Məhkəmə qərarları › İş №2(016)-64/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-64/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-64/2023 03.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Ağayev Fuad İmran oğlu, X4, X6 və X3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" QSC ilə Ağayev Fuad İmran oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsinin ləğv edilməsini, Ağayev Fuad İmran oğlu, X4, X6 və X2 müştərək qaydada iddiaçının xeyrinə 9.649,22 manat məbləğində kredit borcu, 116,29 manat məbləğində faiz borcu və 4.681,37 manat məbləğində cərimə olmaqla, cəmi 14.446,88 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 133,34 manat məbləğində dövlət rüsümunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağayev Fuad İmran oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.507,26 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 858.04 manat ödəniş etmiş və onun iddiaçıya 9.649,22 manat məbləğində kredit borcu qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, Ağayev Fuad İmran oğlu iddiaçı ilə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.507,26 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan iddiaçı ilə X6 arasında bağlanmış 005G**********03 saylı zaminlik müqaviləsinə əsasən, X.Əliyev zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı ilə X5 arasında bağlanmış 005G**********02 saylı zaminlik müqaviləsinə əsasən, A.Əliyeva zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı ilə X4 arasında bağlanmış 005G**********01 saylı zaminlik müqaviləsinə əsasən, Ç.Ağayev zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür vəborclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan arayışdan görünür ki, cavabdeh Ağayev Fuad İmran oğlunun xx.xx.2022-ci il tarixinə 9.649,22 manat məbləğində əsas borcu, 116,29 manat məbləğində faiz borcu və 4.681,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14.446,88 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərərək borcun ödənilməsini tələb etmiş, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyini bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh Ağayev Fuad İmran oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və həmin müqavilə üzrə hesablanmış faizi iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 4.681,37 manat məbləğində deyil, 150 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Çingiz Ağayev, Xalid Əliyev və Afiqə Əliyeva kredit müqaviləsi üzrə zamin olduqlarından, borcun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Ağayev Fuad İmran oğlu arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 005A********** tarixli kredit müqaviləsi ləğv edilsin. 9.649,22 manat məbləğində kredit borcu, 116,29 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.915,51 manat məbləğində kredit borcu və 133,34 manat məbləğində dövlət rüsumu cavabdehlər Ağayev Fuad İmran oğlu, X4, X6 və X2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar