Məhkəmə qərarları › İş №2(016)-41/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-41/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-41/2023 30.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X5 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ceyhun Əlibala oğlundan 150 manat, X4 1.000 manat məbləğində verdiyi pulun və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu şəhərində yaşamaqla yaşıyla bağlı çox zaman Ağsu şəhəri Fəvvarələr çayxanasında istirahət edir. xx.xx.2022-ci il tarixdə həmin çayxanada oturub Əzizbala adlı şəxslə çay içərkən Ceyhun Əlibala oğlu ona yaxınlaşaraq nə probleminin olması ilə maraqlanmış, problemlərinə kömək edəcəyini bildirmiş, o, Ceyhundan harda işləməsini soruşanda Ceyhun ona vəsiqə təqdim edərək birinci xanımın verdiyi vəsiqə əsasında dövlətinə xidmət etdiyini bildirmişdir. O, Ağsu şəhər sakini X4 1.000 manat pul alacağı olduğunu, lakin nə qədər müddətdir ki qaytarmadığını bildirmiş, Ceyhun həmin məbləğin Anardan alıb ona qaytaracağına söz vermiş, lakin bunun üçün ona 150 manat pul ödəməli olduğunu bildirmişdir. O da 150 manat pulu Ceyhuna vermiş, sonradan dəfələrlə Ceyhunu görüb işindən xəbər soruşmuş, Ceyhun pulu alıb ona qaytaracağını desə də onu aldatmış, indiyə kimi nə Anar nə də Ceyhun onun pulunu qaytarmamışdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdeh X4 1.000 manat məbləğində verdiyi pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayında o, Oktayla çayxanada oturan zaman Anar Oktaya zəng etmiş, tutulduğunu və alimentə görə ona pul lazım olduğunu demişdir. Oktay ona çayxanada 1.000 manat pul vermiş, Anar pulu 1 həftəyə qaytaracağını demişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün 1.000 manat borc pul vermişdir. Lakin cavabdeh borc məbləğini qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 1.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh X4 alınaraq iddiaçı X3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar