Məhkəmə qərarları › İş №2(016)-39/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-39/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-39/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ona dəymiş maddi ziyan məbləği olan 2300 manat pulun, iddia ərizəsi ilə əlaqədar ödədiyi 43 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayon Yanğından Mühafizə xidmətində yanğınsöndürən işləməklə Ukrayna Respublikasında qiyabi olaraq təhsil alır. Təhsillə bağlı həm gediş-gəliş, həm də rus dilini yaxşı bilmədiyi üçün yaxın dostu, iş yoldaşı ona bu işdə kömək etmək məsədilə belə bir işdə səriştəli biri kimi tanıdığı X4 ona məsləhət bilmiş və onları tanış etmişdir. Bu məqsədlə tanış olduqdan sonra onlar cavabdehlə söhbət etmiş, cavabdeh heç bir problem olmadığını, sənədlərini gətirəcəyini, təhsili bundan sonra Bakıda davam etdirəcəyini demiş və bunun müqabilində 2000 manat pul tələb etmişdir. O bu işə 100 faiz inanaraq Ağsu şəhəri Zərifə Əliyeva adına parkda yerləşən kafelərin birində görüşüb pulu ona vermiş, bir neçə gündən sonra həmin işlə bağlı yenidən görüşən zaman cavabdeh ona 300 manat pulun da lazım olduğunu demiş və o, həmin məbləği də vermişdir, lakin zaman keçdikçə cavabdeh nə sənədləri gətirmiş nə də pulu qaytarmışdır. Hal-hazırda o, təhsilini bitirib diplomunu almasına baxmayaraq cavabdeh hələ də pulu qaytarmamışdır. Dəfələrlə özünə və ailəsinə də demələrinə baxmayaraq Səid pulu qaytarmayaraq hər dəfə bir bəhanə gətirib. Odur ki, o da X1 ona vurduğu ziyanla bağlı pulunu məhkəmə qaydasında almaq məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmədə iddia ərizəsiylə eyni məzmulu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin 17 iyul 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya MPM-in 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları, yəni onun 2300 manat pulu cavabdehə verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı X2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar