Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-283/2023 25.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X8, Cavabdeh X3 iştirakları ilə, İddiaçı X8 cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1.450 manat məbləğində borcun, 100 manat iddia ərizəsinin tərtib edilməsi üçün xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş 35 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdən X4 adına olan qeydiyyat nömrəsi **-SZ-*** Toyota Prius avtomobilini idarə etmək üçün etibarnamə vermişdir. Həmin tarixdən X6 yol-hərəkəti qaydalarını poza-poza cərimələr və qəza etmişdir. 15 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov küçəsində X6 yol qəzası törətmiş, nəticədə ona şəxsi mülkiyyət hüququnda məxsus olan Toyota Prius markalı, **-SZ-*** nömrəli avtomobilinə texniki ziyan dəymişdir. Qəza sürücü X3 günahı üzündən baş vermişdir. Törətdiyi qəzada özü günahkar olduğu üçün sığorta ödənişi təsdiq etməmiş və o, vadar olub avtomobilin təmirini öz vəsaiti hesabına təmir etdirmişdir. Dəymiş ziyan 500 manat təşkil etmişdir. Müəyyən vaxtdan sonra ona SMS Radar proqramı vasitəsi ilə məlumat gəlmişdir ki, maşın həbsə gedəcək. Maşına olan ümumi cərimə borcu xx.xx.2022-ci il tarixinə 622 manat təşkil etmişdir. Avtomobil cərimə meydançasına yerləşdirilməsin deyə, eyni zamanda DYP cərimələrinin vaxtında ödənişi üçün o, cavabdeh X3 əvəzinə onun sözünə inanaraq xx.xx.2022-ci il tarixdə 622 manat DYP cərimələrinin bir qismini ödəmişdir. Ondan borcu götürməkdə məqsəd ona etibarnamə ilə verdiyi avtomobili idarə edərkən DYP cərimələrini ödəməməyi olmuşdur, cavabdeh də öz növbəsində ona həmin məbləği dekabr ayının sonuna kimi qaytarmağı söz vermişdir. xx.xx.2022-ci il tarixə yalnız DYP cərimələr üçün olan borcu 622 manat təşkil etmişdir. Həmin borcun 450 manat hissəsini xx.xx.2022-ci il tarixdə, 172 manat hissəsini isə dekabr aynın sonuna kimi qaytaracağı barədə qəbzə imza edərək razılaşmışdır. Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Nurlan Kazımov izahatında borcunun 1.227 manat olmasını etiraf etmişdir. Halhazırda üzərinə düşən heç bir öhdəliyi icra etmir. Uzun müddət keçməsinə baxmayaraq borcu ödəmir. O, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. xx.xx.2023-cü il tarixində Kazımov Nurlana aid olan DYP cərimələrinin üzərinə dəbbə pulu gəlməklə yerdə qalan borcu məcburən ödəmişdir ki, maşın həbsə yenidən getməsin. Nəticədə xx.xx.2023cü il tarixinə əks olunan borc şişib 650 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə Kazımov Nurlan öz imzası və sərbəst iradəsi ilə qəbzə (iltizama) imza etmiş və eyni zamanda polisdə etirafedici izahat vermişdir. Pulu geri qaytarmaqdan yayınır. Müxtəlif bahənələr gətirərək borcu qaytarmır. Ondan savayı, razılıqlarına əsasən gündəlik ödənişindən ona qrafikə əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixinə olan 12 gün üçün 1 günü 25 AZN-dən hesablanan 300 manat ödənişi ödəməkdən də imtina etmişdir. Kazımov Nurlanın ona olan toplam məbləğdə 1.450 manat borcu: 1.650 AZN DYP cərimələri, 300 AZN qrafikə əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixinə olan 12 gün üçün 1 günü 25 AZNdən olan borcu; 500 AZN isə maşını avtoqəza etdiyinə görə borcların qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin qismən təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh borcundan 200 manat pul vəsaitini ödəmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, yol hərəkəti qaydalarını pozuğuna görə onun 622 manat inzibati cəriməsi var idi, onu iddiaçı ödəyib. Qəza nəticəsində 500 manat yox, 370 manat ziyan dəymişdi. Pulu ödənilməyən günlər on gündür. Bir günü 25 manatdan 250 manat edir. İddiaçıya olan borcundan 200 manat ödəyib. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X1 Günel Tahir qızından 28 noyabr 2022-ci il tarixdə 622 manat borc pul aldığını, həmin borcun 450 manat hissəsini xx.xx.2022-ci il tarixdə, 172 manat hissəsini isə dekabr ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. İş materiallarından olan Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin 09 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş X9 mülki mühakimə icraatı qaydasında məhkəməyə müarciət hüququ izah olunmuşdur. Məhəkəmə iclasında müəyyən edildi ki, iddiaçı mülkiyyətinə olan “Toyota Prius” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi xidməti göstərmək üçün etibarnamə əsasında cavabdehə vermişdir. Lakin tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh avtomobildən taksi xidməti göstərmək üçün istifadə edərək iddiaçıya bir gün üçün 25 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh avtomobili istifadə etdiyi müddətdə yol hərəkəti qaydalarını pozuğuna görə onun 622 manat məbləğində cərimə borcu yaranmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə, “Toyota Prius” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavadehin təqsiri üzündən 370 manat məbləğində ziyan dəymiş və həmin ziyan da iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, cavabdehin avtomobilin icarəsinə görə iddiaçıya 250 manat borcu vardır. Cavabdeh iddiaçıya olan borcundan 200 manat məbləğini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, cavabdehdən iddiaçının xeyrinə 1.042 manat məbləğində pul tutulmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.http://e-qanun.az/files/code/data/0/c_c_8.htm MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin “iddia ərizəsinin tərtib edilməsi üçün xidmət haqqının tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsi üçün 100 manat məbləğində xidmət haqqının ödənilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun 7,18 manatı iddiaçıya, 27,82 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 1.042 manat və dövlət rüsumu olaraq ödənilmiş 27,82 manat məbləğində pul vəsaiti iddiaçı X8 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7,18 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-283/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-283/2023
25.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver