Məhkəmə qərarları › İş №2(016)-59/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-59/2023

20.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-59/2023 20.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin istifadə etdiyi kommunal xidmətlərə görə 6.236 manat və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2007-ci ildə Mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1-ci blok, mənzil 50, 2 otaqlı mənzili Payçıya verməyi öz üzərinə götürmüşdür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz üzərinə götürür. Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. İddiaçı MMC tərəfindən sözü gedən binanın sakinlərinə kommunal xidmətlər göstərilmişdir. İddiaçı MMC-nin üzvlərinin ümumi iclasının protokoluna əsasən 2 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 60 manat, yay mövsümü üçün xərc isə 33 manat olaraq müəyyən edilmişdir. Cavabdehin hal-hazırda (Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 1 D, m 50), 2 otaqlı mənzilə görə kommunal xidmət haqqı borcunu İddiaçı MMC-yə 2010-cu il üçün 208 AZN, 2011-ci il 570 AZN, 2012-ci il 606 AZN, 2013-cü il 864 AZN, 2014-cü il 768 AZN, 2015-ci il 515 AZN, 2016-cı il 420 AZN, 2017-ci il 480 AZN, 2018-ci il 270 AZN, 2019-cu il 240 AZN, 2020-ci il 240 AZN olmaqla cəmi 5.181 AZN kommunala, 740 AZN sayğaza (qaz-400 AZN, işıq-100 AZN, su-80 AZN) krosna sputnik antenaya istifadəsinə görə 160 AZN, 315 AZN antenaya görə ümumilikdə 6.236 AZN borcu vardır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, MMC binaların tikintisi və təmiri ilə məşğul olmuşdur. Bu binalardan biri Binəqədi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli binadır. Bu yaşayış binasının bütün kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını sakinlərin razılığı əsasında İddiaçı MTK öz üzərinə götürmüşdür. Bütün sadalananların təmin edilməsi üçün bir çox şirkətlərlə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsaslanaraq göstərilən xidmətlərin ödənilməsi üçün mənzildə yaşayan şəxslərdən müəyyən ödənişlər tələb olunmuşdur. Lakin uzun müddətdir ki, müəyyənləşdirilən xərclər ödənilmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, əgər onun indiyə kimi hər hansı borcu var idisə, niyə hər dəfə kommunal xərcləri ödəyərkən ona borc haqqında heç bir məlumat verilməmiş, nə də borc haqqında bildiriş gəlməmişdir. Bu səbəbdən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan tarixi göstərilməyən xəbərdarlıq məktublarından görünür ki, cavabdehin İddiaçı MMC-yə 2010-cu il üçün 208 AZN, 2011-ci il 570 AZN, 2012-ci il 606 AZN, 2013-cü il 864 AZN, 2014-cü il 768 AZN, 2015-ci il 515 AZN, 2016-cı il 420 AZN, 2017-ci il 480 AZN, 2018-ci il 270 AZN, 2019-cu il 240 AZN, 2020-ci il 240 AZN olmaqla cəmi 5.181 AZN kommunala, 740 AZN sayğaza (qaz-400 AZN, işıq-100 AZN, su-80 AZN) krosna sputnik antenaya istifadəsinə görə 160 AZN, 315 AZN antenaya görə ümumilikdə 6.236 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən borcun cavabdehdən tələb edilməsi ilə bağlı hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin yaşayış evinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia əsassızdır və rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar