Məhkəmə qərarları › İş №2(016)-169/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-169/2023

06.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-169/2023 06.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X24 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı X8, Cavabdeh X9 iştirakı ilə, İddiaçı X8 cavabdeh X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 cavabdeh X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 iddiaçı X8 xeyrinə 9810 manat və dövlət rüsumu kimi ödənilmiş 119 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən “İnternational” klinikasında gözətçi işləyir. Mühafizəçi işlədiyi həmin binada sürücü vəzifəsində işləyən Muradov Nizami vasitəsi ilə Qədirov Qədir ilə münasibəti yaranmışdır. Muradov Nizami ilə söhbət əsnasında nə qədər pulu olduğunu soruşdu, o da qızının nişanlı olduğunu, onun cehizliyi üçün 10000 manat pulu olduğunu bildirdi. Nizami ilə münasibəti çoxdan olduğu üçün bir-birilərinə qarşılıqlı inam yaranmışdır. Muradov Nizami onu Qədirov Qədir ilə tanış etdi, onunla aralarında münasibət yarandı. Qədirov Qədir işlədiyi klinikanın yaxınlığında yerləşən “Pepsi” mağazasını işlədirdi. Qədirov Qədir ilə bir-birilərinə etibarları yaranmışdır. 18 iyul 2021-ci il tarixdə X16 ona birgə iş qurub mağazada satış edib gəlir qazandırmaq vədi verərək ilk olaraq 7000 manat məbləğində pulunu alıb, üzərinə əlavə 1600 manat gəlir əldə etməklə cəmi 8600 manat məbləğində qaytaracağını vəd etdi. Aralarında etibara güvənərək, ondan istədiyi 7000 manat məbləğində pul vəsaitini ona verdi. 21 iyul 2021-ci il tarixdə Qədir yenidən ona zəng edərək əlavə 3000 manat pul verəcəyi təqdirdə daha çox qazanc əldə edəcəyini bildirmiş, 3000 manatın təcili olaraq ona çatdırmalı olduğunu dedi. Ona inanaraq razılaşdı. Həmin gün saat 18-19 radələrində yaşadığı ünvan 1 ünvanında Qədirov Qədirə 3000 manat məbləğində pulu verdi. Qədirov Qədir ümumilikdə 10000 manat məbləğində pulunu almış, lakin vədinə əməl etməyərək, ona məxsus pul vəsaitini öz şəxsi ehtiyacları üçün sərf etmiş, borclarını bağlamış və həmin pulu iradəsinə uyğun xərcləmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında araşdırma başlanmışdır. xx.xx.2022-ci il tarixində AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlı ilə ləğv edilmiş və iş üzrə əlavə araşdırmanın aparılması məqsədilə Nəsimi Rayon Polis İdarəsinə qaytarılmışdır. Aparılmış araşdırma zamanı X17 müəyyən edilərək izahatı alınmış və bildirmişdir ki, “həqiqətən mağazaya mallar almaq adı ilə ondan 10000 manat pul almış, lakin həmin pul ilə öz şəxsi borclarını bağlamışdır. Araşdırma zamanı X11 müəyyən edilərək izahatı alınmış və onu, həmçinin X12 tanıdığını, bildirmişdir. Həmçinin qeyd etmişdir ki, işlədiyi binanın yaxınlığında "Pepsi” marketi işlədirmiş. Qədir ilə söhbət zamanı o mağazada malların azaldığını və kimsə borca pul versə mal alıb alveri artıracağını barədə ona demişdir. Söhbət zamanı bu barədə Camiyə demiş və Qədirə borca pul versə mağazasına mal vurmağı və işləri dirçəldəcəyini bildirmişdir. Bu vaxt Cami onda müəyyən miqdar pul olduğunu və Qədir ona qazanc verdiyi halda verə biləcəyini demişdir. Əslində Caminin özünün pulu olacağını bilmirmiş. Müəyyən müddət keçdikdən sonra binanın həyətindən keçən zaman Cami onu görmüş və Qədirin gəlib onunla söhbət etməsini demişdir. Qədirin mağazasında olan zaman ona bu barədə bildirmişdir. 2021-ci ilin iyul ayı olarmış. Tarixləri dəqiq xatırlamır. Həmin vaxt təkrar Cami ilə rastlaşmışdır. Bu vaxt Cami və Qədir aralarında söhbət edirmişlər. Onların öz aralarında razılığa gəldiyini bildirmişdir. Həmin hadisənin üzərindən müəyyən müddət keçdikdən sonra Cami Qədirə 7000 manat, daha sonra 3000 manat olmaqla ümumilikdə 10000 manat pul verdiyini bildirmişdir. Qədir isə həmin pulun üzərindən müəyyən qədər qazanc verəcəyini Camiyə söz vermişdir. Lakin Qədir həmin pulu alsa da, Camiyə geri qaytarmamış və aralarında narazılıq yaranmışdır. Qədirin Camidən pul alması barədə hər hansi marağı olmamışdır. Təsadüfən Qədirə pul lazım olması barədə Camiyə bildirmişdir. Cami də qazanc əldə etmək üçün Qədirə pul vermişdir. Qədir ilə əlbir olmamışdır.” Araşdırmanın yekununda mübahisənin mülki xarakteri münbahisə olması müəyyən edilmiş və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd etmişdir ki, bu müddət ərzində X23 oglu hissə-hissə olmaqla ümumilikdə 190 manat məbləğində pul qaytarmışdır. Qeyd etdikləri cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla sübut olunur. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla müəyyən olunur ki, X16 ondan 10.000 manat məbləğində almış, lakin cəmi 190 manat məbləğində pulu geri qaytarmışdır. Odur ki, onun 9810 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı X15 iddia tələbini qismən müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, 2021-ci ilin iyul ayında Qədirə on min manat pul vermişdir. Cavabdeh həmin məbləği qaytaranda əlavə olaraq 200 manat pul verəcəyini də bildirmişdir. Lakin hazırki vaxta kimi onu müxtəlif bəhanələrlə aldatmışdır. Pulu aldıqdan sonra 790 manat məbləği hissə-hissə qaytarmış, lakin qalan məbləği, yəni 9210 manatı qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh X17 iddia tələbini qismən qəbul edib izahatında göstərmişdir ki, iddiaçıdan qeyd edilən 10000 manat məbləği almışdır. Lakin onu aldatmaq məqsədilə pulu almamışdır. İlk olaraq ondan 7000 manat, daha sonra isə 3000 manat pul almışdır. Aralarında olan razılaşmaya görə 3 ay müddətində həmin məbləği qaytarmalı idi. Hazırda işsizdir. İmkanı olmadığı üçün borcu qaytara bilmir. Aldığı məbləğdən ümumilikdə 790 manat iddiçıya pul qaytarmaqla hazırda 9210 manat borcu qalmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ülvi Hadiyevin 25 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iş yerinin yaxınlığında yerləşən mağazada işləyən X16 ona birgə iş qurub mağazada satış edib gəlir qazandırmaq vədi verərək ondan ümumilikdə 10000 manat pul alaraq həmin məbləği qaytarmaması barədə X8 ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(006)- 121/2022 saylı qərarından görünür ki, X8 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ülvi Hadiyevin 25 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilmiş, qərar qanunsuz hesab edilərək ləğv edilmiş və toplanmış material üzrə araşdırma davam etdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ülvi Hadiyevin 01 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X8 ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. - Araşdırma zamanı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin baş təhqiqatçısı O.Qurbanov tərəfindən X6 alınmış izahatdan görünür ki, Qədir X2 ümumilikdə 10000 manat pul aldığını, həmin məbləği firmaya olan borcuna verdiyini qeyd etmişdir. - 20.12.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 Banka 119 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 Qədir Möhlət oğluna birgə iş qurub gəlir əldə etmək məqsədilə ümumilikdə 10000 manat məbləğində pul vermişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin məbləğdən yalnız 190 manat ödənildiyini qeyd edərək cavabdehdən 9810 manat tələb etmişdir. Lakin məhkəmə iclasında verdiyi izahatında cavabdehin həmin məbləğdən 790 manat qaytardığını bildirməklə iddiasını qismən müdafiə edib cavabdehin 9210 manat borclu olduğunu qeyd etmişdir. Cavabdeh X17 da iddiaçıdan aldığı 10000 manat məbləğdən 790 manat qaytardığını, hazırda iddiaçıya 9210 manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh X17 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X9 iddia tələbini qismən etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X6 9210 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 119 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 119 manat dövlət rüsumunun 6,9 manatı iddiaçıya, 112,1 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X6 iddiaçı X8 xeyrinə 9210 manat və dövlət rüsumu olaraq ödənilmiş 112,1 manat məbləğində vəsait tutulmalı, ödənilmiş dövlət rüsumunun 6,9 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X6 iddiaçı X8 xeyrinə 9210 manat və dövlət rüsumu olaraq ödənilmiş 112,1 manat məbləğində vəsait tutulsun. Ödənilmiş dövlət rüsumunun 6,9 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar