Məhkəmə qərarları › İş №2(016)-676/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-676/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-676/2023 03.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə BPM**********89 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2.957,93 manat əsas borc olmaqla, cəmi 2.957,93 manat və ödənilmiş 49,98 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə İbişov Əzizbəy İbiş oğlu ilə bağlanmış BPM**********89 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İbişov Əzizbəy İbiş oğluna 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 4.000 manat məbləğində kredit verilmişdir. Borclu İbişov Əzizbəy İbiş oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 130 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İbişov Əzizbəy İbiş oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 121 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, İbişov Əzizbəy İbiş oğlunun BPM**********89 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2.957,93 manat əsas borcu olmaqla, cəmi 2.957,93 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər, mərhum İbişov Əzizbəy İbiş oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan BPM**********89 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən İbişov Əzizbəy İbiş oğluna 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 4.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İbişov Əzizbəy İbiş oğlunun xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli kedit müqaviləsinə əsasən nağd kredit üzrə 2.957,93 manat əsas borc olmaqla, cəmi 2.957,93 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan AZ-İİ-119747 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbişov Əzizbəy İbiş oğlu xx.xx.2020-ci il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr ayının 14də 474 nömrə ilə qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlərə mərhum İbişov Əzizbəy İbiş oğlunun borcunun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli bildiriş göndərmişdir. İş materiallarında olan məhkəməsinin sorğusuna Ağsu Rayon Notariat Ofisinin notariusu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İbişov Əzizbəy İbiş oğlunun adından vərəsələrinə xx.xx.2021-ci il tarixdə Ağsu Rayon Notariat Ofisində 2V-181 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş İbişov Əzizbəy İbiş oğlunun vərəsələri arvadı - Cavabdeh1 miras əmlakdan 1/5 hissədə, qızı - Cavabdeh2 miras əmlakdan 1/5 hissədə və oğlu - Cavabdeh3 miras əmlakdan 3/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu RQI və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC398202 nömrəli qeydiyyat şəhadənaməsinə əsasən ban nömrəsi WDB2100611A806343 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı, **-EU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan X1 və X2 tərəfindən verilmiş ərizələrdə bildirilmişdir ki, onlar mərhum ataları İbişov Əzizbəy İbiş oğlundan qalmış mirasın onlara çatan hissəsindən qardaşları Cavabdeh3 xeyrinə imtina edirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum İbişov Əzizbəy İbiş oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2020-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1954-cü il təvəllüdlü İbişov Əzizbəy İbiş oğlunun adına Ağsu Rayon Notariat ofisində 121 nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı cavabdehlərdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 miras əmlakdan 1/5 hissədə, qızı - Cavabdeh2 1/5 hissədə pay aldıqlarından, onların hər birindən ayrı-ayrılıqda 591,59 manat, Cavabdeh3 miras əmlakdan 3/5 hissədə pay aldığından, iddiaçının xeyrinə 1.774,76 manat pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 49,98 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 50,38 manat pulun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Həmin məhkəmə xərci cavabdehlərin miras əmlakdan əldə etdikləri paya mütənasib olaraq onlardan tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. BPM**********89 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2.957,93 manat məbləğində kredit borcuna görə Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda 591,59 manat, dövlət rüsumu və xidmət haqqına görə 10 manat, Cavabdeh3 kredit borcuna görə 1.774,75 manat, dövlət rüsumu və xidmət haqqına görə 30,38 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar