Məhkəmə qərarları › İş №2(016)-466/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-466/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-466/2023 21.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 4.762,54 manat - bundan 1.360,26 manat əsas, 1.997,15 manat faiz, 1.181,12 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 224,01 manat faiz borcu və iş üzrə ödənilmiş 67,63 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh X2 arasında bağlanmış 19 mart 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 25 faiz olmaqla 3.300 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 mart 2015-ci il tarixli, ********* USD saylı, Kredit Müqaviləsinə 11 mart 2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2.243,91 ABŞ dolları təşkil edir. Kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 22 ay uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Daha sonra xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsinə xx.xx.2016-cı il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı 2.216,89 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 (bir) USD = 1.7831 AZN) 3.953 manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılır və illik 25 faiz ödənilir. Banka daxil olmuş 31 08.2022-ci il tarixli, DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olmuşdur ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə Ağsu rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 400 nömrə ilə qeydiyyat aparılmışdır. Bank tərəfindən Ağsu rayon Notariat ofisinə mərhum X3nun vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3nun adına xx.xx.2021-ci il tarixdə Ağsu rayon Dövlət notariat ofisində 8V-128 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2V-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən X3 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbnin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X1 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 3.300 manat məbləğində kredit verilmişdir. - AZ-İ seriyalı 993446 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin dekabr ayının 13-də 400 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3nun vərəsələri anası - Cavabdeh3, arvadı - Cavabdeh2, oğlu - Cavabdeh4 və oğlu - Cavabdeh1dur və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 14 saylı ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********7001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha. olan torpaq sahəsindən X1 çatan hissədən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 84 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3nun xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli kedit müqaviləsinə əsasən nağd kredit üzrə 1.360,26 manat əsas, 1.997,15 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1.181,12 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 224,01 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 4.762,54 manat məbləğində kredit borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 67,63 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5643 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X3nun 14 fevral 2023-cü il tarixinə "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 1.361,58 manat, faiz borcu üzrə 1.258,42 manat, faiz borcu üzrə (5%-lə) 219,55 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda üçün illik 5% dərəcəsi olmaqla 219,55 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, əldən çıxmış fayda üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsini gecikdirdiyindən, iddiaçı əldən çıxmış fayda üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X3nun 14 fevral 2023-cü il tarixinə "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 1.361,58 manat, faiz borcu üzrə 1.258,42 manat, faiz borcu üzrə (5%-lə) 219,55 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1.360,26 manat, faiz borcu üzrə 1.258,42 manat, faiz borcu üzrə (5%-lə) 219,55 manat tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cərimə əsassız və şişirdilmiş məbləğdir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.181,12 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum X3nun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2019-cu il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. X3nun adına Ağsu Rayon Notariat ofisində 128 nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından, iddiaçı cavabdehlərdən borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddia tələbinin 67,63 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 450007728 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1.360,26 manat əsas, 1.258,42 manat faiz, 50 manat cərimə borcu və 219,55 manat AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz olmaqla, cəmi 2.888,23 manat məbləğində pul vəsaiti və 67,63 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar