Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-622/2023 04.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat məbləğində olmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3372/2021 saylı qətnaməsinə əsasən cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda minimum yaşayış məbləğinə görə 175 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda xx.xx.2019-cu il təvəllüdlü X1 4 yaşı var. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq bağçaya gedir, özü rəsmi olaraq heç bir yerdə işləmir və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabadeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, o, heç bir yerdə işləmir, gəliri yoxdur, oğlunun 4 yaşı var və o, bağçaya gedir. Hazırkı alimentin məbləği uşağın təlabatını ödəmir. Cavabdeh Bakı qeydiyyatındadır, orada saç ustası kimi fəaliyyət göstərir. Aylıq gəliri 1.500-2.000 arası olur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş edirəm. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o, aylıq 175 manat aliment ödəyir. Bu günə qədər alimenti vaxtlı-vaxtında ödəmiş, bu barədə heç bir problem yaratmamışdır. O, bronxial astma xəstəsidir, belində böyük ölçüdə yırtıq var. Onun 175 manatdan əlavə pul ödəməyə imkanı yoxdur, iddiaçı rayon aptekində əczaçı işləyir və alimentlə birlikdə 700 manat gəliri var. Bu səbəbdən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından – xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3372/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində sabit pul şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın tələbinə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. AM-in 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat məbləğində müəyyən edilməli və alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatadək olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-622/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-622/2023
04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver