Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-66/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 24.100 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi həyat yoldaşı Vüsalənin iş yoldaşı Güllər vasitəsilə tanımışdır. Onların Güllər və həyat yoldaşı Vahubla uzun müddətdir ki, tanışlıqları və gediş gəlişləri olmuşdur. Güllər həyat yoldaşına Cavabdeh Azərbaycan Respublikasının Mənzil X4 əməkdaşı olduğunu, əlində güzəştli evləri olduğunu bildirmiş, onlar da ev almaq istəyirmişlər. Güllərin həyat yoldaşı Vahubla cavabdeh kirvədir. Onlar cavabdehlə danışaraq onun vasitəsilə Azərbaycan Respublikasının Mənzil X3 güzəştli ev almaq qərarına gəlmişlər. 2022-ci ilin əvvəllərində cavabdehlə görüşüb mənzili almaq üçün ilkin ödəniş olaraq 11.800 manat pul vermiş, daha sonra yeznəsi X6 da təklif etmişdir ki, güzəştli ev var, cavabdehin vasitəsilə mənzil götürsün. Yeznəsi də onunla razılaşmış, Bankdan kredit götürərək mənzilin ilkin ödənişi kimi 11.800 manat pulu onunla birlikdə aparıb cavabdehə vermişdir. Daha sonra cavabdeh əlavə olaraq 2.000 manat pul istəmiş, o, 2022-ci ilin oktyabr ayında 2.000 manat pulu cavabdehin kart hesabına göndərmişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onları aldatmış, mənzillə təmin etməmişdir. Ailəvi gediş-gəlişləri olan Vahubla Güllər də dəfələrlə onlarla birlikdə Asimlə görüşüb və mənzili onlara təqdim etməsini, ya da onların pullarını qaytarmasını desələr də heç bir nəticəsi olmamışdır. Cavabdeh hər dəfəsində müxtəlif bəhanələrlə onlardan vaxt istəyərək mənzillə təmin edəcəyinə dair vədlər vermişdir. Daha sonra bilmişdir ki, cavabdeh heç Cavabdeh Azərbaycan Respublikasının Mənzil X4 əməkdaşı deyildir. Onun Watsap vasitəsilə smsləri və səs yazıları onlara borclu olduğunu tam şəkildə sübut edir. Cavabdeh 25.600 manat puldan 1.500 manatını onlara qaytarmışdır. Qalan 24.100 manat pulu indiyə kimi qaytarmağına dair vədlər versə də pulu qaytarmır. Sonradan bilmişdir ki, cavabdeh bir neçə şəxsləri dəı eynilə onları aldatdığı kimi aldatmışdır. Neçə müddətdir ki, gözləyir, ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında həmçinin bildirmişdir ki, mənzilin ilkin ödənişi kimi 11.800 manat pulu kürəkəni ilə birlikdə aparıb cavabdehə vermişdir. Daha sonra cavabdeh 2.000 manat pul istəmiş, 1.000 manat o, 1.000 manatını isə kürəkəni vermişdir. Sonra cavabdeh həmin pulun 1.500 manatını qaytarmış, ondan 1.000 manatını kürəkəni X6 vermiş, 500 manatını özünə götürmüşdür. Hazırda onun cavabdehdə 12.300 manat məbləğində pulu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ödəniş qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pulu Cavabdeh göndərmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 162 manat məbləğində dövlət rüsumu ödəmişdir. X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun qaynatasıdır. Güllərin həyat yoldaşı Vahubla bir yerdə işləyiblər. Cavabdeh Asim onlara ev düşdüyünü demiş, o da bir arayış alıb vermişdir. O özü 6.300 manat pul vermiş, sonra düzəldib 11.800 manat pul ödəmişdir. Sonra onlara demişdir ki, narahat olmayın sizə ev düşür. Bir dəfə də zəng edib demişdir ki, evin satışı başlayır. O, cavabdehə Mənzil İnşaatı Dövlət Agentliyin ev satışa çıxmadığını demiş, cavabdeh ona adlarının qabağa düşməsi üçün hərəsinin 1.000 manat pul verməsini bildirmişdir. Onlar cavabdehə cəmi 2.000 manat pul vermişlər, cavabdeh həmin puldan 1.500 manat qaytarmış, pulun 1.000 manatını o, 500 manatını qayınatası götürmüşdür. Pulu cavabdehə Şamaxinkada veriblər. 11.800 manat qayınatasının pulunu və onun özünün 6.300 manat pulunu cavabdehə vermişlər. X1 məhkəmə iclasında bildirdi ki, cavabdeh onun həyat yoldaşı ilə dost olub. Onlar da cavabdehin mədəni olmasını görüb inanmışlar. O da işdə iddiaçının arvadı Vüsalə xanıma evlə bağlı demiş, Vüsalə də ev götürmək istədiklərini demişdir. O, yoldaşına demişdir. Telefon nömrəsini yoldaşından alıb, Vüsaləyə vermiş, sonra özləri danışıblar, Şamaxinkada pulu Asimə veriblər. Vüsalə ona pulu Asimə verdiklərini demişdir. Məhəkəmə iclasında müəyyən edildi ki, İddiaçı tanışları X7 vasitəsi ilə tanıdıqları Cavabdeh ev almaq məqsədi ilə 2022-ci ildə Şamaxinka deyilən yerdə kürəkəni X5 yanında 11.800 manat məbləğində pul vermişdir. Daha sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə X8 ilə birlikdə hərəsinə 1.000 manat olmaqla, cəmi 2.000 manat məbləğində pulu cavabdehin bank kartına göndərmişlər. Cavabdeh 2.000 manat pulun 1.500 manatını qaytarmışdır. Cavabdeh tərəfindən qaytarılmış pulun 500 manatını iddiaçı, qalan 1.000 manatını isə kürəkəni X8 götürmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 12.300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 80 manatı iddiaçıya, 82 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12.300 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 82 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 80 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-66/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-66/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver