Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-278/2024 07.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cаvаbdеh Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağsu rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12600 manat pulun, vəkilə ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 129 manat, cəmi 12779 manat pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin avqust ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində işləmiş Cavabdeh Səttar oğlu ilə həmin hərbi hissədə olan əsgər mağazalarını işlətmək üçün müqavilə bağlamaqla mağazaları işlətmişdir. Sonradan icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə yenilənmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı 400 manat müəyyən edilmişdir. İşlədiyi müddətdə Cavabdeh ondan 2021-ci ilin avqust ayında 3000 manat, sentyabr və oktyabr aylarında hər ay üçün 5000 manat, noyabr və dekabr aylarında hər ay üçün 3000 manat olmaqla cəmi 19000 manat pul almışdır. Halbuki, işlədiyi dövrün, yəni 6 ayın icarə haqqı cəmi 2400 manat edir. Cavabdehdən artıq alınmış 16600 manat pulu qaytarmasını tələb etməyinə baxmayaraq, pulu qaytarmaqdan imtina etmişdir. Müraciətinə əsasən Şəmkir Hərbi prokurorluğunda həmin məsələ üzrə araşdırma aparılmış və 15 mart 2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Prokurorluqda aparılmış araşdırma zamanı Cavabdeh izahatında ondan yuxarıda qeyd etdiyi qaydada cəmi 19000 manat pul aldığını etiraf etmiş, hətta izahatı alınmış digər şəxslər də həmin pulların Cavabdeh verilməsini təsdiq etmişlər. Cavabdeh ondan artıq aldığı 16600 manat puldan 4000 manatını qaytarmış, qalan 12600 manat pulu indiyə kimi qaytarmamışdır. Ona görə də həmin məbləğin cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Gədəbəy rayonunda hərbi hissədə mağaza işlətmək üçün həmin rayonda olan hərbi hissənin komandiri Cavabdeh müraciət etmiş və onunla icarə müqaviləsi bağlamışlar. Şifahi qaydada 5000 manata razılaşsalar da tərəflər arasında müqavilə 400 manata rəsmiləşdirmişdir. Belə məbləğ olduqda şəxsən İlqar müəllim ona bildirmişdir ki, ona yardım olunacaq, hamı bu mağazadan alış-veriş edəcəkdir. Hərbi hissədə 3 mağaza fəaliyyət göstərmişdir. Birinci ay 3000 manat ödəniş etmişdir. Çünki 13 gün işləmişdir. Həmin vaxt təxminən avqust ayına təsadüf etmişdir. Hətta ilk ay qazancı olmadığından icarə məbləğini evdən gətirtmişdir. İşini itirməmək üçün həmin məbləği verməli olmuşdur. Düşünmüşdür ki, gələn aylar alver yaxşı gedəcəkdir. Həm də az müddətdə qazanc düşünmək də olmazdı. İkinci və üçüncü aylar 5000 manat vermişdir. Üçüncü ayı hərbi qulluqçu Kamrana hərbi hissədən kənarda, digər ayları isə hərbi qulluqçu Rəşad adlı əməkdaşa hərbi hissədə vermişdir. Mağazada şirniyyat, çay və başqa qidalar satmışdır. Kafe işlətmək istəmiş, qadın aşpaz gətirsədə qoymamışlar. Ona söz verildiyi kimi hamı ondan alver etsəymiş yaxşı qazanc əldə etmiş olarmış. Cavabdehlə aralarında iki dəfə müqavilə bağlanmışdır. Birinci müqavilədən sonra oktyabr ayında yoxlama olmuş və oktyabrda yeni müqavilə bağlanmışdır. Birinci bağlanılan müqavilənin onda heç bir nüsxəsi qalmamışdır. Sonradan ikinci müqavilə birinci müqavilənin şərtləri əsasında yenilənmişdır. İlk müqavilə sənəd olaraq çıxarılmışdır. Lakin həmin dövrlər üçün qaz və işıq pulları ödənilmiş və onlarla sübut olunur ki, ikinci müqavilədən əvvəl də orada fəaliyyət göstərmişdir. Sonuncu ayın hesabatını verə bilməmişdir, ondan tələb edilmişdir ki, bir həftəyə oranı boşaltsın. Beləliklə 2021-ci ilin avqust ayında 3000, sentyabr və oktyabr aylarında hər ay üçün 5000, noyabr və dekabr aylarında isə hər ay üçün 3000 manat olmaqla ümumilikdə 19000 manat məbləğində icarə pulu vermiş, cavabdeh tərəfindən ondan artıq alınmış 16600 manat puldan 4000 manatı onun hərbi prokurorluğa şikayət etdiyi dövrdə qaytarılmışdır. Hətta Korpusdan yoxlama gələn zaman da orada ona bildirmişlər ki, aylıq 5000 manat ödəniş edə bilirsənsə işlə, aylıq 5000 manat ödəniş edə bilmirsənsə mağazaları təhvil ver. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, cavabdeh 12779 manat məbləğinə qarşı iddia qaldırmışdır. Lakin məhkəmə iclasında 19000 manat məbləğində pul alması təsdiqini tapmışdır. Müqavilə üzrə 400 manat ödəməli olduğu halda, ümumilikdə 19000 manat pul alınmışdır. Müqavilədə göstəriləndən artıq pul alınmışdır, iddiaçı həmin pulu ödəməkdə məqsədi qazanc əldə etmək olmuşdur, lakin heç bir qazanc əldə edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, zabit tanışı ona zəng edərək İddiaçı işlə təmin edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt hərbi hissəyə yeni təyin edilmişdi. İddiaçı gəlmiş və onlar görüşmüşlər. Həmin vaxtlar hərbi hissənin vəziyyəti çətin imiş. Tapşırığa əsasən tikinti, quraşdırma işləri həyata keçirilməli imiş və onun rəhbərliyi ilə həmin işlər mağazadan əldə edilən gəlirlər hesabına həyata keçirilmişdir. Həmin məbləğlərin də hara xərclənməsinin hamısının sənədləri və sübutları vardır. Hərbi Prokurorluqda qeyd olunan fakt araşdırılmış və hamısı təsdiqini tapmışdır. İddiaçı ilə ilk vaxtdan icarə haqqı 5000 manata razılaşdırılmışdır. O, da avqust ayında həmin məbləğlə razılaşaraq işləməyə başlamışdır. Avqust ayı tam işləmədiyi üçün 3000 manat ödəmiş, sentyabr və oktyabr aylarında hər ay üçün 5000 manat ödəmiş, qış aylarında əsgərlər postlardan hərbi hissəyə tam düşə bilmədikləri üçün 3000 manat ödəmişdir. Hərbi hissənin həyətində 3 mağaza var idi. Hərbi hissədə 2000 nəfərdən artıq qulluq edən hərbiçi var imiş. Əvvəlki vaxtlarda icarə məbləği ilə aralarında söhbət yox imiş. Lakin son aylarda qeyd etdiyi kimi qış olduğu üçün alver səngimişdir. İki dəfə antisanitariya vəziyyətinə görə mağaza bağlanmışdır. Sonuncu ay işləyə bilmədiyini söylədikdə çıxmasını bildirmişlər. Hazırda iddiaçı həmin məbləği ilk aylarda da qazana bilmədiyini qeyd edir, elə olduğu halda gərək işi davam etdirməyəydi. Ondan əvvəl və sonra da mağaza 5000 manata icarəyə verilmişdir. Həmin dövrdə də həmin mağazanı 5000 manata icarəyə istəyən olmuşdur, əgər İddiaçı razılaşmasa imiş onlara verəcəkmiş. Həmin icarə pulunun hesabına post tikilmiş, başqa abadlıq işləri həyata keçirilmişdir. Mağazada əlavə olaraq çay satışısını da həyata keçirirdi, bir ara dönər satışını da təşkil etmişdir, lakin göstərişə əsasən dönər satışı sonradan yığışdırılmışdır. Orada kimsə məcburi işlədilməmişdir. Həmin məbləği ödəyə bildiyi üçün işini davam etdirmişdir. Qeyd edilən xüsusatlar iddiaçının atasının şikayəti əsasında Şəmkir hərbi prokurorluğu tərəfindən araşdırılmış, həmin mağazanın icarə haqqından gələn gəlirlərin hərbi hissənin abadlaşdırılmasına xərcləndiyi təsdiqi tapmış və bu səbəbdən cinayət işinin başlanması rədd edilmişdir. Onun tərəfindən iddiaçı aldadılmamışdır, ilk öncədən icarə haqqı 5000 manata razılaşdırılmışdır, əvvəldən başqa məbləğ danışılıb, istifadə müddətində artıq məbləğ alınsa idi, iddiaçının hüquqları pozulmuş olardı. Müqavilədə 400 manat formal olaraq köhnə müqavilə üzərində işləndiyi üçün qalmışdır. İddiaçı mağazalardan istifadə üçün aylıq 5000 manat icarə haqqı ödəmək şərti ilə razılaşaraq həmin obyektlərdən istifadə etmişdir. Bu istifadə 6 ay ərzində davam etmiş, həmin dövrdə etiraz etməmişdir. Qeyd olunan hadisədən həmin dövrdə Korpusun komandanlığının da məlumatı var imiş. Belə ki, sonuncu söhbət zamanı Korpusdan gələn nümayəndə heyəti iddiaçıya aylıq 5000 manat ödəniş edə bilirsənsə işlə, əks halda mağazaları təhvil ver demişdir. Obyekti tərk etdikdən sonra etiraz etməyə başlamışdır. Sonradan hərbi prokurorluğa şikayət etmiş və şikayəti təmin edilməmiş, həmin dövrdə tanışlarının xahişi ilə 4000 manat verməsinin səbəbi isə iddiaçının maddi vəziyyətinin pis olması olmuşdur, göründüyü kimi onu da səhf etmişdir, həmin pulun geri qaytarılmasını da tələb etməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cаvаbdеh Cavabdeh vəkili Nümayəndə2 məhkəmə iclasında göstərdi ki, iddiaçının atası Əlsaat Məmmədov tərəfindən verilmiş şikayət ərizəsi əsasında Şəmkir Hərbi prokurorluğu tərəfindən araşdırma aparılmış və toplanmış materiallar üzrə 15 mart 2023cü il tarixli qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığı əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir. Prokurorluğun rədd qəraraından göründüyü kimi Cavabdeh ilə hərbi hissədəki obyektlərin tikintisinə pul lazım olduğundan mağazaları icarə müqaviləsi ilə işlətmək üçün İddiaçı arasında olan danışıqlara görə aylıq müqaviləni 400 manata bağlamış, lakin aylıq 3000 və 5000 min manat pul ödənişi etməsini İddiaçı öhdəsinə götürməklə razılaşaraq mağazalar şəbəkəsini işlətmiş və qeyd edilən müddətdə İddiaçı danışıqlarına görə cəmi həqiqətən 19000 manat pul almış və həmin pulların hamısını hərbi hissənin obyektlərinin tikintisi üçün alınan materiallara ödəmişdir. Lakin iddiaçı o vaxtdan 2 ildən artıq vaxt keçdikdən sonra tam əsassız olaraq qərəzli şəkildə düzgün olmayan iddia tələbi qaldırmışdır. İddiaçı mağazaları yalnız aylıq 400 manat müqabilində işlətməyə müqavilə bağlamağı razılaşmışdısa, onda nə üçün birinci ayı 3000 manat verirdi? Sonrakı aylarda da 3000-5000 manat pul ödənişini etməzdi. Onun hazırda göstərdiyi kimi danışıq şərtləri olmuş olsaydı, elə birinci ayın sonunda mağazaları işlətməkdən imtina etməli idi. Bunlar isə edilməmişdir. Göründüyü kimi iddiaçı 5 ay ərzində qeyd edilən mağazaları işlətməkdə əldə etdiyi qazancdan 19000 manatı cavabdehə vermişdir. Əgər birinci ay iddiaçı 3000 manat əlavə qazanc əldə etməsəydi, əlbəttə ki, mağazaları işlətməzdi. Özündən 3000 manat pulu verməsi və sonra mağazaları işlətməsinin inandırıcı olması qəbul edilən deyildir. Bu da göstərir ki, birinci ayda 3000 manatdan, sonrakı aylarda isə 5000 manatdan artıq qazanc əldə etmişdir ki, mağazaları işlətməkdə davam etdirmişdir. Yəni cavabdehə verilmiş pullardan əlavə olaraq qazanclar əldə etmişdir. Görünür əldə etdiyi qazanclar sonda onu təmin etməmişdir. Cavabdeh isə araşdırmaya əsasən iddiaçıdan əldə etdiyi pulların hamısını hərbi hissənin tikinti işinə sərf etmişdir. Hətta özündən də əlavə olaraq hərbi hissənin tikintisinə pul sərf etmişdir. Odur ki, göstərilənləri nəzərə alıb İddiaçı iddia tələbini bütünlüklə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəmkir hərbi prokurorunun böyük köməkçisi vəzifəsini icra edən A.Hacızadənin 15 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İddiaçı hərbi hissənin ərzaq mağazalarını sonuncuya icarəyə verərək 2021-ci ilin avqust ayında 3000, sentyabr və oktyabr aylarında hər ay üçün 5000, noyabr və dekabr aylarında isə hər ay üçün 3000 manat olmaqla, ümumilikdə icarə haqqı kimi 19000 manat pul alması əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Cavabdeh İddiaçı rüşvət alması faktı öz təsdiqini tapmadığından bu hissədə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, onun həmin əməli Azərbaycan Respublikası İXM-nin 398-ci maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən İddiaçı gəlir əldə etməməsi onun ziyanı tamamilə ödəməsi kimi başa düşülmüş, həmin maddənin qeyd hissəsinə və həmin məcəllənin 53.1.10-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraatın başlanması rədd edilmişdir. - N nömrəli hərbi hissənin komandiri Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, N nömrəli hərbi hissədə yerləşən N kv.m sahə əsgər mağazası (kafe) kimi işlədilməsi üçün 1 il müddətinə 400 manat aylıq icarə haqqı müqabilində İddiaçı icarəsinə verilmişdir. - 17 avqust 2021-ci ildə N nömrəli hərbi hissənin komandiri Cavabdeh ilə İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. - 17 avqust 2021-ci ildə N nömrəli hərbi hissənin komandiri Cavabdeh ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə imzalanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh hərbi hissənin əsgər mağazalarını işlətməsi üçün ona müraciət edən İddiaçı ilə qarşılıqlı razılıq əsasında sonuncuya icarəyə vermiş, özünün razılığı ilə iddiaçıdan mağazaların ona icarəyə verilməsi müqabilində 2021-ci ilin avqust ayında 3000, sentyabr və oktyabr aylarında hər ay üçün 5000, noyabr və dekabr aylarında isə hər ay üçün 3000 manat pul olmaqla, qeyd edilən aylarda ondan ümumilikdə 19000 manat pul almışdır. Tərəflər arasında ilk müqavilə 2021-ci ilin avqust ayının ortalarında bağlanmış, həmin müqavilə xx.xx.2021-ci il tarixdə yenidən bağlanmaqla yenilənmişdir. İlk müqavilə iş materiallarına əlavə edilməmiş və məhkəmə araşdırması zamanı da məhkəmnəyə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin şərtinə əsasən hərbi hissədə yerləşən N kv.m sahə əsgər mağazası (kafe) kimi işlədilməsi üçün 1 il müddətinə 400 manat aylıq icarə haqqı müqabilində İddiaçı icarəsinə verilmişdir. Yazılı müqavilədə aylıq icarə haqqı 400 manat qeyd edilsə də, tərəflər arasında şifahi razılaşma 5000 manat olmuş və iddiaçı cavabdehə şifahi razılığa uyğun ödənişlə icarə münasibətlərini həyata keçirmişlər və iddiaçı cavabdehə işlədiyi dövr üçün ümumilikdə 19000 manat ödəmişdir. Bu hal iş materiallarında olan sənədlərlə, eyni zamanda məhkəmə iclaslarında tərəflərin verdikləri izahatları ilə də təsdiqini tapmışdır. Hazırda iddiaçı yazılı müqavilədə qeyd edilən məbləğdən artıq ödədiyi pulun geri qaytarılması ilə bağlı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə icarə haqqı olaraq verilən məbləğin tərəflərin qarşılıqlı şifahi razılaşdığı məbləğ olduğunu, iddiaçı tərəfindən ona hər hansı artıq ödəniş edilmədiyini və bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsidir. Həmin müqavilə yazılı qaydada bağlanarkən tərəflər icarə haqqı kimi ödənilməli olan məbləği ilk olaraq şifahi qaydada razılaşdırmışlar və bununla bağlı cavabdeh oferta (müqavilə bağlamaq təklifi) göndərmiş və iddiaçı həmin təklifi aksept (təklifin qəbulu) etmişdir. Yəni yazılı müqavilədə aylıq icarə haqqı 400 manat qeyd edilsə də, tərəflərin şifahi razılaşmasına əsasən aylıq icarə haqqı 5000 manat müəyyən edilmiş və iddiaçı qeyd olunan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflərin qarşılıqlı razılaşmasına əsasən icarə münasibətləri davam etmiş və iddiaçı şifahi razılığa əsasən müəyyən edilmiş məbləği aylıq etiraz etmədən cavabdehə ödəmişdir. Müqaviləyə qədərki danışıqlar tərəflərin məhkəmə araşdırması zamanı verdiyi izahatları ilə bir daha təsdiqini tapmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər müqaviləyə qədər danışıqlar əsasında əsgər mağazalarının işlədilməsi üçün ödənilməli olan icarə haqqının məbləğini aylıq 5000 manat müəyyən etmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin qarşılıqlı şifahi razılıqdan kənar pul ödəməsi və cavabdeh tərəfin isə qarşılıqlı şifahi razılaşmada müəyyən edilmiş məbləğdən əlavə pul tələb etməsi və alması öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, tərəflər yazılı müqavilə bağlamadan şifahi qaydada müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşılıqlı şifahi razılıqdan kənar pul ödəməsini, cavabdehin qarşılıqlı şifahi razılaşmada müəyyən edilmiş məbləğdən əlavə pul tələb etməsini və almasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bunun əksi olaraq cavabdeh iddiaçı ilə mağazalardan istifadəyə görə aylıq 5000 manat icarə haqqı ödənilməsinə dair şifahi razılıq əldə edildiyini, bundan sonra iddiaçının həmin mağazalardan istifadə etdiyini və qarşılıqlı razılıqda nəzərdə tutulandan artıq ondan pul alınmadığını məhkəmə araşdırması zamanı sübut etmişdir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-278/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-278/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver