirdə malları qəbul edərək qablaşdırırdı. Həmin zaman sexdə olan havalandırma sistemin pərində dayanma baş vermişdir. O zaman ona rəhbərlik tərəfindən göstəriş verilmişdir ki, həmin pərin nasazlığını aradan qaldırsın. O, həmin pərin nasazlığını aradan qaldırmaq istəyərkən həmin pər işləməyə başlamış, işləyərkən əlinin 4 barımağını pər kəsmişdir. Bunu görərək o, qışqıraraq təcili tibbi yardımı tələb etmişdir. Lakin SƏTƏM mütəxəsisi Cabbar müəllimin göstərişi ilə onu işçilərə məxsus olan vaz 2107 markalı maşınla xəstəxanaya çatdırmışdırlar. Hadisə ilə bağlı onun ailə üzüvlərinə heç bir məlumat verilməyib. Ona məxsus olan rəhbərliyin göstərişi ilə alınıb. Xəstaxanaya daxil olarkən Fazil adlı həkim cərrah ona ilk yardım göstərib. O hadisəni soruşanda rəhbərlik tərəfində olan nümayəndələr ona demişdirlər ki, o, desin ki, əlin ot biçən maşında qalıb. Onun halı üstündə olmadığına tam ifadə verməyə halı olmamışdır. Amma qeyd edir ki, Rəhbərliyin tapşırıqı ilə onun başına gələn hadisəni xəstəxanada güyə ki əlini ot biçən maşının arasında qalıb kəsilib kimi qeyd ediblər. Sonradan onu evə gətirmişdirlər, o zaman evdəkilər bilmişdilər ki, bele bir hadisə olub. Hadisə ilə bağlı Ağsu Rayon Prokurorluğu cinayət işi başlanması barədə qərar qəbul etmişdir. Bildirir ki, prokurorluqdan ona bildirmişdirlər ki, mülkü qaydada o, ziyanla bağlı adiyyəti üzrə məhkəməyə müraciyət edə bilər. Onu işdən azad ediblər, hal-hazırda əmək qabiliyyəti itirilib, əli ilə bağlı müalicə öz hesabına etdirir. Onun iki evladı var, yeganə gəlir mənbəyi evə onun tərəfindən olub, o da tam olaraq əmək qabiliyyətini itirmişdir. Qolundan axşamlar ağrılar tutur müalicəyə ehtiyac var. Bu günki günə qədər ona Az-Granata MMC tərəfindən heç bir maddi dəstək olmayıb. İşdən azad olunması onu maddi cəhətdən çətinlikə salıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Az- Granat MMC-də fəhlə vəzifəsində işləyirdi. Vəzifəsi malları qutulaşdırmaq və daşımaq idi. xx.xx.2025-ci il tarixdə sexdə malları qablaşdırarkən havalandırma sisteminin pərində dayanma baş vermişdir. Hal-hazırda xatırlamır, amma kimsə ona Elnur, onu çək dediyini xatırlayır. O, yaxınlaşıb ventilyatoru çəkərkən, işlək vəziyyətdə olduğu üçün bir anda barmaqlarını kəsmişdir. Əslində o arxasından tutaraq çəkməyə çalımışdır. Həmin hadisədən sonra əli əlildir və işləmək qabiliyyətini itirmişdir. Onu xəstəxanaya aparmışdırlar, əməliyyatın xərcini şirkət qarşılamışdır. Ona demişdirlər ki, izahat yazarkən hadisə ilə bağlı ev şəraitində olduğunu, otbiçən cihazla barmaqlarının kəsildiyini qeyd etsə, onlar onu yaşayış üçün lazım olan hərşeylə təmin edəcəklər, o da inanaraq razılaşmışdır. Lakin, onun necə olmağı barəsində nə maraqlanmış, nə də dərman almışdırlar, əlavə xərclərini də çəkməmişdirlər. Otbiçən maşınla evdə yaralandığını qeyd etdirdiyi üçün hal-hazırda təqaüd də ala bilmir və ailəsinin vəziyyəti çox pisdir. İşləklik qabiliyyətini itirmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, onlarda hadisənin gerçəkləşmə anının video görüntüsü mövcuddur. İddiaçı gəlir və qarşısına maneə kimi çıxan ventilyatoru işlək vəziyyətdə çəkməyə çalışır. Bu onun vəzifəsi deyil və rəhbər şəxslərdən heç kim ona bunu etməsi barədə göstəriş verməmişdir. Üstündə də qeyd olunub ki, əl vurmaq olmaz! Hal-hazırda Elnur onların idarəsində işçidir, onlar onu işdən azad etməmişlər, vəziyyətini nəzərə alaraq hal-hazırda görə biləcəyi işlə onu təmin edəcəklər. İş üzrə Ağsu Rayon Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Buna səbəbdə İddiaçı işləyərkən öz fərdi təhlükəsizliyini qorumaması və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozması olmuşdur. Bundan başqa "xxxx" MMC-nin sex rəisi X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair İnzibati xəta haqqında protokol tərtib edilmiş və Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-308/2025 saylı qərarı ilə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Daha sonra Müfəttişlik tərəfindən həmin qərarından şikayət verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-10)-15/2026 saylı qərarı ilə şikayət təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-308/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı xəsarət almasında "xxxx" MMC-nin heç bir təqsiri olmamışdır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirik. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli 058/21 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. - “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 01/2025 №-li aktdan görünür ki, bədbəxt hadisə xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində İddiaçı Cəmiyyətin alkoqollu içkilərin istehsalı şöbəsinin dolum sexində yüklə (sərinkeş) dolu transpoletlə yerdəyişmə edərkən onun hərəkətinə mane olan digər böyük həcmli işlək vəziyyətdə olan sərinkeş əli ilə tutub əvvəlki olduğu yerə yerdəyişmə edərkən anidən sol əlinin 4 (dörd) barmağının sərinkeş işlək vəziyyətdə olan dəmir pəri arasında qalması nəticəsində baş vermişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 173 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin İİ, V barmaqların distal falanqalarının və İİİ-İV barmaqların roksimal falanqalarının orta 1/3-nin travmatik amputasiyası elektriklə işləyən sərinkeşin dəmir pərlərinin təsirindən törənmişlər, törənmə, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 03 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisəyə səbəb olmuşdur. Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən Cavabdeh MMC-nin şərab istehsalı zavodunun işçisi İddiaçı iş zamanı 14 saylı istehsal dolum sexində istifadə edilən səyyar havalandırma qurğusunun (sərinkeşin) işlək vəziyyətində sol əli ilə qurğunun hərəkətli hissəsinin qoruyucu örtüyündən tutaraq yerini dəyişmək istəyərkən əlinin barmaqlarını qoruyucu örtüklə gövdəsi arasında olan boşluq (pərləri olan) hissəyə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələbləri İddiaçı özü tərəfindən pozulmuşdur. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə , saat 16 radələrində Ağsu şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü, Azgranata MMC-də fəhlə işləyən, İddiaçı işləyərkən sol əlin İİ, V barmaqlarındistal falanqalarının və İİİ-İV barmaqların froksimal falanqalarının orta 1/3-nin travmatik amputasiyası ilə nəticələnən sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarət alması ilə əlaqədar öz fərdi təhlükəsizliyini qorumadığına və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozduğuna görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 6(016)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ağsu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokolundan görünür ki, X1 Cavabdeh MMC rəhbərinin xx.xx.2025-ci il tarixli, 02/25 nömrəli əmrinin tələbini pozaraq MMC-də fəhlə peşəsi üzrə əmək funksiyası yerinə yetirən İddiaçı həyat və sağlamlığı üçün təhlükə törətmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-308/2025 saylı qərarından görünür ki, X1 barəsində İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-10)-15/2026 saylı qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli, 3(016)- 308/2025 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli, 3(016)-308/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Baş vermiş hadisənin yazılıdığı video diskə baxış zamanı müşahidə edilmişdir ki, İddiaçı əl arabasını tutacaq hissəsindən dartaraq böyük sərinkeşin arasından keçirmək istəyərkən arabanın bir tərəfi böyük sərinkeşə dəyərək onu yerindən tərpədir, İddiaçı arabanı kənarda saxlayaraq işlək vəziyyətdə olan böyük sərinkeşin arxa hissəsindən sol əli ilə tutub yerinə qaytardığı zaman anidən əl barmaqları sərinkeşin dəmir barmaqlıqlarının içərisinə daxil olur və daha sonra o, əlini tutaraq oradan qaçaraq uzaqlaşır və kadrdan çıxır. Daha sonra orada olan digər işçilərin böyük sərinkeşə yaxınlaşması müşahidə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Ağsu şəhərində yerləşən AzGranata MMC-də rəsmi olaraq istehsalatda fəhlə kimi çalışırmış, xx.xx.2025-ci il tarixində istehsalat konveyirdə malları qəbul edərək qablaşdırırmış, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində İddiaçı Cəmiyyətin alkoqollu içkilərin istehsalı şöbəsinin dolum sexində yüklə (sərinkeş) dolu transpoletlə yerdəyişmə edərkən onun hərəkətinə mane olan digər böyük həcmli işlək vəziyyətdə olan sərinkeşi əli ilə tutub yerdəyişmə edərkən anidən sol əlinin 4 (dörd) barmağı kəsilir və o, az ağır xəsarət alır. Məhkəmətexniki təhlükəsizlik ekspertizasının 03 sentyabr 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən Cavabdeh MMC-nin şərab istehsalı zavodunun işçisi İddiaçı iş zamanı 14 saylı istehsal dolum sexində istifadə edilən səyyar havalandırma qurğusunun (sərinkeşin) işlək vəziyyətində sol əli ilə qurğunun hərəkətli hissəsinin qoruyucu örtüyündən tutaraq yerini dəyişmək istəyərkən əlinin barmaqlarını qoruyucu örtüklə gövdəsi arasında olan boşluq (pərləri olan) hissəyə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələbləri İddiaçı özü tərəfindən pozulmuşdur. Bundan sonra Ağsu Rayon Prokurorluğu tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilsə də təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən Cavabdeh MMC-nin sex rəisi X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-308/2025 saylı qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-10)-15/2026 saylı qərarı ilə Ağsu Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı iş vaxtı bədbəxt hadisə nəticəsində xəsarət almasına istinad etməklə mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləği”nin 1.1 və 1.3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə - sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iş vaxtı xəsarət alması, yəni bunun istehsalatda baş vermiş bədbəxt hadisə olması, habelə baş vermiş bədbəxt hadisədə cavabdehin təqsirli olması məhkəmə iclasında sübuta yetirilmədiyindən, eyni zamanda aparılmış istintaq hərəkəti ilə iddiaçının sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarət almasının öz fərdi təhlükəsizliyini qorumadığına və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozduğuna görə baş verməsi sübuta yetirildiyindən iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin yekun məhkəmə aktı olmadığından, bununla da iddiaçının xəsarət almasında cavabdehin təqsiri sübuta yetirilmədiyindən, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 238-ci maddəsinə əsasən, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Qeyd edilən Məcəllənin 288-ci maddəsinin “h” bəndinə əsasən, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisələrinə aiddir. Göstərilən Məcəllənin 290-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Qeyd edildiyi kimi İddiaçı öz fərdi təhlükəsizliyini qorumadığına və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozduğuna görə sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarət almışdır. Digər tərəfdən, iddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbini ona zərər dəyməsi ilə əsaslandırmışlar. Halbuki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı iddia ərizəsində onun sağlamlığına zərərin vurulduğunu göstərsə də, zərərin məhz cavabdehin təqsiri üzündən vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin cavabdehin təqsiri üzündən ona vurulması məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdikləri halları məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar