Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1530/2025 18.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xırdabuynuzlu heyvanların saxlanılması üçün fermasında saxladığı 5 ədəd itlərinin ona vurduğu ziyan 3.550 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2020-ci ildən tanıyır. X9 kəndi arasında 4 ha 16 sot pay torpağı var. Həmin torpaqda hər il əkinçiliklə, buğda əkməklə məşğuldur və hər il 8-9 ton buğda məhsulu götürür. Ona məxsus olan buğda əkdiyi torpaqlarına yaxın olan Cavabdeh Əlheydər oğlunun xırdabuynuzlu heyvanları saxlanılması üçün ferması yerləşir. Buğda məhsulu qulluq istədiyindən əkin sahəsində təmizlik işi aparmaq, kol kosu çıxartmaq, sarıgülləri təmizləmək, sahəni gübrələmək və digər işlər görmək üçün ehtiyac vardır. Onun isə əkin sahəsinə yaxın olan Cavabdeh Əlheydər oğlunun fermasında saxladığı 5 ədəd çoban itinin olması səbəbindən, itlər xırdabuynuzlu heyvanlarla otlağa aparılarkən onların yanında olur. Həmin itlərin qorxusundan onun əkin sahəsində buğda məhsuluna qulluq etmək mümkün olmamışdır. Həmin vaxtlarda məhsula baxmaq üçün gedəndə 2 dəfə ayrı-ayrı vaxtlarda itlər üstünə hücum çəkmişdir. İkinci dəfə cavabdehin itləri üstünə hücum çəkəndə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bundan sonra, o, artıq 5 ədəd çoban itlərinin qorxusundan öz taxıl sahəsinə nəzarət edə bilməmişdir. Bu da buğdanın az və zibilli bar verməsinə səbəb olmuşdur. Həmin itlər çox qorxulu, vahiməli və hətta insanı yarıcan etməyə qadir olan itlərdir. Həmin itlərin qorxusundan bir il o, öz əkin sahəsinə baxa bilməmişdir. Bu səbəbdən onun Kəndoba-Abasxanlı kəndi arasında 4 ha 16 sot pay torpağında 9 ton təmiz olmayan buğda məhsulu olmuşdur. Bu da 60% zibil və onun üçün böyük bir ziyan vurulması deməkdir. Zibilli buğdanın satışı 0,15-0,20 qəpik təşkil edir. 1 ton buğda toxum üçün əkməyə kiloqramı 0,70 qəpiyə almış, gətirilməsi 750 manat təşkil edir. Cavabdeh Əlheydər oğlunu xırdabuynuzlu heyvanların saxlanılması üçün fermasında saxladığı 5 ədəd itlərinin ona vurduğu ziyan, cavabdehin özü tərəfindən ona ödənilməlidir. 7 ton buğda 0,60 qəpikdən 4.200 manat olacağı halda, 7 ton zibilli buğda olduğuna görə 0,20 qəpik dəyərində 1.400 manat təşkil edir. Ümumi ziyan 2.800 manat və 750 manat toxum və onun gətirilməsinə xərclədiyi pul, cəmi isə ona dəymiş 3.550 manat ziyan olmuşdur. O, Ağsu rayon Poliş şöbəsinə dəymiş ziyanla bağlı müraciət etmişdir. 16 oktyabr 2025-ci il tarixində 64/2-M-14419/24/25 saylı Ağsu rayon Polis şöbəsinin məktubuna əsasən narazı qaldığı halda prokurora, yuxarı prokurora və məhkəməyə müraciət etməyi bildirilmişdir. Artıq onun hüquqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, onun 1 iti olub, iddiaçı onun barəsində polisə 3 dəfə şikayət edib. Belə olan halda, bütün kənd camaatı onunla bağlı şikayət etməlidir ki, it onları da tutub. İddiaçının onunla şəxsi qərəzliyi var. O, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müraciətində göstərdiyi xüsusatlar mülki məsələdir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq tövsiyyə olunmuşdur. - xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində kənd təsərrüfatı təyinatlı 1.6373 ha torpaq sahəsi İddiaçı, X4 və X1 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində kənd təsərrüfatı təyinatlı 2.5479 ha torpaq sahəsi X3, X5, X6 və X2 adına birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna Ağsu rayon Polis şöbəsi tərəfindən verilmş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Cavabdeh Əliheydar oğlu barəsində Şöbəyə hər hansı bir şikayət daxil olmamış, onun barəsində araşdırma aparılmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, Cavabdeh məxsus itlərin qorxusundan, əkdiyi torpaq sahəsinə gedə və orada əkilən buğdaya qulluq edə bilməmiş, nəticədə, az məhsul əldə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh onun buğda əkdiyi torpaq sahəsindən az məhsul əldə etməsində təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1530/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1530/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver