Məhkəmə qərarları › İş №2(016)-57/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-57/2023

13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-57/2023 13.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X5 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ona vurulmuş 1.080 manat məbləğində maddi zərərin və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq ona vrerilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun “Hunday Tukson” markalı avtomaşını var. xx.xx.2022-ci il tarixdə həmin avtomaşınla Şamaxı şəhərində “Musa bulağı”na ev üçün su gətirməyə getmişdir. Bulağın yanında çoxlu maşın olduğundan sağdan birinci evin qarşısında maşınını saxlamış, bulaqdan maşınların çıxmasını gözləmişdir ki, maşını bir yerdə saxlasın. Birdən onun tərəfindən nə isə bir şey zərblə maşına dəymiş, onun at olduğunu görmüşdür. Atın üstündəki oğlan yerə yıxılmış, o maşından yerə düşəndə oğlan qaçmaq istəmiş, onu tutanda oğlan əzildiyini demiş, o da həm polisə həm də təcili yardıma zəng etmişdir. Polis əməkdaşları gəldikdən sonra onları təcili yardıma, maşını isə polisə göndərmişlər. Təcili yardımda onlara ilkin tibbi yardım göstərildikdən sonra onlar yenidən polis şöbəsində gəlmişlər. İzahatları alınmış və onu ekspert həkimə göndərmişlər. Ekspert onu müayinə etmişdir. Bir neçə gün araşdırma aparılandan sonra onlara cavab verilmişdir ki, at sahibinin əməlində nə cinayət nə də inzibati xətanın əlamətləri yoxdur, lakin onun əmlakına yetirilmiş ziyana görə heyvan sahibi, dəymiş ziyana görə mülki məsuliyyət daşıyır və bu zərəri ona ödəməlidir. Maşına 1.080 manat maddi ziyan dəyməsi mütəxəssis tərəfindən müəyyən olunmuşdur. Həmin ziyanın cavabdehdən alınaraq ona verilməsini istəyir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarıda olan X4 izahatından görünür ki, o, Şamaxı rayonunun Çuxuryurd kəndində heyvandarlıqla məşğul olur. O, 10 sentyabr 2022ci il tarixdə saat 06 radələrində atını satmaq məqsədi ilə heyvan bazarına getmək üçün yola çıxmış, Şamaxı şəhərində Musa bulağının yaxınlığında yolun əks istiqamətində at ilə hərəkətdə olan zaman yolda avtomobillər hərəkət etdiyindən at ürkərək qaçmağa başlamış və nəticədə adı sonradan ona məlum olan Fəqani Tapdıqovun avtomobilinə çırpılmış, o atın üzərindən aşaraq yerə yıxılmış, Fəqani Tapdıqov təcili yardıma zəng edərək məlumat vermiş, bir neçə dəqiqə sonra təcili yardım gələrək onu rayonun mərkəzi xəstəxanasına aparmış, rayon xəstəxanasında müayinə olunduqdan sonra evə buraxılmışdır. Onun atı yolda hərəkət edən avtomobillərin səsindən ürkdüyü üçün qaçıb Fəqani Tapdıqovun avtomobilinə çırpılmış, hadisə baş verən zaman Fəqani Tapdıqova məxsus avtomobil dayanmış vəziyyətdə olmuşdur. İş materiallarında olan “Şamaxıservis və Ticarət Xidməti” tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 30 nömrəli rəydən görünür ki, “Hyundai Tukson” minik markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan ümumilikdə 1.080 manat məbləğində hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 10 sentyabr 2022-ci il tarixdə atını satmaq məqsədi ilə bazara getmiş, Şamaxı şəhərində Musa bulağının yaxınlığında yolun əks istiqamətində at ilə hərəkətdə olan zaman yolda avtomobillər hərəkət etdiyindən at ürkərək qaçmağa başlamış və at iddiaçı Fəqani Tapdıqovun avtomobilinə çırpılmış, nəticədə, “Hyundai Tukson” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.080 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1110-cu maddəsinin tələbinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, at Behram Əhmədliyə aid olduğundan, buna görə də iddiaçı Fəqani Tapdıqovun avtomobilinə heyvan tərəfindən dəymiş ziyan bilavasitə heyvanın sahibi, yəni cavabdeh Behram Əhmədlidən alınaraq iddiaçı Fəqani Tapdıqova ödənilməlidir. Məhkəmə iddia tələbinin 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. X3 1.080 manat və 31 manat dövlət rüsumunun əvəzi alınaraq X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar