Məhkəmə qərarları › İş №2(016)-508/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-508/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-508/2023 06.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı X2 iştirakları ilə, İddiaçı X2 cavabdeh X5 qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh X5 qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğinin cavabdeh X1 tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(016)312/2022 saylı qətnaməsi ilə iddiaçı X9 və cavabdeh X11 arasındakı nikah pozulmuşdur. Nikah pozulan vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X12 heç bir maddi kömək göstərmir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 hər ay 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X3 13 yaşı və xx.xx.2012-ci il təvəllüdlü X8 11 yaşı var. Ağsu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bildirir ki, X14 “zob” xəstəliyindən və X10 gözündə görmə məhdudiyyətindən əziyyət çəkir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayiş minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmənin müəyyən etdiyi aliment məbləğinin artırılmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 563360 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2010-cu il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 yanvar 2011-ci il tarixdə 11 № ilə qeyd edilmişdir. Atası X15 оğlu, anası X7r. - Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 01 mart 2012-cü il tarixdə verilmiş AZ-İİİ № 797789 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2012-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 01 mart 2012-ci il tarixdə 196 № ilə qeyd edilmişdir. Atası X15 оğlu, anası X7r. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsinin surətindən görünüür ki, X11 ilə X9 аrаsındа 18 iyun 2010-cu il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 155 № ilə qеyd edilmiş nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X14 yеtkinlik yаşınа çаtаnаdək anaları X2 himayəsində saxlanılmışlar, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün X1 04 fevral 2022-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X6 verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X9 ilə X11 nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X14 adlı övladları doğulmuşdur. Bundan sonra Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X14 yеtkinlik yаşınа çаtаnаdək analarının yanında saxlanılmış, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay hər uşaq üçün 120 manat miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün X1 X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İddiaçı cavabdehin 220 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edilənləri, həm 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, X1 xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh X1 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. X1 xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X6 verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X1 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar