Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2184/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdeh X4 iştirakı ilə, İddiаçı X1 cavabdeh X6 qаrşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiаçı X7 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanması üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul miqdarında müəyyən edilməklə, cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 05 aprel 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 27 iyul 2013-cü ildə X10 və 13 mart 2015-ci ildə X8 anadan olmuşdur. Cavabdehin iddiası üzrə Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(013)-1298/2021 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Eyni zamanda məhkəmənin həmin qətnaməsi ilə azyaşlı övladları X5 və X3 onun yanında qalmasını müəyyən edilmiş və 26 may 2021-ci il tarixdən etibarən azyaşlı övladlarına görə hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, övladlarının ehtiyaclarının təmin edilməsi üçün alimentin məbləği hər uşaq üçün 140 manat məbləğində müəyyən edilməlidir. Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddiа qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(013)-1298/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan iddiaçı X2 xeyrinə hər ay, hər uşaq üçün 140 (bir yüz qırx) manat, ümumilkdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 08 iyun 2023-cü il tarixli, 2(013)- 1227/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, bu qətnamənin qanuni qüvvəyə mindikdən sonra Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(013)-1298/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(013)-1298/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015ci il təvəllüdlü X3, yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər bir uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğdə alimentin tutulması qət edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona qarşı çox qərəzli mövqe tutur ona görə ki, onun maddi imkanı yüksəkdir. O, iddiaçının tələbi ilə qətiyyən razılaşmır. O iş qabiliyətini tamamilə itirib, məhkəmə tərəfindən ona kəsilən alimenti ödəyə bilmir. O, ailə həyatı qurub, onun ailəsinin sosial problemləri vardır, ailə məcəlləsində də nəzərdə tutulur ki, hər iki valideyinin övladlarının saxlanmasına borcludular. Hal-hazırda onun əlində sahhətiylə bağlı xəstəlik kağızları vardır. Onun xahişi ondan ibarətdir ki, ona kəsilən aliment miqdarı azadılsın. Hal-hazırda təyin edilmiş alimenti ödəyə bilmir. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Onun hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamışdır. Bütün sadalanan obyektiv hallar, hal-hazırki maddi durumu cavabdeh tərəfindən nəzərə alınmayaraq, ona qarşı qərəzli tələb irəli sürmüşdür. Onun ailəli olmağı məhkəmə tərəfindən nəzərə alınmalıdır. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etməklə yanaşı, izahat verib bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir və təyin edilmiş alimenti ödəyə bilmir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının suallarına cavabında isə bildirmişdir ki, ev təmiri qismində usta kimi fəaliyyət göstərməklə dolanışığını təmin etməkdədir. Artıq 3 aydır ki, səhhəti ilə əlaqədar işləyə bilmir. Belə ki, onun epilepsiya xəstəliyi vardır. Xəstəliyi ilə bağlı isə ona əlillik verilməmişdir. Buna görə də hər uşaq üçün 110 manat aliment ödəmək iqtidarındadır. Bildiyinə görə iddiaçı işləməməkdədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2023-cü il üçün isə müəyyən edilmilş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Cavabdeh əmək qabiliyyətsiz olmasını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavadebhin hazırda işləməməsi ilə bağlı apellyaasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası uşaqların ananın himayəsində olmasını, onların qayğılarının çəkilməsinin ananın üzərinə düşməsini, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(013)-1227/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.