Məhkəmə qərarları › İş №2(016)-545/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-545/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-545/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X21 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021ci il tarixli 2(016)-578/2021 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikahları pozulmuşdur. Nikaha 22 iyul 2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında 14 sentyabr 2021-ci il tarixində akt qeydləri kitabında 62 nömrə ilə qeyd edilmişdir. Onun Cavabdeh ilə birgə yaşadıqları xx.xx.2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(016)- 578/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci təvəllüdlü X9 yetkinlik yaşınadək saxlanması üçün ayda 150 manat miqdarında aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda xx.xx.2018-ci il təvəllüdlü X5 6 yaşı var, ümumtəhsil orta məktəb müəsissəsində məktəbəqədər təhsil alır və ona görə də tələbatların ödənməsində əziyyət çəkir. 21 iyun 2021-ci ildə Ağsu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı tələbat artsa da cavabdeh ona qarşı heç bir qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bu səbəbdən iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, şəkər xəstəsidir, ikinci dəfə ailə qurmuşdur, atası, anası və qardaşı ilə birlikdə yaşayırlar. Anası şəkər xəstəsidir, qardaşı da psixi vəziyyətinə görə üçüncü qrup əlildir. Atası, anası və qardaşı işləmir. Ailənin yeganə qazanc gətirəni odur. İkinci nikahdan övladı olacaqdır. Özü həmçinin müharibə veteranıdır. 2021-ci il birinci nikahı pozulanda 450 manat əmək haqqı alırdı, indi isə əmək haqqı müəyyən qədər artmışdır. Bakı şəhərində yaşayır və işləyri. Uşağına baxır, onunla görüşə gələndə də əlavə xərcləri çıxır. Hazırda iddianı qismən qəbul edir, alimentin 10 manat artırılmasını xahiş edir, çünki artıq ödəməyə imkanı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şamaxı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli AZ- İİ № 859589 serialı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 954 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(016)-578/2021 saylı saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı Baş Səhiyyə X20 Şəxsi 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh Şəkərli diabet xəstəsidir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının təqdim etdiyi M/V № 133621 saylı vəsiqəsinin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 618615 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X12 ilə 12 mart 2024-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 633 nömrə ilə qeyd edilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, Abdullayev X8 Bulvar İdarəsinin kommunal xidmət, təmir və dənizkənarı bul var ərazisinin mühafizəsi müəssisəsində sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 650 manatdır. - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğudan görünür ki, İddiaçı X19 Təhsil İdarəsində Ümumi təhsil məktəbində müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 1050,94 manatdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli Arayışlarından görünür ki, X4, X6 və X2 əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən görünür ki, X1, ifadə olunmuş debillik dərəcəsinə görə üçüncü dərəcəli əlildir. İş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(016)-578/2021 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikahları pozulmuş və tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanması üçün ayda 150 manat miqdarında aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2021-ci ildən hazıradək cavabdehin maddi vəziyyətində cüzi dəyişiklik olmuş, lakin o, yenidən ailə qurmuşdur. Bundan başqa iddiaçının əmək haqqı cavabdehin əmək haqqından 1,5 dəfəyə yaxın artıqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay uşaq üçün 150 manat miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İddiaçı cavabdehin 235 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edilənləri, həm də 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(016)-578/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(016)-578/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar