Məhkəmə qərarları › İş №2(104)-2189/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2189/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2189/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər - Rzaquliyev Şamil Qəhrəman oğlunun (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-994/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət edərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, iki uşaq üçün 440 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-994/2023 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddianın qismən təmin edilməsi, xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğdə alimentin uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-994/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci ildə nikahı qeyd etməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşağı olmuşdur - xx.xx.2007-ci il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X6. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuş, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat, iki uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda o uşaqları həmin məbləğlə saxlaya bilmir. Uşağın xərcləri artmışdır. Uşaqlar məktəblidir və hazırlığa gedir. O həmçinin kirayədə yaşayır. Öz aldığı əmək haqqı ancaq kirayə xərcinə çatır. Buna görə də Goranboy rayon Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmalqa, iki uşaq üçün 440 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsassız qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. İddiaçı iddia ərizəsində göstərmişdir: uşaqlar məktəblidir və hazırlığa gedir. O həmçinin kirayədə yaşayır. Öz aldığı əmək haqqı ancaq kirayə xərcinə çatır. Uşaqlarm məktəbli olması, hansı məktəbdə və neçənci sinifdə oxuması barədə iş materiallarmda hər hansı bir sənəd yoxdur. Uşaqların hazırlığa getməsi barədə də iş materiallarında hər hansı bir ətraflı məlumat yoxdur. İddiaçının kirayədə yaşaması da həqiqətə uyğun deyil. Çünki o, 7 ildir ki, hal-hazırda 2 uşaqla birlikdə faktiki olaraq anası X1 məxsus olan Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evdə yaşayır və o, heç kəsi, o cümlədən anasını (cavabdehin anasını) da öz evinə buraxmır. Özü 3 ildir ki, müxtəlif ünvanlarda kirayələrdə yaşayır. İddiaçının harada işləməsi və nə qədər əmək haqqı alması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. O, hal-hazırda yenidən ailə qurmuşdur. Nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə nikahlarını 02 iyul 2022-ci il tarixdə 2 saylı Gəncə Regional “Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsində bağlamışlar. Həyat yoldaşı ilə hal-hazırda kirayədə yaşayırlar. Hazırda harada və hansı vəzifədə işləməyi və aldığı əmək haqqı barədə arayışı məhkəməyə təqdim etmişdir. O, "xxxx" MMC-də maşın operatoru vəzifəsində işləyir. Əmək haqqı 431,28 manatdır. İddiaçı hər ay hər uşağa görə 220 manat olmaqla, iki uşaq üçün 440 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, lakin sabit pul məbləğində tutulmalı alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış və bu xüsusatı təsdiq edən hər hansı bir sübutu iddiaya əlavə etməmişdir. Eyni zamanda cavabdehin maddi vəziyyətində dəyişiklik, yəni artım olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılmaqla qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)- 217/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış və nikah akt qeytdi kitabında 1 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2007-ci il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat, iki uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemində Cavabdeh gəlirləri barədə məlumatdan və "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də maşın operatoru vəzifəsində işləyir. Əmək haqqı 431,28 manatdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat, iki uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan müəyyən müddət keçmişdir, onların saxlanılması xərcləri də artmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün müəyyən edilmiş 125 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onların saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaqlar da böyüməklə onların tələbatları artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşaların marağını nəzərə alıb iddianı qismən təmin edərək, müəyyən olunmuş alimentin miqdarını artıraraq yuxarıda qeyd olunan məbləğdə təyin etmiş, lakin bu zaman cavabdehin himayəsində daha iki nəfər azyaşlı uşağının olduğunu və onun qazancını kifayət qədər nəzərə almamışdır. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilərək bir uşağın saxlanması üçün tutulan alimentin hər ay hər uşağa görə160 manat sabit pul məbləğində müəyyən edilməsi cavabdehin ailə vəziyyətinə ciddi təsir göstərə bilər. Belə olan halda məhkəmə kollegiyası iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə160 manat miqdarında alimentin məbləğini yüksək sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilərək artırılmış alimentin miqdarı hər ay hər uşağa 140 (bir yüz qırx) manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilərək iddianın rədd edilməli olmasına dair dəlili ilə razılaşmır, həmin dəlili əsassız sayır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-994/2023 saylı qətnaməsi - xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-217/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar