Məhkəmə qərarları › İş №2(016)-160/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-160/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-160/2024 12.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2.662,64 manat məbləğində əsas, 22,78 manat məbləğində faiz, 4,88 manat cərimə borcu olmaqla, cəmi 2.690,30 manat, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən bərpa olunan kredit limiti üzrə 276,28 manat məbləğində əsas, 9,58 manat borcu olmaqla, cəmi 285,86 manat məbləğində pul vəsaiti və 49,59 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,8 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Məmmədov Mirzəxan İdris oğlu arasında xx.xx.2022-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Məmmədov Mirzəxan İdris oğlu xx.xx.2023-cü ildə ölmüşdür. Ağsu Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1957-ci il təvəllüdlü Məmmədov Mirzəxan İdris oğlunun adına Ağsu Rayon Notariat Ofisində 52 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası Cavabdeh qəbul etmişdir. O, mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddiaçı ilə Məmmədov Mirzəxan İdris oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqavilələrindən görünür ki, iddiaçı tərəfindən Məmmədov Mirzəxan İdris oğluna kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Mirzəxan İdris oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2.662,64 manat məbləğində əsas, 22,78 manat məbləğində faiz, 4,88 manat cərimə borcu olmaqla, cəmi 2.690,30 manat, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən bərpa olunan kredit limiti üzrə 276,28 manat məbləğində əsas, 9,58 manat borcu olmaqla, cəmi 285,86 manat borcu yaranmışdır. - AZ-İİ seriyalı 336123 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Məmmədov Mirzəxan İdris oğlu xx.xx.2023-cü ildə Ağsu şəhərində ölmüşdür. - xx.xx.2023-cü il tarixdə Ağsu Rayon Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanan məkubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1957-ci il təvəllüdlü Məmmədov Mirzəxan İdris oğlunun adına Ağsu Rayon Notariat Ofisində 52 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası Cavabdeh qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və faiz borcun tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Məmmədov Mirzəxan İdris oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2023-cü il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1957-ci il təvəllüdlü Məmmədov Mirzəxan İdris oğlunun adına Ağsu rayon notariat ofisində 52 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun və xidmət haqqının cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2.662,64 manat məbləğində əsas, 22,78 manat məbləğində faiz, 4,88 manat cərimə borcu olmaqla, cəmi 2.690,30 manat, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən bərpa olunan kredit limiti üzrə 276,28 manat məbləğində əsas, 9,58 manat borcu olmaqla, cəmi 285,86 manat məbləğində pul vəsaiti və 49,59 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,8 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar