Məhkəmə qərarları › İş №2(016)-282/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-282/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-282/2025 15.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı “alimentin artırılması” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “alimentin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı alimentin artırılması ilə bağlı tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətindəki dəyişikliklə deyil, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə məhkəmə qaydasında baxıla bilməz. Hakim izah edir ki, iddiaçı ona təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizə ilə icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və MPM-in 153, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “alimentin artırılması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya ona təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizə ilə icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar