Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-454/2023 30.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 995,19 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,66 manat və borca illik 5 %-lə hesablanmış 70,49 manat əldən çıxmış faydanın cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, X3 ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 22.9- 24.9.2021 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış və kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə, cavabdeh Banka cəmi 995,19 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarına iştirakları olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan 540408******0439 nömrəli ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X3 ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq kartına 995,19 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə ünvanlanmış 16/T959 saylı məktubla bildirilmişdir ki, onun plastik kart hesabında kifayət qədər vəsait olmadığından, hesabın kreditləşməsi baş vermiş və 995,19 AZN məbləğində borcu yaranmışdır. Qeyd edilən vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks halda barəsində qanuna müvafiq təbdirlər görülməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda üçün illik 5% dərəcəsi olmaqla 70,49 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, əldən çıxmış fayda üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsini gecikdirdiyindən, iddiaçı əldən çıxmış fayda üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Məhkəmə həmçinin iddianın 30,66 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 əsassız varlanması nəticəsində əldə etdiyi 995,19 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,66 manat və borca illik 5 %-lə hesablanmış 70,49 manat əldən çıxmış fayda alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 995,19 manat, borca illik 5 %-lə hesablanmış 70,49 manat əldən çıxmış fayda və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,66 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-454/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-454/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver