Məhkəmə qərarları › İş №2(016)-313/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-313/2024

30.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-313/2024 30.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 3.496 manat məbləğində borc pulun, habelə dövlət rüsmu kimi ödənilmiş 55 manatın alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qonşusudur. Rəsmi pasport qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndinə olsa da, faktiki olaraq yaşadığı ünvanla qonşu olan ünvan 2 küçəsi, 3 ünvanında yerləşən evdə yaşayır. 2020-ci ilin sonlarında Cavabdeh ondan borc pul istəmiş və onu inandırmışdır ki, vaxtı-vaxtında hissəhissə qaytaracaq. Ona tam etibarı olmadığı üçün, borc verməkdən imtina etmək istəmiş, lakin cavabdehin təkidlərini və borc pulu rəsmi qaydada, notariusda müqavilə bağlamaq yolu ilə almasını nəzərə alaraq 18 dekabr 2020-ci ildə Cavabdeh 4.600 manat məbləğində borc pul vermişdir. Cavabdehin verdiyi vədinə görə qeyd olunan məbləğdə pulu ona hissəhissə qaytaracaq və 18 dekabr 2024-cü ilədək onu tam bağlayacaq. Bir müddət sonra Cavabdeh borc puldan qaytarmağa başlasa da, sonradan aylarla ona pul verməmiş, dəfələrlə özünə, anasına müraciət edəndən sonra borcdan müəyyən qədər qaytarmışdır. Cavabdehə borc pul verdiyi vaxtdan 3 ildən çox vaxt keçməsinə baxmayaraq, 4.600 manat puldan ona cəmi 1.104 manat pul qaytarmışdır. Bu məbləğdə pulu cavabdeh ona hər dəfə 138 manat olmaqla 8 dəfəyə qaytarmışdır. Son dövrlərdə Cavabdeh ona qətiyyən pul qaytarmamış, sonuncu dəfə ona 138 manat məbləğində qaytardığı pul 2023-cü ilin avqust ayına təsadüf edir. Cavabdehə pul borc verən zaman maddi imkanı pis olmamış, lakin son dövrlərdə maddi imkanı pisləşmiş, bu səbəbdən məcbur olub xx.xx.2023-cü il tarixdə ABBdən 10.000 manat məbləğində kredit götürmüşdür. Aldığı pensiya ilə həmin kreditə görə banka vaxtı-vaxtında ödəniş edə bilmir. Əgər cavabdeh verdiyi vədinə əməl edib ondan götürdüyü borcdan hissə-hissə qaytarsaydı, o zaman banka kredit qaytarmaqda çətinlik çəkməzdi, lakin qeyd etdiyi kimi 2023-cü ilin avqust ayından cavabdeh ona olan borcundan bir manat da olsun qaytarmamışdır. Ondan götürdüyü borcu qaytarmasına dair cavabdehə və yaxın qohumlarına olan müraciətləri nəticə verməmişdir. Cavabdehin xeyli müddət ərzində borc puldan bir manat da olsun ona qaytarmaması, onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi barədə düşünməyinə kifayət qədər əsas verir. Yaranmış vəziyyət cavabdehdən borc pulun qaytarılmasını məhkəmə qaydasında həyata keçirilməsini zəruri etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhərində yaşayır, 67 yaşı var, uzaq yol getməyə səhhəti imkan vermir. Məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4.600 manat məbləğində borc pul verilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 55 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün 4.600 manat borc pul vermişdir. Lakin cavabdeh borcundan 1.104 manat qaytarmış, 3.496 manat məbləğində borcu qalmış, söz verdiyi müddətdə borcunu qaytarmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan 4.600 manat borc alması iş materiallarına əlavə edilmiş müqavilə ilə təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdeh ödəmədiyi 3.496 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.496 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar