Məhkəmə qərarları › İş №2(016)-5/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-5/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-5/2023 25.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh avtomobilinə dəymiş ziyanın təmir olunması üçün çəkdiyi xərci yəni 10190 manat pulu və 125 manat dövlət rüsumu əvəzinin alınaraq ona, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı etibarnamə ilə ona məxsus olan “BMW” MARKALİ, **-HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 05 mart 2022-ci il tarixdə saat 22:30 radələrində Ağsu şəhərindən yaşadıqları Ağsu rayonu Kəndoba kəndinə gedərkən, Ağabətli kəndi ərazisində qarşıdan gələn “FORD” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onların hərəkət zolağına çıxaraq avtomobilinin qabaq sol hissəsindən vuraraq onlarla toqquşmuşdur. Hadisədən 15-20 dəqiqə sonra oraya polis əməkdaşları gəldilər. Hadisə zamanı dostu X6 da onunla birlikdə idi. Heç biri xəsarət almamışdır. Lakin onun avtomobilinə külli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq cavabdeh ona nəinki dəymiş ziyanı ödəmək, hətta ona üzrhaxlıq da etməmişdir. O bir neçə dəfə cavabdehə zəng vurub avtomobilinin düzəlməsi üçün maddi yardım etməsini istəsə də, o, müxtəlif bəhanələr gətirərək heç bir köməklik etməmişdir. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməməsini və 2(016)-503/2022 saylı mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini və ekspertiza qarşısına “BMW” MARKALİ, **-HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində hansı hissələrinin zədələnməsi, onun adı, dəyəri, həmin hissələrin təmiri üçün çəkilməli xərclərin məbləğinin müəyyən edilməsini və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 05 mart 2022-ci il tarixdə, saat 22:30 radələrində ona məxsus olan “FORD TRANZİT YÜK” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonunun Sığırlı kəndinə gedirmiş, yolda telefonuna zəng gəlmiş və o qayıtmalı olmuşdur. Yolda idarə etməni itirmiş və “BMW” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobili toqquşdu. “BMW” markalı avtomobil yoldan 20-25 metr, onun avtomobili isə 30-40 metr aralı düşmüşdür. Lakin xəsarət alan olmamışdır. İddiaçı içkili imiş. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Hadisədə onun günahı olmamışdır. İddiaçı onun yoluna çıxmışdır. Onun maşınını evakuatora mindirib iddiaçının maşınını zolağına qoymuşlar. Eyni zamanda ziyanın məbləği ilə də razı deyil. Məhkəmə iclasın cavabdehin vəkili Vəkil cavabdehlə eyni məzmunlu izahat verərək etirazı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhləmə iclasında şahid X3 izahat verərək göstərdi ki, axşam saat 10-11 radələri yük boşaldıb evə gələrkən, yolda hadisə olduğunu görmüşdür. O, ora çatanda artıq hadisə baş vermişdi, maşınlar toqquşub aralanmışdılar. Hadisə yerinə insanlar toplaşmışdı, polis əməkdaşları da orada imiş, iddiaçının maşını evakuatora qoyulmuşdu. Maşınlar əks istiqamətdə getdiyi üçün qarşı-qarşıya toqquşmuşdular. Hər iki maşın zədələnmişdi. “BMW” markalı maşının ayaq üstə çətinliklə dayandığından o, hesab etmişdir ki, sürücü sərxoş olmuşdur. Kənd canmaatından eşitdiyimə görə maşında azyaşlı da olmuşdur. Məhkəmə iclasında şahid X7 izahat verərək göstərdi ki, qardaşı rəhmətə getdiyi üçün evdə yas mərasimi təşkil olunmuşdu. Axşam yaxınları ilə evdə oturduğu zaman səs eşitmişdir. Hadisə yerinə yaxınlaşan zaman “FORD” markalı avtomobillə “BMW” markalı avtomobilin toqquşduğunu görmüşdür. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra isə evakuator gəlmişdir. Maşınların nömrələrin açmışlar. Maşınlar hər ikisi əzilmişdi. Lakin xəsarət alan heç kimi görməmişdir. İddiaçının içkili olduğu bilinirmiş. Polis əməkdaşları öz aralarında nə isə danışırmışlar, lakin nə danışdıqları ilə maraqlanmamışdır. Oraya toplaşan insanlar bildirmişlər ki, iddiaçı 7-10 sm cavabdehin yoluna keçibmiş. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “FORD” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “BMW” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olaraq toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. - xx.xx.2022-ci il tarixli,142 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, İddiaçı xx.xx.2022-ci tarixdə sərxoş olmamışdır. - xx.xx.2022-ci il tarixli,142 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki,Cavabdeh xx.xx.2022-ci tarixdə sərxoş olmamışdır. - Cavabdeh xx.xx.2022-ci tarixdə Ağsu rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, 05 mart 2022-ci il tarixdə, saat 22:30 X4 məxsus olan “FORD TRANZİT YÜK” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirmiş, Ağsu rayonunun Ağabəyli kənd ərazisində hərəkətdə olan zaman yolda idarə etməni itirərək qarşıdan gələn “BMV-528” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq qabaq sol hissəsindən vuraraq onunla toqquşmuşdur. Hadisədə özünü günahkar bilir. Hadisə zamanı idarə etdiyi avtomobildə tək imiş, hər hansı bir xəsarət almamışdır. - İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2 və 332-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. - Ağsu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(016)-233/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli 05 mart 2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməmişdir. - Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(107)-221/2022 saylı qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(016)-233/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - “999” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “BMW” f10 minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 10190 manat olmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 9/3619 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “999” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci buraxılışlı “BMW” f10 minik markalı **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7608 manat müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 05 mart 2022-ci il tarixdə, saat 22:30-da etibarnamə ilə idarə etdiyi “FORD TRANZİT YÜK” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonunun Ağabəyli kənd ərazisində hərəkətdə olan zaman idarə etməni itirərək qarşıdan gələn İddiaçı məxsus “BMV-528” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq qabaq sol hissəsindən vuraraq onunla toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh özünü təqsirli bilməmiş və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 05 mart 2022-ci il tarixli qərarla təqsirli bilinmiş və bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh avtomobilinə dəymiş ziyanın təmir olunması üçün çəkdiyi xərci, yəni 10190 manat pulu və 125 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh özünü təqsirli bilməmiş və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 05 mart 2022-ci il tarixli qərarı, həmçinin “BMW” markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində hansı hissələrinin zədələnməsi, onun adı, dəyəri, həmin hissələrin təmiri üçün çəkilməli xərcin məbləğini mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 05 mart 2022-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Bununla da baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsiri tam sübuta yetirilmişdir. Göründüyü kimi 05 mart 2022-ci il tarixdə, saat 22:30-da Ağsu rayonunun Ağabəyli kənd ərazisində Cavabdeh etibarnamə ilə idarə etdiyi “FORD TRANZİT YÜK” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “BMV-528” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh təqsirli olması işin mübahisəsiz halıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Cavabdeh “FORD TRANZİT YÜK” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda idarə etməni itirməsi nəticəsində İddiaçı məxsus “BMW” f10 minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onunla toqquşması olduğundan, İddiaçı avtomobilinə vurulmuş zərər Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Araşdırma zamanı “BMW” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində hansı hissələrinin zədələnməsi, onun adı, dəyəri, həmin hissələrin təmiri üçün çəkilməli xərcin məbləğinin müəyyən edilməsi üçün ekpertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 9/3619 nömrəli ekspert rəyi ilə “999” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci buraxılışlı “BMW” f10 minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7608 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, “BMW” f10 minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 7608 manat müəyyən edilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş ziyan əvəzi olaraq 7608 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı tələb üzrə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumunun 31,67 manatı iddiaçıya aid edilməli, 93,33 manatı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa ekspert rəyindən göründüyü kimi ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 25,34 manatı iddiaçıdan, 74,66 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7608 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 93,33 manatı alınaraq İddiaçı verilməli, dövlət rüsumunun 31,67 manatı İddiaçı aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 25,34 manatı İddiaçı, 74,66 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7608 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 93,33 manatı alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 31,67 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 25,34 manatı İddiaçı, 74,66 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar