Məhkəmə qərarları › İş №2(016)-367/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-367/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-367/2023 22.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6.000 manat vurulmuş maddi zərərin əvəzinin 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6.080 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona 6.000 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, onlar tərəfindən mənzili təmir edilmiş, lakin keyiyyətsiz təmir edildiyi üçün tikinti materiallarına çəkilmiş xərcin dəyərində maddi zərər vurulmuşdur. Bununla bağlı Ağsu rayon Polis şöbəsinə şikayət edilsə də iş mülki xaraterli olması səbəbindən cinayət işi rədd edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qardaşının Nəmirli kəndində evi var. Qardaşı ona demişdir ki, evi təmir eləsin, o da cavabdehlərlə razılaşmış və cavabdehlər işə başlamışlar. Lakin onlar çox keyfiyyətsiz işləmiş, profillərin bir çoxunu bir-birinə bağlamamışlar. Halbuki o, cavabdehlər nə deyibsə hamısını almış və dedikləri pulu da vermişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçının həyətində iki il bundan əvvəl işləmişlər və necə deyibsə elə də profilləri vurmuşlar, həmin profillər küləyin təsirindən aralanmışdır. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı keyiyyətsiz materiallar almış, onlar da iddiaçıya materialların keyfiyyətsiz olduğunu demişlər. Hətta cavabdeh onlara verəcəyi puldan da 200 manat əskik pul vermişdir. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə 300 manata danışıb işləmiş və işi təhvil vermişdir. Lakin 15 gün sonra yenə ona zəng edərək boruların açıldığını demiş, o da gedib təzədən təmir etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağsu Rayon Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, müraciətində göstərdiyi xüsusatlar mülki məsələdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsədə o, tələb etdiyi hallara dair mötəbər sübutları, yəni cavabdehlər tərəfindən ona ziyan dəyməsini, həmçinin təmirə nə qədər pul xərcləməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar