Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-193/2023 13.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğluna qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğluna qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğlundan birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 4539,06 manat məbləğində əsas borcun, 807,03 manat məbləğində faiz borcunun, 95,78 manat məbləğində cərimə borcunun, cəmi 5441,87 manat borcun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmirov Elçin Güloğlan oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 24% olmaqla 4815 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizə ilə iddianı müdafiə etməklə mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğlu məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Əmirov Elçin Güloğlan oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə 4539,06 manat əsas, 807,03 manat məbləğində faiz və 95,78 manat məbləğində cərimə borcu vardır. - "xxxx" ASC ilə Əmirov Elçin Güloğlan oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № CP/33572/83/23 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən Əmirov Elçin Güloğlan oğluna 48 ay müddətinə, illik 24% olmaqla 4815 manat məbləğində kredit vermişdir. Cavabdeh Qurbanov Elvin Yadullah oğlu zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və borcluya illik 24 faiz olmaqla 48 ay müddətində 4815 manat kredit verilmişdir. Cavabdeh Əmirov Elçin Güloğlan oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, lakin kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh Əmirov Elçin Güloğlan oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdeh Qurbanov Elvin Yadullah oğlu, digər cavabdeh Əmirov Elçin Güloğlan oğlunun xx.xx.2021-ci il tarixdə bağladığı CP/33572/83/23 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Əmirov Elçin Güloğlan oğlu iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə, cavabdeh Qurbanov Elvin Yadullah oğlu kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC ilə cavabdeh Əmirov Elçin Güloğlan oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, № CP/33572/83/23 saylı kredit müqaviləsi ləğv edilməli, Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğlundan "xxxx" ASC-nin xeyrinə 4539,06 manat məbləğində əsas borc, 807,03 manat məbləğində faiz borcu, 95,78 manat məbləğində cərimə borcu, cəmi 5441,87 manat borc və 75 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə cavabdeh Əmirov Elçin Güloğlan oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, CP/33572/83/23 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Əmirov Elçin Güloğlan oğlu və Qurbanov Elvin Yadullah oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 4539,06 manat məbləğində əsas borc, 807,03 manat məbləğində faiz borcu, 95,78 manat məbləğində cərimə borcu, cəmi 5441,87 manat borc və 75 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-193/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-193/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver