Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-71/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən səhvən onun kartına göndərdiyi 800 məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh əvvəllər tanımamışdır. Belə ki, Bakı şəhərində yaşayan X2 onun 800 manat pul borcu olduğundan, Gülhüseyn ondan borcunu tələb etmiş, o da xx.xx.2023-cü il tarixdə saat 21:56-da öz adına olan 416973******2974 nömrəli kart hesabından, onun istifadə etdiyi **********663864 nömrəli Bir kartına pul göndərmiş, lakin o, X1 adına olan Bir kartında olan 66 yazılan rəqəmində səhvə yol vermiş və 66 rəqəmi əvəzinə 60 rəqəmi yazmaqla 800 manat pulu Cavabdeh istifadə etdiyi Bir kartına göndərmişdir. O, bundan sonra Cavabdeh istifadə etdiyi ***-***-**- ** nömrəli mobil telefonu ilə əlaqə saxlamış və 800 manat pulu səhvən onun adına olan karta köçürdüyünü bildirib, pulu özünə qaytarmasını xahiş etmişdir. Cavabdeh 800 manat pulu tezliklə ona geri qaytaracağına söz versə də, buna əməl etməmiş və onun 800 manat pulunu geri qaytarmamışdır. O, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Sizin 800 manat pulunuzu səhvən başqa şəxsin bank hesabına köçürməyiniz və bundan sonra həmin şəxs tərəfindən pulunuzun geri qaytarılmaması barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə etdiyiniz müraciətlə əlaqədar olaraq bildiririk ki, toplanmış materialda cinayət və ya inzibati xəta tərkibi olmadığından, material işə alınmışdır. Tələbiniz mülki xarakterli olduğundan, aidiyyəyti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, həftənin 5-ci günü telefonuna sms gəlmişdir. Ondan üç gün əvvəl anası xəstə olduğu üçün kredit götürmək məqsədilə Banka müraciət etmişdir. Ona 800 manat pulun kartına köçürülməsi ilə bağlı sms gəlmiş, o gedib həmin məbləği çıxarmış, başqasına olan borcunu ödəmişdir. Bazar ertəsi Banka zəng etmişdir ki, ona 800 manat kredit ayrılıbsa, bunu necə ödəməlidir, ayda neçə manat ödəyəcək. Bankdan ona pul ayrılmadığı, səhvən müştərinin nömrəni səhv salaraq onun kartına 800 manat pulu göndərdiyi və pulu geri qaytarmalı olduğu deyilmişdir. O da pulu xərclədiyini demiş, əlaqə saxlamaq üçün vətəndaşın nömrəsini istəmiş, sonra iddiaçı ilə danışmış hər ay 400 manat olmaqla, iki ay ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra, bir nəfər xanım ona demişdir ki, Səyyad kimdi, pulun yiyəsi mənəm. O, etiraf edir ki, pul onun kartına gəlib, hazırda həmin pulu bir dəfəyə ödəməyə imkanı yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, müraciəti ilə əlaqədar toplanmış materialda cinayət və inzibati xəta tərkibi olmadığından material işə alınmışdır. Tələbi mülki xaakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bidirilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən səhvən Cavabdeh bank hesabına 800 manat məbləğində pul köçürülməsi cavabdehin etirafı və işin digər materialları ilə sübuta yetirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 800 manat məbləğində pul göndərməsinin nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin kartına pul öndərməsinin nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 800 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-71/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-71/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver