Məhkəmə qərarları › İş №2(016)-416/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-416/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-416/2023 02.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi ilə İddiaçı “Ləman” MMKİ-nin cavabdehlər X3 oğlu və Nağıyeva Adilə Ağamusa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Ləman” MMKİ cavabdehlər X3 oğlu və Nağıyeva Adilə Ağamusa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 oğlu ilə “Ləman” MM Kredit İttifaqı arasında bağlanmış 30 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 278 manat, gecikdirilmiş dövür üçün faiz borcunun məbləği 47,26 manat,ödənişi gecikdirliməsinə görə cərimə məbləği 68,52 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 424,78 manat borc məbləği cavabdehlər X3 oğlundan və Nağıyeva Adilə Ağamusa qızından müstərək qaydada “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Ləman” MMKİ ilə cavabdeh X3 oğlu arasında 30 aprel 2020-ci il tarixdə Kİ-nın oz vəsaiti hesabına Kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən borcluya 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci maddəsinə görə alınmış kredit məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini borcalan öhdəsinə götürmüşdür. Cavabdehlə kredit müqaviləsinə əsasən üzərlərinə düşən öhdəliklərin ardıcıl olaraq 14 ayını yerinə yetirsələrdə qalan ayların ödənişlərini etməmişdirlər.Sonrakı dövürlərdə maddi vəziyyətin ağırlığını səbəb gətirərək kiçik həcmdə ödənişlər etmişdirlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “Ləman” MMKİ öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Ləman” MMKİ ilə X3 oğlu arasında bağlanmış 30 aprel 2020-ci il tarixli 75/06 nömrəli Kredit müqaviləsindən görünür ki, X3 oğluna 18 ay müddətinə, illik 17 faiz olmaqla 2000 manat məbləğdə kredit verilmişdir. X3 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “Ləman” MMKİ ilə Nağıyeva Adilə Ağamusa qızı arasında bağlanmış 30 aprel 2020ci il tarixdə bağlanmış Zaminlik müqaviləsindən görünür ki, “Borc verən” “Ləman” MM Kredit İttifaqı ilə “Borc alan” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi ilə əlaqədar olaraq “Borc alan” “Borc verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək o, Nağıyeva Adilə Ağamusa qızı “Borc alan” ilə birlikdə “Borc verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - “Ləman” MMKİ-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 oğlunun xx.xx.2023-cü il tarixə “Ləman” MMKİ-na 424,78 AZN borcu vardır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “Ləman” MMKİ tərəfindən xx.xx.2023-cü il tarixdə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 30 aprel 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “Ləman” MMKİ tərəfindən X3 oğluna xx.xx.2022-ci il tarixinədək illik 17 % ödəmək şərtilə 2000 manat məbləğdə kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh Nağıyeva X1 Zaur Ağazər oğlunun xx.xx.2020-ci il tarixdə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Ləman” MMKİ qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu X3 oğlu iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə, cavabdeh Nağıyeva Adilə Ağamusa qızı kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 68,52 manat miqdarında cərimə pulu 278 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 10 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “Ləman” MMKİ tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6,32 manatı iddiaçıya, 23,68 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 oğlu ilə “Ləman” MM Kredit İttifaqı arasında bağlanmış 30 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 278 manat, gecikdirilmiş dövür üçün faiz borcunun məbləği 47,26 manat, ödənişi gecikdirliməsinə görə cərimə məbləği 10 manat, dövlət rüsumu kimi ödənilmiş 23,68 manat, ümumilikdə 358,94 manat borc məbləği cavabdehlər X3 oğlundan və Nağıyeva Adilə Ağamusa qızından müstərək qaydada “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 6,32 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 oğlu ilə “Ləman” MM Kredit İttifaqı arasında bağlanmış 30 aprel 2020ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 278 manat, gecikdirilmiş dövür üçün faiz borcunun məbləği 47,26 manat, ödənişi gecikdirliməsinə görə cərimə məbləği 10 manat, dövlət rüsumu kimi ödənilmiş 23,68 manat, ümumilikdə 358,94 manat borc məbləği cavabdehlər X3 oğlundan və Nağıyeva Adilə Ağamusa qızından müstərək qaydada “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqının xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 6,32 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar