Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-603/2024 15.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı Məhdud Məsulliyyətli Kredit İttifaqının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 1.105,8 manat məbləğində əsas, 486 manat məbləğində faiz, 511,52 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 2.133,72 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ünvan 1 ünvanında yaşayan X1 arasında 02 mart 2022-ci il tarixdə Kİ-nın öz vəsaiti hesabına Kredit müqaviləsi bağlanmış, həmin müqavilə şərtlərinə əsasən borcluya 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 4.2.2-ci maddəsinə görə alınmış kredit məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini borcalan öhdəsinə götürüb. Cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə düşən öhdəliklərin ardıcıl olaraq 5 ayını yerinə yetirsə də qalan ayların ödənişini etməmişdir. Sonrakı dövrlərdə maddi vəziyyətin ağırlığını səbəb gətirərək bir ay kiçik həcmdə ödəniş etmişdir. Kredit Müqaviləsinin 5.3-cü maddəsinin tələbinə əsasən bu müqavilə şərtləri borcalan tərəfindən pozularsa, kredit verən müvafiq qaydada bu müqavilənin vaxtından əvvəl xitam olunmasını, borcalanın istifadə etdiyi Kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa Kredit verən borcalandan kreditlə əlaqədar digər xərclərin ödənilməsini tələb edə bilər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, rəsmi müraciət edilmiş lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh arasında 02 mart 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu X1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqavilənə əsasən borclu borcalan ilə birlikdə borc verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Ümumilikdə 01 mart 2024-cü il tarixədək 1.301 manat 68 qəpik əsas məbləğ ödənilməli olduğu halda 644 manat 20 qəpik ödəniş edilmişdir ki, nəticədə Kreditin əsas məbləği 1.355 manat 88 qəpik kəsrdə qalmışdır. Borclular Krediti məcburi olaraq ödəyəcəyi üçün əsas vəsaitin qalıq hissəsindən – 1.355 manat 80 qəpikdən pay haqqı - 250 manat 00 qəpik çıxıldıqdan sonra ödəniləcək kredit borcunun 1.105 manat 80 qəpik hissəsi əsas məbləğdir. Gecikdirilmiş dövrlər - 150 gün üzrə (hər gün 0.3 faiz olmaqla cərimə hesablanır) 511 manat 52 qəpik cərimə faizi hesablanmışdır ki, nəticədə Cavabdeh (zamin) Cavabdeh 01 mart 2024-cü il tarixli maliyə arayışına əsasən iddiaçıya olan borcu əsas məbləği 1.105 manat 80 qəpik, əsas məbləğə hesablanmış faiz məbləği 486 manat, gecikdirilmiş günlər üçün cərimə faizi 511 manat 52 qəpik, cəmi 2.103 manat 32 qəpik ödəniləsi borc yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən kreditin və ona hesablanmış əsas məbləğ və faizin vaxtında qaytarılmamasına görə şəxsən cavabdeh (zamin) Cavabdeh bütün əmlakları ilə məsuliyyət daşıyır. Beləliklə borcluların ödəyəcəyi əsas məbləğ 1.105 manat 80 qəpik, gecikdirilmiş dövr üçün faiz məbləği 486 manat, gecikdirilmiş günlər üçün cərimə faizi 511 manat 52 qəpik, cəmi 2.103 manat 32 qəpik təşkil edir. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazimi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddiaçı ilə cavabdeh (mərhum) X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona kredit verilmişdir. - iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə müqavilə üzrə 1.105,8 manat məbləğində əsas, 486 manat məbləğində faiz, 511,52 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 2.133,72 manat borcu yaranmışdır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli “Ölüm haqqında” arayışın surətindən görünür ki, X1 xx.xx.2022-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində ölmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 511,52 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun Cavabdeh tutulması ilə bağlı qeyd edir ki, MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə zamin olduğundan, borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.105,8 manat məbləğində əsas, 486 manat məbləğində faiz, 5 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 1.627,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsulliyyətli Kredit İttifaqına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-603/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-603/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver