Məhkəmə qərarları › İş №2(016)-472/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-472/2025

12.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-472/2025 12.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ölçü işlərinin aparılmasına icazə verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 2(016)-553/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ağsu rayonunun Çiyni kəndində yerləşən JN-002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı evə dair müəyyən edilmiş paylar üzrə mülkiyyət hüququna dair çıxarış almaq üçün ölçmə işinin aparılmasında cavabdehlər Cavabdeh1 Bəxtiyar oğlu və onun arvadı Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılmasına şəraitin yaradılmasını və ödədiyi dövlət rüsumu olan 100 manat pul məbləğinin cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və iki qardaşları olan İttifaq və Qədir Əhmədovların Cavabdeh1 Bəxtiyar oğluna qarşı “miras əmlakda payın müəyyən edilməsi” iddia tələbləri Ağsu Rayon Məhkəməsinin 2(016)-553/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Ağsu rayonunun Çiyni kəndində yerləşən JN-002 Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı evə dair onun, X4, X7, X8 və X1 payı 1/16 hissədə müəyyən edilsin. O, məhkəmənin qətnaməsini çox gec, yəni 2024-cü ilin dekabr ayında almışdır. Bundan sonra mirasdan müəyyən edilmiş pay üzrə 14 saylı Şamaxı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəmişdir. İdarənin mütəxəsisi mülkiyyətin olduğu ünvana onun iştirakı ilə getmiş və hətta onun xahişi ilə Ağsu rayon Polis şöbəsindən əməkdaşlar da bu işin görülməsinə cəlb edilmişdir. Lakin cavabdehlər ölçü işlərinin aparılmasına imkan verməmiş və onları həyətdən çıxarmışlar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş vəgəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı torpaq şöbəsinin əməkdaşı ilə gəlmiş, yeri ölçəcəklərini bildirmişlər. Yer mübahisəli olduğu üçün ölçü işləri aparılmamış, çıxıb getmişlər. O, torpağın ölçülməsinə icazə verir, lakin ölçü işləri qətnamə əsasında icra məmurunun iştirakı ilə aparılsın. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-553/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X4, X6, X8 və X2 Cavabdeh1, üçüncü şəxs Ağsu rayon Notariat Ofisi, maraqlı şəxslər Cavabdeh2, X5 və X3 qarşı “mirasın qəbul edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Ağsu rayonunun Çiyni kəndində yerləşən JN-002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 3 otaqlı evə dair İddiaçı, X4, X6, X8 və X2 payının 1/16 hissədə müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)- 553/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ağsu rayonunun Çiyni kəndində yerləşən JN-002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 3 otaqlı evə dair İddiaçı, X4, X6, X8 və X2 payının 1/16 hissədə müəyyən edilməsi qət edilmişdir. Lakin cavabdehlər Cavabdeh1 Bəxtiyar oğlu və onun arvadı Cavabdeh2 paylar üzrə mülkiyyət hüququna dair çıxarış almaq üçün ölçmə işinin aparılmasında maneələr yaratmış, buna icazə verməmişlər. Bu səbəbdən, iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 6.1.1.2-ci maddəsinə əsasən, fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün digər sənədlərlə yanaşı daşınmaz əmlaka dair texniki sənədlər (pasport və plan ölçü) də verilməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehlərin üzərinə Ağsu rayonu, Çiyni kəndində yerləşən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına imkan və şərait yaratması, mane olmaması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə Ağsu rayonu, Çiyni kəndində yerləşən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına imkan və şərait yaratması, mane olmaması vəzifəsi qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar