Məhkəmə qərarları › İş №2(016)-202/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-202/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-202/2023 18.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona vurulmuş 3.107,79 manat məbləğində maddi zərərin və ödədiyi 66 manat dövlət rüsumunun alınaraq ona vrerilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 13:20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13.4-cü kmdə zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh idarə etdiyi “Kia Rio” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi “Hyundai Santafe” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 idarə etdiyi Toyota Corolla markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Rio” markalı, 99- EJ-026 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Nəticədə onun idarə etdiyi “Hyundai Santafe” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər ünvan 1 ünvanında yaşayan xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X7 xəsarət almışdırlar. Təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1522 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “Yüngül" zərərvurmaya aiddir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1522 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmadığı qeyd olunmuşdur. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1522 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixdə, saat 13:20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13.4-cü km-də piyada zolağında piyadalar yolu keçən zaman Cavabdeh Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi “Kia Rio” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsini onun idarə etdiyi “Hyundai Santafe” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsinə toqquşdurmuşdur. Zərbənin təsirindən onun avtomobili öndəki X5 idarə etdiyi “Toyota Corolla” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, “Toyota Corolla” ilə önündəki X3 idarə etdiyi “Kia Rio” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobillərə ciddi ziyan dəymişdir. “X17” tərəfindən müəyyən olunan qüsur aktında göstərilir ki, avtomobilə ümumilikdə 6.070 manat ziyan dəymişdir. Bundan əlavə, qəza zamanı qırılan 2 ədəd eynək biri 80 azn olmaqla, cəmi 160 manat ziyan, 300 manat hüquqi xidmətə və hadisə yerindən cərimə meydançasına oradan da diaqnostikaya aparılması üçün evakuator xidmətinə 140 manat ödənilmişdir ki, cəmi ziyan 6.670 manat təşkil edir. Lakin sığorta şirkəti ümumilikdə 3.562,21 manat ödəmişdir. Qalan 6.670- 3.562,21=3.107 manat pul isə cavabdeh tərəfindən ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X11 teleqram göndərərək xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya və Xətai Rayon Məhkəmələrində iclasları olduğu üçün iclasda iştirakının mümkün olmadığını bildirərək, üzürlü səbəbin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin BDYPİ YPXA-na göndərilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X18” markalı “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 6.070 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasl Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3995 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X17” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Santafe” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5.870 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, “Hyundai Santafe” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 5.870 manat müəyyən edilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MM-in 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh MM-in 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, MM-in 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğə qəza zamanı qırılan 2 ədəd eynəyin dəyəri (biri 80 manat olmaqla, cəmi 160 manat), 300 manat hüquqi xidmətə görə çəkilən xərc və hadisə yerindən cərimə meydançasına oradan da diaqnostikaya aparılması üçün evakuator xidmətinə ödənilmiş 140 manat pul daxildir. Həmin məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tələb etdiyi həmin hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş ziyan əvəzi olaraq 2.507,79 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2.507,79 manat məbləğində vəsait alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin 66 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı tələb üzrə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, 66 manat dövlət rüsumunun 13 manatı iddiaçıya aid edilməli, 53 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.507,79 manat və 53 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 13 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar