Məhkəmə qərarları › İş №2(016)-293/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-293/2023

15.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-293/2023 15.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona borclu qaldığı 1600 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Sığırlı kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Özünə məxsus olan pay torpaq sahəsində nar ağacları əkməklə ağacların barından əldə olunmuş gəlir hesabına ailəsini dolandırır. Hər il olduğu kimi 2021-ci ilin məhsulunu yığıb qış aylarında satmaq üçün özünə məxsus evdə saxlamışdır. 2022-ci ilin mart ayında cavabdeh ona yaxınlaşaraq nar almaq istədiyini bildirdi. Onunla narın 1 kiloqramını 1 manata razılaşmışlar. 1600 kq nar almış və pulunu bir neçə günə qaytaracağını bildirmişdir. Bir neçə gün aylara dönmüş. Cavabdehə dəfələrlə zəng edərək pulunu istəsədə hər dəfə yalan vədlərlə aldatmağa davam etmişdir. Məcbur olub Kürdəmir RPŞyə müraciət etmişdir. Kürdəmir RPŞ-nin İTB-də araşdırma aparılmış və cavabdehin həqiqətən ona 1600 manat pul borclu olduğunu bildirmişdir. Yenə də tez bir zamanda geri qaytaracağını bildirsədə nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında göstərdi ki, İddiaçı onun oğludur. Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Cavabdeh oğlundan nar almağa gələrkən həyətdə olmuşdur. Narın kilosunu 1 manata almağa razılaşdılar. Lakin həmin vaxt cavabdehin pulu olmadığından narı sataraq bir neçə gündən sonra pulunu qaytaracağını bildirərək məhsulu nisyə almışdır. Sonradan isə vəd etdiyi pulu qaytarmamışdır. Məhkəmə iddiaçını və şahidi dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, aparılmış araşdırmanın nəticəsinə dair arayışa əsasən Kürdəmir rayon Sığırlı kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə yazaraq təxminən 1 ay bundan öncə Ağsu rayon Kəndoba kənd sakini Rafiq adlı şəxsə 1538 manat dəyərində nar məhsulu satdığını, lakin həmin şəxsin bu günə kimi onun pulunu vermədiyini bildirmişdir. Talıblı X5 RPŞ-nə verdiyi izahatında İddiaçı tanıdığını, təxminən 1 ay bundan öncə Babəkdən 1538 manat dəyərində nar məhsulu aldığını və həmin nar məhsulunu Göyçay rayonuna nisyə verdiyini, həmin şəxslərdən pulunu ala bilmədiyi üçün Babəkin pulunu qaytara bilmədiyini, yaxın müddətdə həmin məbləği qaytaracağına söz verdiyini bildirmişdir. - Cavabdeh Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, təxminən 1 ay bundan öncə Babəkdən 1538 manat dəyərində nar məhsulu almış və həmin nar məhsulunu Göyçay rayonuna nisyə vermiş, həmin şəxslərdən pulunu ala bilmədiyi üçün Babəkin pulunu qaytara bilməmiş, yaxın müddətdə həmin məbləği qaytaracağına söz verdiyini bildirmişdir. - 13.02.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankına 40 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı satmaq üçün 1538 manat dəyərində nar məhsulu götürmüşdür. Həmin məhsulun dəyərini bir neçə günə qaytaracağını öhdəsinə götürsədə cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh göstərilənləri Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən nar məhsulunun dəyəri olan 1600 manat pulu tələb etsədə Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciətdə cavabdehə 1538 manat dəyərində nar məhsulu satdığın qeyd etmiş, cavabdeh isə iddiaçıdan 1538 manatlıq nar məhsulu götürdüyünü, həmin məbləği iyun ayının sonuna kimi qaytaracağına söz vermişdir. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasında 1538 manat dəyərində nar məhsulu satdığını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 1,55 (bir manat əlli beş qəpik) manatı iddiaçıya, 38,45 (otuz səkkiz manat qırx beş qəpik) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1538 (bir min beş yüz otuz səkkiz) manat və dövlət rüsumu olaraq ödənilmiş 38,45 (otuz səkkiz manat qırx beş qəpik) manat məbləğində vəsait tutulmalı, ödənilmiş dövlət rüsumunun 1,55 (bir manat əlli beş qəpik) manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1538 (bir min beş yüz otuz səkkiz) manat və dövlət rüsumu olaraq ödənilmiş 38,45 (otuz səkkiz manat qırx beş qəpik) manat məbləğində vəsait tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,55 (bir manat əlli beş qəpik) manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar