Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-228/2023 03.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli, “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 10.140,42 manat məbləğində əsas, 1.160,57 manat məbləğində faiz, 1.068,60 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 12.369,59 manat məbləğində borc və ödənilmiş 127,11 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən cavabdehə xx.xx.2022-ci il tarixli, “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 17.5 % faiz hesablanması şərti ilə 60 ay müddətinə 10.385 manat məbləğində kredit verilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka 12.369,59 manat məbləğində borcu qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərdi ki, bankdan qeyd edilən kredit məbləğini götürən zaman işləyirmiş, sonra işdən çıxmış və ödəyə bilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə illik 17,5% faiz hesablanması şərti ilə 60 ay müddətinə 10.385 manat məbləğində kredit vəsaiti vermişdir. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 10.140,42 manat məbləğində əsas, 1.160,57 manat məbləğində faiz, 1.068,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12.369,59 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.068,60 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, iddia tələbinin 127,11 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.140,42 manat məbləğində əsas, 1.160,57 manat məbləğində faiz, 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11.500,99 manat məbləğində kredit borcu və 127,11 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-228/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-228/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver