Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-281/2025 07.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2.640 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun daimi qeydiyyatı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndinədir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Rəsmi iş yerindən minimal maaş aldığına görə axşamları Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında da işləyir. İşlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı Cavabdeh 2024-cü ilin avqust ayında ona bildirmişdir ki, işlədiyi polkalarda mal çatışmır, işlətdiyi polkada ləvazimatları satmağa malı az olduğuna görə alver edə bilmir. Bu səbəblə ona 2.000 manat pul tapmağını xahiş etmişdir. O, cavabdehə kartla bankdan pul götürüb verəcəyini bildirmiş, cavabdeh ona bildirmişdir ki, bank faizləri də daxil olmaqla ona bankdan verəcəyi 2.000 manata qarşı 8 ay içində hər ay 400 manat olmaqla ona 3.200 manat ödəyəcəyi barədə şifahi öhdəlik götürmüşdür. O, bankdan 5.700 manat götürmüşdür. O, işləyərək 8 aya hər ay ona 400 manat olmaqla, cəmi 3.200 manat veməyi öhdəlik götürsə də öhdəliyi düzgün icra etməmişdir. O isə bank borcunu danışdığı qaydada banka qaytara bilmir. Cavabdeh ondan götürüb alver məqsədilə istifadə etdiyi pulları aylara bölərək öhdəliyə görə ona qaytarmalı idi. 3 aya öhdəlik üzrə 1.200 manat qaytarmalı olduğu halda, ona hazırda 560 manat qaytarmışdır. Qalan borclarını isə vaxtı çatmadığına görə qaytarmadığını bəhanə edir. O, cavabdehdən pulları öhdəliyə görə tələb etsə də o “Cop 29”-la əlaqədar iş olmadığını bəhanə edərək ondan götürdüyü pulu qaytarmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Verilən suallara cavab olaraq iddiaçı bildirdi ki, cavabdeh ondan aldığı borcdan 560 manat deyil, 600 manat qaytarmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı ona faizə 2.000 manat pul verib, ayda 400 manat ödəmək şərti ilə pulu ona bank kartı vasitəsilə göndərib. Puldan 600 manat ödəniş etmişdir, iddiaçıya 1.400 manat borcu qalıb. O, ticarətlə məşğul olurmuş, iş yeri bağlandığı üçün ödəniş edə bilməmişdir. Qalan borcundan da hər ay 50 manat ödəniş edə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli PL000000138 nömrəli İstehlak kredit müqaviləsinə Əlavə No.1 Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, bank tərəfindən İddiaçı illik 22.9 % faiz dərəcəsi olmaqla 31 ay müddətinə 5.700 manat məbləğində kredit verilmişdir. - “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Cavabdeh məxsusdur. - Tərəflər arasında olan “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh iddiaçıdan götürdüyü 2.000 manat və 8 ayın bank faizi olan 600 manat məbləğində pulu ona ödəyəcəyini öhdəsinə götürmüşdür. - Mənzil Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Gen. Mehmandarov küçəsi, 76 saylı evin 110 nömrəli mənzilində Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Məhəkəmə iclasında müəyyən edildi ki, İddiaçı bankdan kredit götürərək Cavabdeh 2.000 manat pul vermiş, cavabdeh həmin məbləğdə pulu 8 ayın bank faizi ilə (2.000+600=2.600 manat) birgə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh borcundan ümumilikdə 600 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. 40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-281/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-281/2025
07.04.2025 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver