Məhkəmə qərarları › İş №2(016)-200/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-200/2023

02.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-200/2023 02.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 4.930 məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 70 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, caavbdehlə xx.xx.2022-ci il tarixində icarə müqaviləsi imzalamışlar. Sadə yazılı formda bağladıqları müqaviləyə əsasən gündəlik icarə haqqı 13 manat olmaqla Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair yalnız 200 manat ödəniş etmiş, ona məxsus olan mopedi isə özünə qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra isə onunla əlaqə saxlamaq qeyri-mümkün olmuşdur. Başqa sözlə, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. Ödədiyi məbləğ 200 manat da nəzərə alınmaqla ümumilikdə ödəməli olduğu yekun 2.530 manat pul məbləğindən bu günə kimi heç bir ödəniş etməmişdir. İcarə haqqı 2.530 manat icarəçinin istifadəsində olmaqla davam edən Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsulun dəyəri 2.400 manat pul vəsaiti və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödəniməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təhsili ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarə verən ona məxsus olan Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsulu icarəçiyə icarəyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarəçi bu müqavilə üzrə icarəyə götürdüyü məhsulu subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə yalnız İcarəyə verənin razılığı ilə verə bilər. Məhsulun 12 ay müddətində İcarəçinin himayəsində qalması məcburi xarakter daşıyır. Bu 12 aylıq müddət ərzində İcarəçi gündəlik 13 manat olmaqla İcarəyə verən şəxsə ödəniş etməlidir. 12 ayın sonunda isə ödəniş tamamlanıbsa məhsul artıq tamamilə İcarəçinin himayəsinə keçir və sahibkar statusu alır. Əgər müəyyən edilmiş ödəniş şərti pozularsa İcarəçi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunacaqdır. Bu halda, İcarəyə verən şəxsin təzminat tələb etmə hüququ vardır. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi müqaviləsi bağlanmışdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Dragon markalı, LCS1BATF6M1080013 seriyalı mopedin icarəyə verilməsi barədə razılaşmaya əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır. Odur ki, cavabdehdən 4.930 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 4.930 (dörd min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu X1 alınaraq X4 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar