Məhkəmə qərarları › İş №2(105)-1758/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1758/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1758/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həbı̇ bova Günay Rövşən qızının cavabdeh Həbı̇ bov Əlı̇ məmməd Əlı̇ safa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X15 Məmmədov və X10 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Həbı̇ bova Günay Rövşən qızının cavabdeh Həbı̇ bov Əlı̇ məmməd Əlı̇ safa oğluna qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2410/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsı barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları xx.xx.2017-ci il təvəllüdlü X4 var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması və həmin uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, 170 manat məbləğində alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərızə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassızdır, belə ki, etiraza əlavə etdiyi arayışdan da görünür ki, o, "xxxx" ASC-də 690 manat (18 faiz vergi çıxılmadan) əmək haqqı müqabilində mühəndis işləyir. Vergilər çıxıldıqdan sonra yerdə qalan məbləğ 576 manat təşkil edir. Hər ay alimenti vaxtlı-vaxtında ödəmişdir. İddiaçı həmçinin qeyd edir ki, yaşayış minumumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ölkə üzrə yaşayış minumumu, ehtiyac meyarı da 246 manat məbləğində müəyyən edilmişdir. Həmçinin onu da qeyd edir ki, alimentlə bağlı məhkəmə qətnaməsindən sonra ailə vəziyyətində dəyişiklik olmuşdur. Hansı ki, halhazırda o, nikah şəhadətnaməsindən də göründüyü kimi, X7 ilə rəsmi nikahdadır və rəsmi nikahlarından onların iki övladı doğulmuşdur - 29 avqust 2021-ci il təvəllüdlü X5, 03 noyabr 2022-ci il təvəllüdlü X6. Onun aylıq maaşından 220 manat çıxıldıqda ona qalan məbləğ 576-220=356 manat təşkil edəcək ki, həmin məbləğlə də onun, ailəsinin, iki uşağının ehtiyacları necə ödənsin. Hansı ki, iddiaçı özü də qeyd edir ki, hazırki dövr üçün uşaq üçün yaşayış minumumu 220 manatdır. Bəs yaxşı birinci nikahdan olan uşağı üçün 220 manat aliment ödədiyi halda, ikinci nikahdan sonra doğulan iki uşağının normal yaşama xərcləri necə olsun, həmin pulu ödəməli olsa, onun az yaşlı körpə uşaqları nə ilə qidalansın. Qeyd edir ki, ən sonuncu övladı körpədir, onun süni qidası və s. bu gün çox xərc tələb edir. Bir tək onun maaşı ilə o, hansı bir ehtiyaclarını ödəsin? Yuxarıda da qeyd etdiyi kimi, bu gün ehtiyac meyarı yaşayış minumumu 246 manatdır, o övladları üçün çəkilən xərcləri və s. ödədikdə yerdə qalan pul məbləği ilə özü necə yaşasın, onun insan kimi gündəlik yaşamı və s. necə olsun? Bildirir ki, qazandığı əmək haqqı işə gedib gəlmək xərclərinə sərf olunur. Hesab edir ki, alimentin 220 manatadək artırılması üçün iddiaçının vəziyyətində hansısa bir dəyişiklik olmamışdır, hansı ki, əksinə dəyişiklik onda olmuşdur ki, (yeni nikah və iki övladının doğulması) bu da alimentin artırılması üçün qanunun tələblərini pozmaq deməkdir. Bildirmək istəyir ki, aliment təyin olunan vaxtdan onun vəziyyətində alimentin artırılması üçün zəruri olan heç bir dəyişiklik olmamışdır. Əksinə o, nikaha daxil olmuşdur. İki övladı da doğulmuşdur və etirazına əlavə edir. Həmçinin o, əmək qanunvericiliyində qeyd edilmiş normaya əsasən gün ərzində 8 saat işləyir və bundan artıq gedib hardasa işləyib (dövlətinin müəyyən etdiyi qanunvericiliyə əsasən) iddiaçının tələb etdiyi alimenti necə ödəyə bilər. Bundan başqa onu da bildirir ki, hal-hazırda o, əmək müqaviləsi ilə işləyir və aylıq sabit qazancı və gəliri var. İllərdir ki, də bu belədir, dəyişmir. Əgər məqsəd qanunla işə düzgün baxılıb qanunauyğun qətnamə qəbul etməkdirsə, onda hesab edir ki, aliment Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla bir uşağa görə onun gəlirlərinin və qazancının dörddə biri məbləğində təyin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşma çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) mliəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağmm əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqlarm saxlanması üçün vəsait tutulmasmı tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfmdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd etdiyi hallardan və qanunvericiliyin tələblərindən də göründüyü kimi, o iddiaçının tələb etdiyi 220 manatı ödəmək iqtidarında deyil. Bir ata olaraq imkanı, gücü yetsəydi daha artığını da ödəmək istəyərdi, lakin müvafiq şərtlərlə və şəraitlə bunu etmək qeyri-mümkündür. Çünki onun, təkcə bu övladını deyil, ikinci nikahından olan övladlarını da saxlamaq vəzifəsi var. Odur ki, məhkəmədən iddiaçının qanuna zidd olan tələbinin nəzərə alınmamasının, iddianın təmin edilməməsi, qanunauyğun şəkildə alimentin maaşın və digər gəlirlərin 4-də biri məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş AZ-İİİ 958703 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən).

6. AZ-İ 373453 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhə Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 166 nömrə ilə qeyd edilmişdir.

7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli ünmayəndəsi Vəkil tərəfindən ödənilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Həbibova (Həbibzadə) Günay Rövşən qızı arasında Sumqayıt ASAN xidmət X9 xx.xx.2015-ci il tarixdə 1203 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 anası Həbibova Günäy Rövşən qızının yanında qalması, 21 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh Əlisəfa oğlundan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. 06.04.2023-cü il tarixli arayışdan görünür ki, Həbibov X3 RETSİ-nin İstismar Şöbəsində mühəndis vəzifəsində işləyir və 690 manat əmək haqqı alır.

10. AZ-İİ 403429 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2020-ci il tarixdə Sumqayıt Asan Xidmət X9 nikaha girərək ailə qurmuşlar və bu nikah 1437 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

11. AZ-İV 650063 və AZ-İV 821338 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsiqlənmiş surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur.

12. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı “Qartal Tikinti Firması“MMC-də menecer işləyir və 710,56 manat əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2410/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 , 100.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 112.1.3, 119.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

15. İddiaçı Həbı̇ bova Günay Rövşən qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(060)-2410/2023 nömrəli qətnaməsini dəyişdirərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, 190 manat məbləğində alimentlə bir ay ərzində uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub. O, iddia tələbində uşağa görə 220 manat aliment tələb etmişir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 220 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyə ndə uşaqların mənafelərini üstün tutmalı, onların hüquql a rı nı n təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşağın mənafelərini üstün tutmamışdır. Axı analoji işlərdə məhkəmə bir uşaq üçün 220 manat aliment müəyyən edir!!! Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və ərizənin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

18. İdiaçı İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

21. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

28. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 anası Həbibova Günäy Rövşən qızının yanında qalması, 21 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh Əlisəfa oğlundan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin hazırda uşağın saxlanılmaları üçün kifayət etmədiyini iddia edərək iddiaçı alimentin artırılması və hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

30. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

31. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, həmçinin cavabdehin yenidən nikaha daxil olmaqla həmin nikahdan daha iki övladının olmasını və cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 190 manat məbləğində müəyyən edilməlidir.

32. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

35. Göründüyü kim apellyatorun şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın tam təmin edilməsi mübahisələndirilmişdir.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

38. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

39. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

40. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

41. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini, cavabdehin əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin müəyyən olunmuş hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Həbı̇ bova Günay Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(060)-2410/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar