Məhkəmə qərarları › İş №2(016)-360/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-360/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-360/2024 22.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 2022-2023-cü illərdə ondan iri və xırdabuynuzlu heyvanlar alması ilə əlaqədar ödəmədiyi 6.743 manat məbləğində pulun və 89 manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonunun Qaraqoyunlu kəndində yaşamaqla heyvandarlıqla məşğul olur, xırda və iribuynuzlu heyvan saxlayıb satmaqla ailəsini dolandırır. Cavabdeh qəssablıqla məşğul olduğuna görə onunla 2016-cı ilin yaz aylarında tanış olmuşdur. Onun qəssab yeri Ağsu rayonunun Gəgəli kəndi tərəfdən çıxacağında yerləşir, bildiyi qədərilə cavabdeh yeri icarəyə götürüb. Qeyd etdiyi vaxtı gedib ona heyvan almağı təklif etmiş və razılıq verdiyindən o vaxtdan başlayaraq ona iri və xırda buynuzlu heyvanlar satmışdır. Əvvəlki illərdə əksər hallarda onun özü gəlib həyətində quzu, qoç, dana alaraq aparıb qəssabxanada kəsib ətini çəkmiş və kiloqram hesabı olmaqla hər kiloqramını ət satışı qiymətindən bir manat aşağı alqı-satqısını etmişlər. Pulunu da nəğd olaraq vermişdir. Bəzən nisyə satışı edilsə də sonradan borcunu həmişə ödəmiş, bu minvalla etibarını qazanmış, narazılığı olmamışdır. Münasibətləri çox yaxşı olmuş, hətta xeyir işlərində də gedib iştirak etmiş, ona tam inamı yaranmışdır. 2022ci ilin aprel ayında, oğlunun hərbi xidmətə getməsi ilə əlaqədar cavabdeh may ayında ondan 17 baş quzu kəsib alıb apararkən təklif etmişdir ki, oğlu hərbi xidmətdən qayıdanadək heyvan satışı pulu onda qalsın və həmin pulla o, qəssablıq işini genişləndirsin, ehtiyacı olanda puldan ona versin, qalan hissəsi isə yığılıb qalsın, oğlu xidmətdən qayıdan vaxtı ona bir avtomobil alsın. O, razılaşmış, bundan sonra o köməkçisi Nazim və heyvanlarını daşıyan sürücü Səxavət gəlib həyətdə apardıqları quzuların diri çəkilərini çəkib qeydiyyat etməklə aparırdılar. Bu hallarda heyvanların pullarını diri çəkilərinin yarısı miqdarında ət qiyməti hesabı ilə hesab aparmışlar. Təkcə apardığı iki qoç və üç toğlunu Nazim aparanda çəkilməmiş aparılmış və cavabdeh telefonda hansı qiymət deryibsə razılaşmışdır. Cavabdehin ondan diri heyvan apardırtdıraraq özü kəsib pulunu hesablayıb və özünün ona təqdim etdiyi siyahıya əsasən aşağıdakı kimi olmuşdur: 2022-ci il üzrə may ayında 17 baş quzuya görə 2.550 manat, aprel ayında ona çatası 50 manat pulu bacısı oğlu Orxan Fəridin kartına göndərmiş, həmin pul da Fəriddə qalmışdır. İyul ayında 3 quzuya görə 468 manat, iyun ayında 4 quzuya görə 715 manat, noyabr ayında 9 quzuya görə 1.294 manat, noyabr ayında maşın göndərərək 3 baş danasını aparıb və o gedərək yanında kəsəndən sonra ona demişdir ki, cəmi 4.135 manat pulu edir, bundan 2.135 manatını sonradan gətirib həyətində vermiş, 2.000 manatı isə qalmışdır. 2023-cü il üzrə yanvar ayında bir baş 20-25 kq-lıq toğlu, ondan 3.5 kq. ət ona vermiş, qalanı ən azı 200 manat (bu qoyunu cavabdehin yanında köməkçi işləyən Nazim adlı oğlan öz VAZ markalı avtomobili ilə (nömrəsini bilmir) aparmışdır. Mart ayında 11 baş quzuya görə 2.315 manat, mart ayında 10 baş quzuya görə 2.131 manat, may ayında 2 baş qoça görə 780 manat, may ayında 2 baş qoça görə 602 manat, may ayında cavabdeh özü tanımadığım alıcı gətirmiş, 2.400 manat hesabı ilə 11 baş qoyun aparmış və demişdir ki, pulunu alıb ona verəcəkdir, lakin verməmişdir. İyun ayının “Qurbanlıq bayramı” günü cavabdehin köməkçisi Nazim gəlib 7 baş quzunu həyətdə diri çəkib cəmi 1.515 manat hesabla pulu etmişdi və aparmışdı. Cavabdeh özü gəlirdi, heyvanları diri çəkidə çəkirdi, yarı ət qiyməti ilə qiymətləri hesablanırdı. Bütün yuxarıda göstərdiyi siyahını aralarında narazılıq yaranada gedib onun dəftərindəki siyahı ilə birlikdə yoxlamışlar, tam düz gəlmişdir. Təkcə bacısı oğlu Orxanın Fəridin kartına göndərmişdir, o pulu da Fərid ona verməli idi, lakin onda qalmış, verməmişdir. Bir də bir baş 200 manat pulu qalan toğlusu haqqında onun dəftərində qeydiyyat olmamışdır, hansı ki, bu toğlunun ətindən 3,5 kq. ona yanına gəldiyində vermişdir. Beləliklə, cavabdeh 2022 və 2023-cü ildə ayrı-ayrı vaxtlarda ondan cəmi 16.970 manatlıq heyvan alıb aparıb və əlavə olaraq 50 manat da bacısı oğlunun onun kartına göndərdiyi 50 manat da pul olub. Bununla da onun cavabdehdə 17.020 manat pulu qalıb. Həmin heyvan pullarından müxtəlif vaxtlarda ona un, kəpək, çiyid alıb gətirib, pullardan bir qismini kartına yükləyib, taxıl yığımı vaxtı biçinə görə, ot bağlanması zamanı və s. puldan verib, hansı ki bunlar onda olan siyahıya görə aşağıdakı kimi olmuşdur: 2022-ci il üzrə may ayında cavabdeh onun yenicə hərbi xidmətə getmiş oğluna onun yanına gedən şəxslə 100 manat pul göndərmiş, iyun ayında oğlunun hərbi xidmətdə olan tanışının kartına 50 manat onun xahişi ilə göndərib, may aylarında ot yığımı zamanı 600 manat və dekabr ayında 400 manat vermişdir. Dekabr ayında anasının əməliyyatı üçün 1.500 manat bacıs oğlu Orxanın kartına göndərib, 2023-cü ildə mart ayında həyat yoldaşının əməliyyatı üçün 1.500 manat və 50 manat Seyran adlı kürəkəninin kartına göndərib, mart ayında həyat yoldaşı xəstəxanadan çıxandan sonra xəstəxanalıq xərcinin ödənməsi üçün 500 manat Anar adlı kürəkəninə göndərib. Mart ayında Pünhan adlı kürəkəninin kartına 200 manat göndərib. Aprel ayında 1.200 manat özü gətirib ona vermişdir. May ayında ot yığımı üçün 500 manat, iyun ayında taxıl biçini üçün 500 manat, 400 manat da küləş yığımı üçün və əlavə taxılın anbara yığılması üçün 400 manat pul vermişdir (iyun ayında cəmi 1300 manat). Avqust ayında iki baş damazlıq üçün toğlu alıb gətirmiş, özünün dediyinə görə 905 manata almışdır. Hansı ki o, dəfələrlə demişdir ki, damazlıq heyvanları bir yerdə alsınlar. Buna baxmayaraq o, cavabdehlə razılaşmış, lakin bu hal onda cavabdehə qarşı şübhələr yaratdı. Sentyabr ayında onun xahişinə əsasən qardaşı oğlu Royalın kartına 90 manat pul göndərib. Müxtəlif vaxtlarda telefonunda konturları qurtardığından kontur yükləməyi xahiş etmiş, cavabdeh də onun telefonuna cəmi ayrı-ayrı vaxtlarda 70 manatlıq kontur yükləmişdir. Müxtəlif vaxtlarda ona cəmi 400 manatlıq mal əti göndərmişdir. 250 manatlıq ayrı-ayrı vaxtlarda ona un, kəpək, çiyid və heyvan dərmanı alıb göndərib. 2023-cü ildə müxtəlif vaxtlarda Bakıda yaşayan qızları üçün 90 və 72 manatlıq, 162 manatlıq mal ciyəri və mal əti göndərmişdir. Beləliklə, cavabdehə 2022-2023-cü illərdə cavabdehə satılan heyvanlara görə ümumi məbləğ 16970 manat pul edir və 50 olaraq 50 manat bacım oğlunun göndərdiyi 50 manaty pul da onda qaldığından cəmi 17020 manat təşkil edir. Cavabdehin ona ödədiyi isə 10.277 manat olun. Bununla da cavabdeh ona 6.743 manat pul verəcəyi vardır. Nazim və Səxavətin ata adlarını və soyadlarını, ünvanlarını bilmir, onlar haqqında düzgün məlumatı cavabdeh verər, çünki onun yaxın adamlarıdırlar. 2023-cü ilin sentyabr ayında o, dəfələrlə Fəridə zəng etmişdir ki, gəl haqq-hesablaşaq, təkdir evdən gedə bilmir. O, müxtəlif bəhanələr gətirdiyindən nəhayət sentyabr ayının axırlarında oğlu hərbi xidmətdən gəlmə ərəfəsində məcbur olub özü Fəridin yanına getmişdir. Haqq-hesab zamanı cavabdeh onu borclu çıxarıb demişdir ki, onun cavabdehə 2.134 manat verəcəyi vardır. O, cavabdehə demişdir ki, əgər onun cavabdehdə pulu qurtarmışdırsa niyə demirdi? Cavabdeh isə ona demişdir ki, “sənin məndə pulun ola bilir, mənim isə səndə pulum ola bilməzmi?!.” O, bununla başa düşmüşdür ki, cavabdeh artıq onu aldadıb. Bundan sonra evə gəlib onda olan siyahılara baxıb demişdir ki, “səndəki sənədlərlə mənimki uyğun gəlmir.” O, cavabdehə demişdir ki, “2022-ci ilin may ayından bəri 17 baş quzu apardığından bəri məndən nə qədər heyvan aparmısan, nə qədər çəkiləri edib və nə qədər mənə pul vermisənsə dəftər-kitabını gətir aydınlaşdıraq, mənə 300-500 manat verəcəyin olsa onu sənə bağışlayacam.” Çünki onun hesabı ilə 6 min manatdan artıq cavabdehin ona borcu qalmışdır. Cavabdeh bəhanələr gətirib 2 ay gəlməmiş, telefona zənglərinə cavab verməmişdir. Yad nömrə ilə zəng edib onun qəssabxanasına getmiş, ona bir siyahı göstərib, demişdir ki, alış-verişimizin hamısı burdadır. O, cavabdehə yalan dediyini, hətta cavabdehin ona təqdim etdiyi dəftərdəki siyahıya əsasasən cavabdehin ona 2728 manat borcu olmuşdur. Həmin qeydiyyatı o, cavabdehdən götürmüş, 2 gün sonra ona whatsapla bir siyahı atmışdır ki, bu siyahıları sənə verməmişdim, yadımdan çıxmışdı. Bu siyahısına görə isə cavabdehin ona 76 manat verəcəyi qalmışdır. Sabahı günü acıqlanıb onun yanına getmiş və özündəki yazı qeydlərini ona təqdim edib demişdir ki, 6 min manatdan artıq cavabdehin ona verəcəyi var, verməsən şikayət edəcəm, o da demişdir ki, hara istəyirsənsə get şikayət elə. O da qapısını vurub çıxmışdır. Cavabdehin hərəkərləri ona çox pis təsir edib, bu illərdə onun etibarını tam qazanmışdı. Pulunun qalığının alınmasında köməklik edilməsi üçün rayon polis şöbəsinə şikayət etmək üçün getmiş, lakin orada ona adlarını bilmədiyi polis zabitləri dinləyib izah etmişlər ki, məhkəməyə müraciət etsin. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirdi ki, o, Ağsu rayonunun Qaraqoyunlu kəndində yaşamaqla heyvandarlıqla məşğul olur, xırda və iri buynuzlu heyvan saxlayıb satmaqla ailəsini dolandırır. Cavabdeh qəssab olduğuna görə onunla 2016-cı ilin yaz aylarında tanış olmuşdur. Ona heyvan almağı təklif etmiş və razılıq verdiyindən ona iri və xırda buynuzlu heyvanlar satmışdır. Əvvəlki illərdə əksər hallarda onun özü gəlib həyətində quzu, qoç, dana alaraq aparıb. Pulunu da nağd olaraq verirdi. Bəzən nisyə satış edilsə də sonradan borcunu ödəmişdir. 2022-ci ilin aprel ayında ondan 17 baş quzu kəsib alıb apararkən təklif etmişdir ki, oğlu hərbi xidmətdən qayıdanadək heyvan satışı pulu onda qalsın və həmin pulla o, qəssablıq işini genişləndirsin, ehtiyacı olanda puldan ona versin, qalan hissəsi isə yığılıb qalsın, oğlu xidmətdən qayıdan vaxtı ona bir avtomobil alsın. O da razılaşmışdır. Hazırda cavabdeh ona 6.743 manat pul verməlidir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, üç il adamın adama borcu qalmır. O, iddiaçı ilə bütün haqq-hesabını etmişdir. Belə ki, 2022-ci ilin mayında 2.400 manata 15 baş qoyun, 602 manata 2 toğlu, 1.515 manata 7 quzu, 905 manata 2 qoç almışdır. İddiaçıdan aldığı heyvanların pulunu da vermişdir. 1.500 manat anası əməliyyat olunacaqdı, həmin vaxt vermiş, bir dəfə polisdə silahı müsadirə edilərkən onun kartına 400 manat atmış, 600 manat köməkçisi gəlib aparmış, 1.500 manat yoldaşının əməliyyatı üçün almış, 250 manat kürəkəninə vermişdir. 1.200 manat da özünə vermişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 2022-ci ilin mayında 2.400 manata 15 baş qoyun, 602 manata 2 toğlu, 1.515 manata 7 quzu, 905 manata 2 qoç aldığını etiraf edərək, daha sonra iddiaçıya və onun istəyi ilə kürəkəninə ümümilikdə 5.450 manat pul verdiyini bildirmişdir. İddiaçı da 5.450 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 6.743 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə iri və xırdabuynuzlu heyvanları nisyə satdığını, cavabdehin onun borcunu qaytarmadığını bildirsə də, iddia etdiyi halların təsdiqi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar