Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-543/2024 05.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 16.810 manat məbləğində verdiyi pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi qohumluq əlaqəsinə görə uzun illərdir ki, tanıyır. Bundan əlavə, cavadeh şəxslə 2004-cü ildən 2019-cu ilə kimi Ağsu rayon Polis Şöbəsində bir yerdə işləmişlər və aralarında çox yaxşı, mehriban və səmimi dostluq münasibətləri olub. Cavabdeh 2018-ci ildə ondan 6 aya qaytarmaq vədi ilə 22.000 manat borc pul istəmişdir. Həmçinin cavabdeh şəxs bundan əvvəl mərhum ata və anasının vəfatından sonra ondan dəfələrlə borc pul almış və hər zaman vaxtında qaytarmışdır. O, bütün bunları nəzərə alaraq və aralarında olan qohumluq və yoldaşlıq münasibətlərinə və cavabdehin səmimiliyinə inanaraq mərhum atasından qalan puldan cavabdeh şəxsə 22.000 manat borc pul vermişdir. Cavabdeh şəxs 2022-ci ilin may ayına kimi ona cəmi 3.000 manat pul qaytarmışdır. Onun müxtəlif ünvanlara etdiyi şikayətlərdən sonra 2022-ci ilin may ayında, onların hər ikisini Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə çağırmışlar və orda Cavabdeh birinci dəfə 1.000, bir neçə gün sonra isə 950 manat pul geri qaytarmış və orada söz vermişdir ki, hər ay 250-300 manat və dörd aydan bir 1.000 manat olmaqla borcunu qaytaracaq. Ancaq Cavabdeh üç ay ərzində cəmi 240 manat pul qaytarmışdır. Cavabdeh o və qardaşı X1 ilə dəfələrlə telefon əlaqəsi yaradaraq səhhətinə görə xərcinin çox olduğunu və bu səbəbdən borcunu qaytara bilmədiyini qeyd etmişdir. Onun elə məhz özündən aldığı məlumata görə Cavabdeh səhhəti yaxşıdır və daha heç bir müayinə və müalicə xərcləri ödəmir. O, cavabdeh şəxsin borcunu ödəməməsinə görə ağır maddi vəziyyətə düşmüş və ağr mənəvi zərbə almışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbini qəbul edir. İddia tələbinə qarşı heç bir etirazı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, 2018-ci il tarixdə İddiaçı 22.000 manat borc pul almış, bu vaxta kimi borcundan 5.190 manat ödəmişdir. Hal-hazırda iddiaçı şəxsə 16.810 manat borcu var. - xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Cavabdeh iddiaçının ona qarşı qaldırdığı iddia tələbini qəbul edir. İddia tələbinə qarşı heç bir etirazı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün 22.000 manat borc pul vermiş, cavabdeh borcundan 5.190 manat qaytarmış, lakin qalan 16.810 manat məbləğində borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 16.810 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-543/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-543/2024
05.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver