Məhkəmə qərarları › İş №2(016)-63/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-63/2024

16.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-63/2024 16.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pulun reqres qaydasında geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə aid kredit müqaviləsi üzrə ödədiyi 2.000 manat pulun və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qızının keçmiş həyat yoldaşıdır. Onlar birgə nikahda olan zaman cavabdeh ondan zamin durmağını xahiş etmişdir. Buna əsasən o, "xxxx" ASC-də cavabdehin bağladığı kredit müqaviləsinə zamin durmuşdur. Sonradan cavabdeh əsassız olaraq bəhanələr gətirərək kredit borcunu ödəməkdən boyun qaçırmış, buna əsasən sözügedən bank Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək verilmiş kreditin və onun faizinin borcludan və zamindən müştərək qaydada tutulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-113/2021 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin olunmuşdur. Belə ki, sözügedən qətnaməyə əsasən ödəniş gününə olan məzənnə ilə 1320,29 ABŞ dolları əsas borc 304.98 ABŞ dolları faiz borcu və 10.00 ABŞ dolları cərimə borcu olmaqla, 1 635,27 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Zamin olduğu kredit müqaviləsinə görə xx.xx.2023-cü il tarixdə 1.900 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manat olmaqla toplam 2.000 manat ödəniş olunmuşdur. Bundan sonra, cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Buna əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh aid kredit müqaviləsi üzrə ödədiyi 2.200 manat pulun və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddiaçının nə qədər pul ödəməsi barədə məlumatı yoxdur. O, 2015-ci il tarixdə "xxxx"-dan kredit götürmüş, iddiaçı ona zamin olmuş, sonra ölkədə baş vermiş devalivasiya nəticəsində dolların məzənnəsində dəyişiklik olmuş və o, borcunu ödəyə bilməmişdir. Sonra bir müddət burda olmamış ərizə yaza bilməmiş, bunun nəticəsində dollar manata çevrilməmişdir. İddiaçının onun borcundan nə qədər ödədiyini bilmir. Həmin kredit məbləğindən iddiaçı tərəfindən ödəniş olunmuşdursa, həmin məbləği iddiaçıya qaytarmağa razıdır. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-113/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə ilə 1.320,29 ABŞ dolları əsas borc, 304,98 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, 1.635,27 ABŞ dolları məbəlğində borc və 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı müvafiq olaraq 1.900, 100, 100 və 100 manat olmaqla, ümumilikdə 2.200 manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş, İddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən İddiaçı həmin kredit müqaviləsi üzrə Cavabdeh öhdəlikləri üçün bank qarşısında zamin durmuşdur. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə, onun "xxxx" AS -yə borcu yaranmışdır. Borcun tutulması ilə bağlı "xxxx" ASC ərizə ilə borclular Cavabdeh və İddiaçı qarşı məhkəməyə müraciət etmiş və pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-113/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə ilə 1.320,29 ABŞ dolları əsas borc, 304,98 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, 1.635,27 ABŞ dolları məbəlğində borc və 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun icrası qaydasında İddiaçı 2.200 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda iddiaçı kredit müqaviləsi üzrə onun tərəfindən zamin qismində "xxxx" ASC-nin hesabına köçürülmüş 2.200 manat pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə istinadən qeyd edir ki, İddiaçı Cavabdeh əvəzindən sonuncunun "xxxx" ASC-yə olan borcu ödədiyindən, onun həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə iddianı əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 2.200 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.200 (iki min iki yüz) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar