Məhkəmə qərarları › İş №2(016)-309/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-309/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-309/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2.277,40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-35/2023 saylı hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Üzərinə Ağsu rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Məhkəmə hökmünün icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 35653487 nömrəli elektron nəzarət vasitəsi komplekti tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Elektron nəzarət vasitəsinə 01 ədəd mobil qurğu, 01 ədəd qolbaq, 01 ədəd enerji adapteri və naqili daxildir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, Tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol məhkum Cavabdeh və İddiaçı əməkdaşı tərəfindən imza edilmişdir. Məhkum Cavabdeh xx.xx.2023-cü il saat 11:00 radələrində İddiaçınə gələrək ona təhkim edilmiş elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğunu itirdiyini bildirmiş, mobil qurğunu tapacağına söz vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli izahatında məhkum Cavabdeh bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, mobil qurğunu əkin sahəsindən tapmışdır. Mobil qurğunu tapdıqdan sonra onu enerji ilə doldurmaq üçün elektrik şəbəkəsinə qoşsa da, lakin mobil qurğu işləməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və məhkuma yeni dəst elektron nəzarət vasitəsi tətbiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəydən məlum olmuşdur ki, “Attenti” markalı 35653487 nömrəli mobil qurğunun ana platasının elementlərində korreziya müşahidə edilmişdir. Həmin rəydən məlum olmuşdur ki, qeyd edilən mobil qurğunun təmiri mümkün olmamış və istifadəyə yararsız olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsi tərəfindən təqdim edilmiş cədvəldə mobil nəzarət qurğuları xüsusi proqram təminatı və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2.277,40 manat təşkil etdiyi bildirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, taxıldan malların çıxarılması üçün getmiş, evə qayıdanda görmüşdür ki, ona təhkim edilmiş elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğu üstündə yoxdur. Sonra qurğunu axtarmaq üçün getmiş, lakin axşam olduğu üçün mobil qurğunu tapa bilməmişdir. Səhəri gün şöbəyə gələrək mobil qurğunu itirdiyini bildirmiş, icra məmuru da ona demişdir ki, mobil qurğunu tapmasan qurğunun dəyəri səndən tutulacaq. O da malları çıxardığı yerlərə təkarar baxanda mobil qurğunu tapmış, sonra məlumat vermişdir. O, mobil qurğunu tapdıqdan sonra onu enerji ilə doldurmaq üçün elektrik şəbəkəsinə qoşsalar da mobil qurğu işləməmişdir. O, heç yerdə işləmir, pulu ödəyə bilməyəcəkdir. Bu səbəbdən, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-35/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Üzərinə Ağsu rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. - “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı, 35653487 nömrəli elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Komplektə daxildir: 01 ədəd elektron qolbaq, 01 ədəd mobil qurğu, 01 ədəd enerji adapteri. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. - “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğunun işləmədiyi məlum olmuşdur. Məhkum Cavabdeh izahatında bildirmişdir ki, mobil qurğunu əkin sahəsini sulayarkən itirmiş və mobil qurğu iki gecə açıq havada qaldığı üçün nəm çəkmiş və nəticədə yararsız hala düşmüşdür. Bu səbəbdən, ona yeni dəst 35631313 nömrəli “ATTENTİ” markalı nəzarət vasitəsi tətbiq edilmişdir. - “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin materialların dəyərlərinin nəzarət subyektlərindən tutulması, eyni zamanda mobil nəzarət qurğularının dəyəri xüsusi proqram təminatı ilə birlikdə 2.277,40 manatdır. Beləliklə, işin həqiqi halları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-35/2023 saylı hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Ağsu rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İddiaçı icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola əsasən məhkum Cavabdeh oğluna “Attenti” markalı, 35653487 nömrəli elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Komplektə daxildir: 01 ədəd elektron qolbaq, 01 ədəd mobil qurğu, 01 ədəd enerji adapteri. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, protokol məhkum və icra məmuru tərəfindən imzalanmışdır. Cavabdeh təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidə olunmuşdur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Məhkəmə araşdırılması zamanı mobil nəzarət qurğularının dəyərinin xüsusi proqram təminatı ilə birlikdə 2.277,40 manat olması iş materiallarına əlavə edilmiş sənədlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən elektron nəzarət vasitəsi zədələnməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mobil nəzarət qurğusuna zərər məhz cavabdeh tərəfindən vurulduğundan, vurulmuş ziyan cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.277,40 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar