Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-170/2023 05.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 12.100 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 135 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun rəhmətlik X1 əvvəldən tanıdığı hazırkı iddia üzrə Cavabdeh borc olaraq 12.100 manat pul vermişdir. X1 2020-ci ilin dekabr ayının 1-də vəfat etmişdir. Bundan sonra bir müddət onların başı oğlunun yas mərasiminə qarışmışdır. Cavabdeh hətta oğlunun yas mərasimində iştirak edən zaman bildirmişdir ki, oğluna olan borcunu xx.xx.2021-ci il tarixə kimi qaytaracaqdır. Lakin cavabdeh verdiyi vədinə əməl etməmişdir. Onunla əlaqə saxalayanda müxtəlif bəhanələrlə olsa da borcu etiraf edərək yenə də yaxın vaxtlarda borcu qaytaracağına söz vermişdir. Bu səbəbdən də ona inanıb onu gözləmişlər. Lakin sonda onunla əlaqə yaratdıqda cavabdeh bildirmişdir ki, onun onlara hər hansı borcu yoxdur. Cavabdehin Abşeron rayonu ərazisində müvəqqəti yaşadığına və həmin ərazidə avtomobil ustası kimi fəaliyyət göstərdiyinə görə sonda məcbur olub Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinə cavabdehlə bağlı şikayət ərizəsi vermişdir. Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsi tərəfindən ərizələri əsasında icraat başlanılmış və cavabdeh bölmədə vermiş olduğu izahatında rəhmətlik oğluna borcunun olduğunu etiraf etmiş və borcu qısa müddət ərzində qaytaracağını öz şəxsi xətti və imzası ilə təsdiq etmişdir. Lakin cavabdeh növbəti dəfə onları aldatmış və borcu ödəməkdən yayınmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan AZ-İİ 140564 seriyalı, xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İsmayıllı Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 817 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İsmayıllı rayonunda anadan olmuş xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsələrinin dairəsi İsmayıllı şəhər İƏD-nin verdiyi arayışa əsasən müəyyən edilmişdir. Mövcud qanunvericiliyə əsasən mərhumun vərəsəsi atası İddiaçıdur. Məhkəmənin sorğusu əsasında Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanan sənədlərdən görünür ki, cavabdeh verdiyi izahatında bildirmişdir ki, onun mərhum Rövşən Beybutova 10.100 manat borcu var, onu qısa müddət ərzində qaytaracaqdır. Hal-hazırda avtomobil təmir edir. Həmin avtomobilin təmirini 2 ay ərzində bitirəcək və avtomobili satıb pulu Rövşən Beybutovun ailəsinə qaytaracaq. Məhəkəmə iclasında müəyyən edildi ki, X3 əvvəldən tanıdığı hazırkı iddia üzrə Cavabdeh borc olaraq 12.100 manat pul vermiş, X3 2020-ci ilin dekabr ayının 1-də vəfat etmişdir. Hal-hazırda Cavabdeh mərhum Rövşən Beybutova 10.100 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, 135 manat dövlət rüsumunun 23 manatı iddiaçıya aid edilməli, 112 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 23 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-170/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-170/2023
05.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver