Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-71/2023 30.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Azəriqaz” X4 X5 idarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında yazılmış 172,80 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun yaşadığı ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarət də məhz cavabdeh tərəfindən həyata keçirilir. O, həmin sayğaca müvafiq qaydada yüklədiyi qazı istifadə edir. Sayğac küçədə quraşdırıldığından ona nəzarət iradəsindən kənardır. Sayğacda olan hər hansı qüsura görə abunəçi olaraq məsuliyyət daşımır. Lakin cavabdeh əsassız olaraq ona 172,80 manat cərimə hesablayaraq, həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktından görünür ki, X3 məxsus Smart G4 markalı, 1502Az**********63 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın klapanı işlək deyil. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac minimum sərfiyyatla 100 faiz nisbi xətala işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-02918-1 saylı aktına əsasən G-4 markalı, 1502Az**********63 nömrəli sayğacın klapanı işlək deyil. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac minimum sərfiyyatla 100 faiz nisbi xətala işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X2 mənzilinə xx.xx.2022-ci il tarixdə ZENNER G4T smart markalı, **********509 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00140-dır. xx.xx.2022-ci il tarixli, 186 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq “Azəriqaz” İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq X1 şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın klapanı işlək olmaması, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsivə təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 172,80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X4 X6 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı X3 hesablanmış 172,80 manat məbləğində cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 172,80 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-71/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-71/2023
30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver