Məhkəmə qərarları › İş №2(016)-705/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-705/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-705/2024 24.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları 08 iyun 2022-ci il tarixdə anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılaraq Cavabdeh həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün o, iddiaçi İddiaçı xeyrinə hər ay bir uşağa 230 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 08 iyun 2022-ci il tarixdə anadan olan X4 adlandırdıqları uşaqları var. Cavabdehlə ər-arvadlıq münasibətləri pozulmuşdur və ayrılıqda yaşayırlar. Uşağı isə onunla birlikdə və onun himayəsində yaşayır. Ağsu rayon məhkəməsinin qətnaməsinə əsasən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 170 manat sabit pul məbləği ilə alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi aliment uşağın normal yaşayışını təmin etmir. Bu səbəbdən də məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılmasını və hər ay sabit pul məbləği ilə ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi oğlunun işsiz olduğunu, 170 manat alimentin güclə ödənildiyini, özünün xəstə olmağını, heç bir yerdə işləmədiyini, maddi vəziyyətində heç bir dəyişiklik olmadığını bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 12 iyun 2023-ci il tarixli 2(016)-81/2023 saylı qətnaməsinin surətindən görünür ki, 08 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh оğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 08 iyun 2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Ağsu Rayon Məhkəməsinin 12 iyun 2023-ci il tarixli 2(016)-81/2023 saylı qətnaməsi ilə uşaq ananın yanında saxlanılmış və Cavabdeh оğlundan İddiaçı xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat məbləğində sabit pul şəklində aliment tutulmuşdur. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin yetərli olmadığı, uşağın tələbatını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini vurğulayır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarına görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ağsu Rayon Məhkəməsinin 12 iyun 2023-ci il tarixli 2(016)-81/2023 saylı qətnaməsi ilə Cavabdeh оğlundan İddiaçı xeyrinə 08 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda isə İddiaçı maddi cəhətdən çətinlik çəkməsi əsası ilə aliment məbləğinin dəyişdirilərək artırılması tələbini irəli sürmüşdür. Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 230 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh tərəf maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddi duruma salacağını, iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı 08 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 230 (iki yüz otuz) manat aliment tutulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə əlavə hal olaraq xatırladır ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 08 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 230 (iki yüz otuz) manat aliment tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar