Məhkəmə qərarları › İş №2(016)-389/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-389/2024

12.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-389/2024 12.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ilk borcundan qalan 110 manat, xeyir işləri üçün ondan aldığı qızıl-zinət əşyalarının dəyri 3.690 manat pulun və 58 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürəmir rayon bazarında qızıl-zinət əşyaları mağazasında qızıl alışı və satışı işi ilə məşğul olur. Ağsu rayon sakini, əvvəllər də müştərisi olmuş cavabdeh 19 sentyabr 2022-ci il tarixdə mağazaya gəlib xeyir işləri olduğunu demiş və ondan xahiş etmişdir ki, pulunu 2 aya qaytarmaq şərti ilə ona bəzi qızıl-zinət əşyalarını versin. O, cavabdehə hələ köhnə borcundan 110 manat qaldığını bildirmiş, cavabdeh hamısını bir yerdə qaytacağını demişdir. Xeyir iş olduğunu və ödənişləri normal etdiyini nəzərə alaraq yenidən 3.690 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Cavabdeh söz verdiyi vaxta pulu gətirib vermədiyi üçün ona zəng etmiş və ona olan qızıl borcunu istəmiş, cavabdedeh ona biraz səbrli olmasını, qısa müddətə gətirib ödəyəcəyini bildirmişdir. Lakin bir müddət sonra yenə də borcunu ödəməmiş, o, borcunu nə vaxta qaytaracağı barədə aralarında yazılı müqavilə imzalamağı təklif etmişdir. Cavabdeh həmin müqavilədə pulun 1.700 manatını 25 dekabr 2022-ci ildə ödəyəcəyinə dair özünün imzası ilə təsdiqlədiyi sənədi ona təqdim etmişdir. 25 dekabr 2022-ci il tarixdə cavabdeh yenə də heç bir ödəniş etməmiş və müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə zəng vurmağına baxmayaraq aldığı qızıl-zinət əşyalarının pulunu qaytarmaqdan imtina etdiyi üçün o da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus mağazadan 3.690 manat dəyərində qızıl əşyası götürmüş, danışıqlarına əməl etməmiş, pulu vaxtında ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixədək borcundan 1.700 manat ödəyəcəyinə söz verir. - xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, İddiaçı 4.000 manat dəyərində aldığı qızıl əşyalarının pulunu gecikdirmişdir. xx.xx.2024-cü il tarixədək borcunu qaytaracağına söz verir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 3.800 manat dəyərində qızıl-zinət əşyalarını nisyə vermiş, lakin cavabdeh söz verdiyi müddətdə borcunu qaytarmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan 3.800 manat dəyərində qızıl-zinət əşyasını nisyə alması iş materiallarına əlavə edilmiş ərizə ilə təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən 3.800 manat pul alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh 3.800 manat məbləğində iddiaçıya borclu qalması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehdən 3.800 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 58 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar