Məhkəmə qərarları › İş №2(016)-409/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-409/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-409/2024 08.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən birgə nikahdan xx.xx.2012-ci il tarixində dünyaya gəlmiş oğlu X3 hər ay 235 manat aliment verilməsini və 50 manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə birgə nikahlarından bir uşaqları - xx.xx.2012-ci il tarixində X5 dünyaya gəlmişdir. Rəsmi nikaha daxil olandan sonra, xasiyyətləri uyğun gəlməmiş və həmin səbəbdən də aralarında tez-tez mübahisələr olmuşdur. Bu səbəbdən də aralarında olan nikah pozulmuşdur, cavabdeh tərəfindən oğlu X3 hər ay 120 manat aliment 06 fevral 2018-ci il tarixində Ağsu Rayon Məhkəməsi tərəfindən onun xeyrinə tutulması haqqında qətnamə çıxarmışdır. Hesab edir ki, 120 manat aliment çox azdır. O, işləmir tələbədir, X5 isə tez-tez xəstələnir. Cavabdehin verdiyi aliment pulunu ancaq uşağa dərman almağa xərcləyir. Nikahlarının pozulması üçün, mediasiyaya müraciət etmiş, 50 manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün pul ödəmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında idda ərizəsində göstərilənləri müdafiə edərək, tələbinin təmin ediməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan iddiaçının xeyrinə X1 üçün qazancının 120 manat hissəsi tutulmuşdur. O, işindən 750 manat əmmək haqqı alır. Hazırda ailəlidir, 2 uşaq və yoldaşı himayəsindədir. Bakı şəhərində kirayə qalır. 2018-ci ildən 120 manat aliment ödəyir. Heç bir gecikməsi də yoxdur. Vaxtlı-vaxtında alimenti ödəyir. Uşağına alimentdən əlavə, hər bayram yanında olur, uşağa nə lazımdır alır. Tək alimentlə kifayətlənmir. Bir ata olaraq uşağına dəstəkdir. İddiaçı ilə münasibəti olmadığına görə çox yaxın qoymur uşaqlara. Əgər qoysa daha yaxından məşğul olar. O, hazırda 160-170 manat aliment ödəyə bilər. 2018-ci ildən 120 manat ödəyir əgər qalxsa 170 manat maksimum ödəyə bilər. Amma ondan artıq imkanı çatmır. Çünki himayəsində 2 uşaq var. Onlar ikisi də bağçaya gedir. Əlavə xərc olaraq kirayə haqqı ödəyir, ailənin ev xərcləri var. Onları nəzərə alıb deyə bilər ki, 170 manat aliment ödəyə bilər. İşləyir, düzdü amma problemlər olar işdən ayrılar elə bir aliment olsun ki, o, alimenti hər şəraitdə ödəyə bilsin. İstəmir gələcəkdə onun icra şöbəsi ilə problemləri yaransın. Ona alimenti niyə ödəmirsən, niyə gecikdirirsən desinlər belə problemlər olsun istəmir. Bu səbəblərdən iddiaçının ona qarşı alimentin artırılması tələbinə dair iddasını qismən təmin edib, ondan 170 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddiaçı ilə ər-arvadlıq münasibətləri pozulub ayrılıqda yaşayırlar. O, yenidən evlənmişdir. İki uşağı da bu nikahdandır. O, işləyir, 750 manata əməkhaqqı alır. İddiaçıya uşaq üçün 160-170 manat aliment ödəyə bilər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 339774 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 sentyabr 2012-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atasının “Cavabdeh”, anasının “İddiaçı” olması qeyd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(016)-548/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(016)-1760/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(016)-548/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(016)-548/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AZ-İ seriyalı 313438 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. - AZ-İİ seriyalı 283557 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X8 arasındakı nikah 26 aprel 2019-cu il tarixdə rəsmiləşdirilmiş, Cavabdeh “Şirməmmədov”, X6 “Şirməmmədova” soyadı verilmişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir və onun vəzifə maaşı 750 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın tələbinə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. AM-in 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 190 manat məbləğində müəyyən edilməli və alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatadək olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(016)-548/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 (bir yüz doxsan) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar