Məhkəmə qərarları › İş №2(016)-704/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-704/2023

18.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-704/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı ““Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 adına, xx.xx.2016 tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olmuş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş həmin Çıxarışın fərdi evin bir hissəsinə münasibətdə ləğv edilməsi və eləcə də Ağsu Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən Ağaşirin Səfərov öz adına JN-072F KOD 40911018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında X5 adına verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 oktyabr 2015-ci il tarixində ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda mübahisəli evin bir hissənə münasibətdə ləğv edilməsini və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X10 xx.xx.2005-ci ildə, anası X21 xx.xx.1999-cu ildə ölmüşdür. X1 xx.xx.2001-ci ildə ölmüşdür. O, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, hərbi xidmətdən qayıtdıqdan sonra orta texniki təhsilini Bakı şəhərində alıb və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləmişdir. Mərhum valideynləri onunla böyük X34 üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha. həyətyanı torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə onlara 16 metr uzunluğuqda, 10,5 metr enində iki hissədən ibarət kürsülü ev tikmişlər. Evin inşası 1973-cü ildən başlamış və 1975-1976-cı illərdə başa çatdıqdan sonra həmin vaxt atası qardaşı ilə aralarında püşk ataraq kimə evin hansı hissəsi düşməsini həll etdikdən sonra evin sol hissəsi (arxadan baxdıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Beləliklə, o da 1979-cu ildə ailə quraraq o tarixdən həmin evə köçüb evin ona aid olan hissəsində yaşamağa başlamışdır. Uşaqlarının hamısı bu evdə doğulmuşdur. 1990-cı ildə iş yeri bağlandığına (sovxozda yem briqadiri işləyirdi) görə məcbur olub gedib Bakı şəhərində işləməli olmuşdur. Kənddəki evinə hər zaman gedib-gəlmiş, təsərrüfatı ilə məşğul olmuş, ev əşyalarıda həmin evdə olmuşdur. Hazırkı iş üzrə qardaşı arvadı olan Ə.Cəfərova, 2019-cu il tarixində ona qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair” Ağsu Rayon Məhkəməsində iddia qaldırmışdır. Mülki işin araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və dövlət reyestrindən Çıxarış verilmiş və əlavə olaraq onun da evinə aid hissəsini həmin Çıxarışa saldıraraq, faktiki mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesi zamanı evin hüquqmüəyyənedici sənədləri digər 14 saylı Şamaxı Ərazi İdarəsindən tələb edilib gətirilərək işə əlavə edilərək araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgilər ilə evin daxili cizgilərində uyğunsuzluqlar mövcuddur. Torpaq sahəsinin kəndin təsərrüfatbaşına kitabında qeydi ilə kitab tapılmamışdır. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon X19 13 iyul 1998-ci il tarixli, 07 saylı qərarına əsasən, qardaşı Ağaşirin Səfərov öz adına JN-072F KOD 40911018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mərhum X1nun adına, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 oktyabr 2015-ci il tarixində ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarış, sonradan vərəsəlik qaydasında iddiaçı Cavabdeh1 adına xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarış alınmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ona qarşı “’yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbi” təmin edilmişdir. Bununla da onun həm mülkiyyət hüququ və həm də vərəsəlik hüquqları pozulmuşdur. Qeyd etdiyi kimi mərhum atası 0.10 ha. həyətyanı torpaq sahəsini 1970-ci ilin əvvəllərində o zaman mövcud olmuş kənd sovetindən almış, onun üzərində 1973-cü ildə ev tikintisinə başlamış, 1976-cı ildə inşası başa çataraq mərhum atası püşkatma ilə iki qardaş arasında yarı bölmüş, o, evlənərək orada yaşamış, uşaqları orada doğulmuş, ata və anası ölənədək həmin evdə yaşamışlar və 1998-ci ilədək ev onun qardaşı ilə birgə mülkiyyətində olduğu halda, həmin torpaq sahəsi sonradan qardaşının adına qeyri-qanuni olaraq pay torpağı kimi rəsmiləşdirilmişdir. Aqrar-İslahat Komisiyasının qərarına qədər bu ev onun qardaşı ilə hər ikisinin faktiki mülkiyyətində olmuşdur. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 82 kv.m sahə təşkil edir. Hesab edir ki, atası tərəfindən həyətyanı torpaq sahəsinin alınmasına dair kənd icra nümayəndəliyindən (keçmiş kənd sovetindən) adambaşına təsərrüfat kitabı qeydi mərhum qardaşı tərəfindən hansı vasitə iləsə yoxa çıxarılmış və ya sildirilmiş və Aqrar-İslahat Komisiyasının fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi vermək səlahiyyətində olmadığı halda həmin torpaq sahəsini qanunsuz olaraq qardaşının adına pay torpağı kimi rəsmiləşdirib Şəhadətnamə vermişdir. Aqrar- İslahat Komisiyasının səlahiyyəti yalnız kənd təsərrüfatı təyinatlı topraqlar üzrə qərar vermək səlahiyyətinə malik olmuşdur. Fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsini yalnız vaxtı ilə mövcud olan kənd sovetləri, daha sonra adı dəyişən kənd icra nümayəndəliyi, bələdiyyələr yarandığı vaxtdan isə qanunlara görə kənd bələdiyyələrinin səlahiyyətələrinə aid edilmişdir. Torpaq sahəsinin qardaşı-A.Səfərova ailə üzvlərinin sayına görə pay torpağı kimi X19 qərarı ilə qanunsuz olaraq ayrılmaqla, vərəsəliyə çağrılmadan Cavabdeh1 isə qanunsuz olaraq onu vərəsəlik qaydasında qəbul etmiş, eləcə də heç bir müəyyənedici sənəd olmadan qanunsuz olaraq ona dair Çıxarışlar verilmişdir. Hansı ki, evin ona aid olan hissəsi onun mülkiyyəti hesab edilir və indiyə kimi evin bir hissəsi sahibliyində və istifadəsində olmaqla açarı da özündədir, arvadının cehizlik əşyaları da oradadır. ‘'Vahid Qiymətləndirmə” MMC tərəfindən Mübahisəli evin və həmçinin həyətyanı torpaq sahəsinin 1 sotunun faktiki olaraq 2008-2012-ci ildə tərtib edilmiş sahiblik etməyi və istifadəsində olmağına dair “Daşınmaz Əmlakın texniki qiymətləndirilməsi” və bununla əlaqədar xx.xx.2012-ci il tarixli mədaxil qəbzi, habelə xx.xx.2017-ci il tarixində Kalva Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin qardaşbacılarının və qeyrilərinin - cəmi 9 nəfərin iştirakları ilə tərtib edilmiş Akt da bir daha təsdiq edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən o, daşınmaz əmlak kimi onun Ağsu rayonunun Kalva kəndindəki atasının iki qardaş üçün tikdiyi evinin bir hissəsinə faktiki mülkiyyət hüququ əldə etməyi inkarolunmaz faktdır. Ata-analarının isə kənddə özlərinin ayrı evi olmuş və orada ölənədək yaşamışlar, hazırda orada kiçik qardaşı yaşayır. Ağsu Rayon Məhkəməsində araşdırma zamanı bu cavabdeh xanım şahid qismində işə cəlb edilmiş qardaş və bacıları evin hansı məqsədlə və kimlər üçün tikilməsini və orada yaşamaqlarını təsdiq etmişlər. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Ağsu Rayon Məhkəməsinə göndərilən sənədlərdə, ona məxsus evin, üzərində yerləşən 50 m2 yaxın sahəsi zəbt edilmiş kimi göstərilmişdir. Əslində zəbt edilmiş yox, ona məxsus torpaq sahəsidir. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Yuxarıda qeyd edilən Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin Şəhadətnamə əsasında verilmiş Çıxarışların ləğv edilməsi, mübahisəli evin bir hissəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması üçün Şəki İnzibati məhkəməsində qeyd edilən şəxslərə qarşı iddia tələbi qaldırmış, həmin məhkəmənin 2(116)-880/2023 saylı işi üzrə 31 yanvar 2023-cü il tarixli məktubunda ona əsaslandırılmış halda tövsiyə edilmişdir ki, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğvinə dair əvvəlcə mülki mühakimə icraatı qaydasında mübahisələndirmə aparmalı, uğurlu olduğu halda, yalnız bundan sonra Çıxarışlarla əlaqədar inzibati icraat qaydasında mübahisələndirmə aparmalıdır. Odur ki, İnzibati məhkəmə prosesi işi hazırkı tələbi üzrə mülki məhkəmə icraatında baxılıb qərar qəbul edilənədək saxlanılmışdır. Lakin hazırkı mülki tələblə əlaqədar mülki mühakimə icraatında işə baxılması üçün bəzi mübahisəli Çıxarışlar, Şəhadətnamə və başqa zəruri sənədlər də məhkəməyə təqdim edilməlidir, hansı ki, bunlar cavabdehdədir və ona verəsi deyildir, yaxud da verildiyi idarətəşkilat da ona verəsi deyildir. Hansı ki, bunlar Ağsu Rayon Məhkəməsinini 06 aprel 2022ci il tarixli, 2(016)-09/2022 saylı işində vardır. Odur ki, Məhkəmədən xahiş edir ki, zəruri sənədlərin surətlər elə həmin mülki işdən çıxarılıb götürülsün. Mübahisəli “Vərəsəlik Şəhadətnaməsi“ hansı notariat orqanı və yaxud ASAN xidmət orqanının notariat orqanı verdiyi haqqında onda məlumat yoxdur. Cavabdehlər Cavabdeh1 qeyri-qanuni olaraq bu sənədləri yoxa çıxarmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 2V-70 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi ona ərindən qalmışdır. İddiaçı əvvəllər mübahisəli evə yaşamışdır. Həmin evin polunu, pəncərsini və qapısını iddiaçıya qaytara bilər. İddiaçının iddia əsassızdır və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Doğum haqqında” arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası X10, anas X22 olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X13 05 iyun 1947-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası X10, anası X22 olması qeyd edilmişdir. İş materiallarında olan JN-0073 saylı, kod 40911018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X13, Cavabdeh1, X16, X3 mülkiyyətinə Ağsu rayon Aqrar islahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 0.88 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş reyestr nömrəsi **********7640301 olan çıxarışdan görünür ki, ümumi sahəsi 78,5 olan fərdi yaşayış evi X13, Cavabdeh1, X17 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında” Şəhadətnamənin surətindən görünür ki, X13 02 mart 2001-ci il tarixdə ölmüşdür. İş materiallarından olan İddiaçı, X14, X23, X24, X28, X25, X15, X6, X2 iştirakaları ilə tərtib edilmiş aktda bildirilmişdir ki, ünvan 1ində Mustafıya bağı deyilən ərazidə 1973-cü ildən X10 yuxarıda göstərilən ailə üzvləri ilə birlikdə yaşayış evi tikdirmişdir (evin sahəsi 128 m2). Bu evi öz oğlanları X13 və İddiaçı vermişdir. 1979-cu ildə Səfərov Ağakişi öz oğlu İddiaçı ayrılıq vəsiyətnaməsi ilə 1 sot torpaq sahəsi ilə birlikdə evin yarısını ona vermişdir. Onlar da öz ailə üzvləri ilə birlikdə 1979-cu ildən bu evdə yaşayırlar. İş materiallarından olan Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X17 və X4 cavabdeh İddiaçı qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar Cavabdeh1, X17 və X4 xüsusi mülkiyyətində olan və ünvan 1ində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmənin sorğusuna Ağsu Rayon İcra Hakimiyyəti başçısının X47 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda bildirilmişdir ki, ünvan 1ində yaşamış və xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X5 vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: arvadı-Cavabdeh1, qızları-X17, X11, bacıları-X18 (1983-cü ildə vəfat edib), X6, X8, X12, qardaşları-X14, İddiaçı, X24, X23, X28. Mərhumun vəfatından sonra ona məxsus ünvan 1ində yerləşən bütün daşınar və daşınmaz əmlakı faktiki olaraq arvadı-Cavabdeh1 tərəfindən qəbul edilmiş, hal-hazırda da onun istifadəsində və nəzarətindədir. Məhkəmənin sorğusuna Ağsu Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda bildirilmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X5 adından vərəsələrinə Ağsu Rayon Notariat Ofisində xx.xx.2016-cı il tarixdə 2V-70 və xx.xx.2023-cü il tarixdə 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsələri - X17, Cavabdeh1 və X7r və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha. olan torpaq sahəsindən X9 çatan hissədən və ümumi sahəsi 78.5 m2 olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsələri arvadı-Cavabdeh1, qızları-X17, X7r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: DTXK-nin Ağsu Rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş seriya nömrəsi JN:0073, Kod: 40911018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.8763 ha. olan torpaq sahəsindən X9 məxsus olan hissədən ibarətdir. DƏDRXdən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/32 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə, isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hesab edir ki, vərəsəlik, o cümlədən mirasın qəbulu ilə bağlı mübahisələrə baxarkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, miras əmlakın hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki), eləcə də tətbiq edilməli olan maddi hüquq normalarına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsinin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1.1-ci madəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1300-cü maddəsinə görə, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. MM-in 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (MM-in 6-cı maddəsi). Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, ünvan 1ində yaşamış və xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X5 arvadı - Cavabdeh1, qızları - X17, X11, bacıları - X18 (1983-cü ildə vəfat edib), X6, X8, X12, qardaşları - X14, İddiaçı, X24, X23, X28 onun qanun üzrə birinci növbə vərəsələridir. Təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, qeyd olunan vərəsələrdən İddiaçı miras qalmış əmlakı qəbul etməməsi və pay istəməməsi barədə notariat qaydada ərizə verməmiş, yəni onun iradə ifadəsi müəyyən edilməmiş, bununla bağlı notariat işinə hər hansı bir sənəd əlavə olunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Ağsu rayon Notariat kontoru tərəfindən vərəsəlik işləri açılarkən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlər görülməmiş, notarius yalnız xx.xx.2016-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının X47 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla kifayətlənmişdir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ağsu rayon Notariat kontoru tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixdə verilmiş və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar