Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-174/2023 31.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 600 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə Ağsu rayonu, “Mal” bazarında iribuynuzlu heyvan satarkən tanış olmuşdur. Həmin vaxtdan cavabdehlə münasibətləri yaranmışdır. Calal kömür alveri ilə məşğul olurmuş, cavabdeh söhbətləri əsnasında at almaq istədiyini bildirmiş, o da atını bəyənərsə sata biləcəyini demişdir. İstifadəsində olan ***-***-**-** telefon nömrəsindən “Whatsap” proqramı vasitəsilə Calalın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə atın şəkillərini göndərmişdir. Calal şəkillərə baxdıqdan sonra atın qiymətini soruşmuş və onlar 600 manata razılaşmışlar. 2022-ci ilin iyul ayında atı və benzinlə işləyən odun mişarını 100 manata nisyə olaraq Calala satmışdır. Calal bir müdddət sonra ona Ağsu şəhərində Hüseyn adlı şəxsə kömür satdığını, odun mişarının pulunu gedib ondan almasını iddiaçıya demişdir. Cavabdeh nisyə aldığı atın pulunu bu günə kimi ona qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək göstərdi ki, odun mişarını 3 il qabaq satıb. O, aparata baxanda görüb ki, aparat yararsızdır. Özünə demiş, iddiaçı da heç olmasa 20 manat ver, anam xəstədir demişdir və onlar razılaşmışlar. Amma atı 400 manata almış, iddiaçı onu polisə çağıranda 200 manat vermişdir. Atı 400 manata danışmışlar. Hazırda isə onun cavabdehə 200 manat manat borcu qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmənin sorğusu əsasında Ağsu rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanan sənədlərdən görünür ki, iddiaçı verdiyi izahatında Qaniyev Calal adlı şəxsə aralarında olan şifahi razılıq əsasında 600 manat pul müqabilində ona məxsus atını satmışdır. Həmin şəxs də 600 manat pulun 200 manatını atı aldıqdan iki sonra verəcəyini bildirmişdir. Lakin vəd verdiyi 200 manat pulu bir aydan sonra 120 və 80 manat olmaqla versə də, yerdə qalan 400 manat pulunu indiyə qədər verməkdən boyun qaçırmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Abbasov Tural adlı şəxsdən aralarında olan şifahi razılığa əsasən 400 manat pul müqabilində razılaşmışlar. Atı aldıqdan 10 gün sonra 120və 80 manat olmaqla 200 manat pul vermiş, qalan pulu 200 manat pulu isə imkanı olmadığından bugünə qədər qaytara bilməmişdir. Göründüyü kimi, cavabdeh 200 manat borcu qaytarmadığını özü etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdeh X3 200 manat məbləğində iddiaçıya borcu qalması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən 200 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 22 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 iddiaçı X1 xeyrinə 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-174/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-174/2023
31.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver