Məhkəmə qərarları › İş №2(016)-72/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-72/2024

05.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-72/2024 05.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh həyətyanı torpaq sahəsinin satışı ilə əlaqədar 2014-cü ildə ondan aldığı 7000 (yeddi min) manat pulun müqabiləndə sənədləşməni hazırlayıb alqı-satqını etmədiyindən həmin məbləğ pulunu və manatın infılyasiya olunaraq dəyərini itirməsi nəticəsində ona vurduğu 3000 (üç min) manat ziyan, cəmi 10000 (on min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bildirir ki,məlum hadisələrlə əlaqədar o ailəliklə qaçqın düşərək Ağsu rayonunun dağ kəndi olan Girdə kəndində məskunlaşaraq əsasən heyvandarlıqla məşğul olur. Cavabdeh olan Cavabdeh isə faktiki olaraq Abşeron rayonunun Pirəküşkül qəsəbəsində, körpü yaxlınlığındakı qaçqınlar üçün yeni tikilmiş çoxmərtəbəli evlərin yanında şəxsi həyət evində qalır. Oraya küçə adı verilməmişdir, çünki dəfələrlə onu axtarıb danışmaq üçün evlərinə də getmişdir. Cavabdehin Ağsu rayonunun Gursulu kəndində atasından qalmış kiçik daxmalı həyət evi vardır. Onlar qaçqınların yaşayış evləri şəraitli olmadığından bir qismləri, rayonun müxtəlif kəndlərindən həyətyanı torpaq sahəsi alıb ev tikib yaşayırlar. Məsələn onun qohumlarının bir qismi Ağsu rayonunun Pirhəsənli kəndində həyətyanı torpaq sahəsi alıb üzərində ev tikib yaşayırlar. Ona görə də o da həyətyanı torpaq sahəsi almaq üçün tanış-bilişlərə soraq etmişdir. 2013cü ilin son aylarında tanışlardan eşitmişdir ki, Ağsu rayonunun Gursulu kəndindən olan,faktiki olaraq Bakı şəhərində yaşayan Cavabdeh adlı şəxs də kənddə olan yurdunu satır.Odur ki, o onun qardaşı olan Nurəddinlə görüşmüş və onunla bu barədə sorğu-sual etdikdə o, da bunu təsdiq etdi. O, bildirmişdir ki, qardaşı valideynlərindən qalan həyətyanı torpaq sahəsindən onun payına düşən hissəsini 7 (yeddi) min manata satır, ancaq iş düzəlsə bir min (manat) da ona verməlidir. O, bildirmişdir ki,qardaşı kəndə gələndə ona xəbər edər, gəlib yurda baxsın. Bir xeyli sonra Mübarizin kəndə gəlməyini bilib o, da ora getmiş və Mübariz yurdu ona göstərmişdir 0,18 ha sahəsi olduğunu demiş və xoşuna gəlmiş və razılaşmışdırlar. O,ona deyib ki, pulu düzəldib versin, ona öz payına düşən həyətyanı torpaq sahəsinin sənədlərini düzəltmək üçün pul lazımdır. Pulu alıb sənədlərini düzəldib verəcəkdir. Həmin vaxtlarda hazırda İsmayıllı körpüsünün yanında yaşayan yeznəsi X1 ilə Ağsu şəhərində yerləşən Kadastr idarəsindən gedib nümayəndə gətirib həyəti ölçdürüb həqiqətən 0,18 ha ölçüdə olması müəyyən edildi. Bundan sonra o gedib saxladığı qoyun - quzularımdan 60 başını və 3 baş iri buynuzlu heyvanlarını satıb 8(səkkiz) min manat pul düzəldib qabaqcadan əlaqə saxlamaqla onların kəndində cavabdehlə ğörüşüblər. 7 (yeddi) min manat pulu sayıb cavabdeh Mübarizə vermişdir, bir min manat pul da ayrılıqda qardaşı Nurəddinə sayıb verdim. Pulu alanda cavabdeh bildirmişdir ki, sənədləri ən çoxu 6 ay – bir il ərzində düzəldib verəcəkdir. Özü Bakıda yaşayır, işləməsi ilə əlaqədar tez-tez gəlib-gedə bilmədiyindən ona vaxt lazımdır ki, ölmüş valideynlərinin, vərəsələrin sənədlərini alıb toplasın, Çıxarış alıb, ən əsası qardaşı ilə öz payını bölüşdürüb öz payını mənə satmasını rəsmiləşdirəcəkdi. Buna isə ən uzağı bir il vaxt ərzində edəcəkdir. Pulu cavabdehə tam verəndən bir neçə ay sonra onunla maraqlanmış və onu tapmamışdır, qardaşı da onun haqqında dəqiq bir məlumat vermirmiş. Cavabdehin Bakı şəhərində qaldığı yeri də öyrənə bilmirmiş. İstəmişdir ki, orada tikinti işi aparsın, çünki arxayın idi ki, torpağın pulunu da vermişdir artıq onundur. Mübarizin qardaşı Nurəddin demişdir ki, orada kiçik qədimdən qalan köhnə heç kimin qalmadığı ev var, o, uşaqlarının üstünə uçar, onu söksün, odur ki, traktor gətirib həmin uçuq evi sökdürüb yerini hamarladıb ki, ev tiksin. Sonra onu o kənddə başa salan olmuşdur ki, sənədləri əldə etməyincə tikintiyə başlamasın, problem olar. Buna baxmayaraq bu illərdə o torpağı özününkü bilib ağacları öz xərci ilə hər il sulatdırmışdır ki, qurumasın baxmayaraq ki, meyvələrindən istifadə etməmişdir. Ancaq son illərdə Mübarizi tapıb tələb etmişdir ki, ya torpağın sənədlərini düzəltdirib notariat orqanında alqı-satqı etsinlər, ya da verdiyi 7000 manat pulunu qaytarsın. Onun üçün dəfələrlə olduğu evinə o, oğlanları, tanışı Yaqub adlı şəxs gedib pulu tələb etmişlər, o isə pulu aldığını inkar etməmiş, müxtəlif bəhanələr gətirərək sənədləri düzəldə bilmədiyini demiş, ondan aldığı pulu isə o vaxt Abşeron rayonunda tikintisinə başladığı evə sərf etdiyini demiş və pulunu qaytaracağını bildirsə də qaytarmamışdır. Odur ki, bu il aldadıldığını başa düşüb Abşeron rayon Pİ-ə şikayət ərizəsi vermişdir. Ərizəsini oradan aidiyyəti üzrə Ağsu rayon şöbəsinə göndərmişlər. Ağsu rayon PŞ-də araşdırma ilə qənaətə gəlinmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardakı məlumatlardan göründüyü kimi cavabdeh ondan aldığı 7 min manatı inkar etməmişdir, lakin sənədləşməni guya qardaşı Nurəddinə həvalə etdiyini bildirib Rusiyaya getdiyini, qayıdandan sonra sənədləşməni qardaşının etdirmədiyini bildirmişdir. Halbuku, onun onunla belə söhbəti olmamışdır.O Nurəddinə verdiyi 7000 (min) manat pulu ondan almaqdan o səbəbə görə imtina edir ki, onun oğlu Qarabağ döyüşlərində şəhid olmuşdur, hansı ki, onlar o, yurdlarından qaçqın düşmüşlər. Lakin cavabdeh olan Cavabdeh verdiyi 7.000 (yeddi min) manatını tələb edir, çünki ona vurduğu ziyanı ödəməmişdir, o maddi və mənəvi ziyan çəkmişdir. Bundan əlavə cavabdehdən əlavə olaraq 3.000 (üç min) manat kompensasiya tələb edir. Bu ən az miqdardır. Belə ki, indi mən 7 min manata 18 sot həyətyanı torpaq sahəsi ala bilmərəm, manat infılyasiya olunaraq tələb etdiyi miqdardan qat-qat dəyərini itirmişdir. Onun tələb etdiyi pulu vermək imkanı var, özü ustalıq edir, uşaqları da Bakıda işləyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçıya öz torpağını satmaq müqabilində iddiaçıdan 7000 manat pul almışdır. Lakin hazıradək çalışsa da sənədləri düzəldə bilməmişdir, bu səbəbdən də torpağı iddiaçının adına sənədləşdirmə bilməmişəm. Hazırda iddianın 7000 manat pulu geri qaytarmalı olduğu hissəsində qəbul edir və geri qaytarmağa hazırdır. Bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını və cavabdehi, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azaərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05.02.2024-cü il tarixli ərizədən görünür ki,Cavabdeh iddiaçıya öz torpağını satmaq müqabilində iddiaçıdan 7000 manat pul almışdır.İddianın 7000 manat pulu geri qaytarmalı olduğu hissəsində qəbul edir və geri qaytarmağa hazırdır. - 21.07.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, Ağsu RPŞ-dən daxil olmuş materiallar əsasında toplanmış materiallar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə torpaq satmaq müqabilində götürdüyü pul məbləğini ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı torpağı satmaq müqabilində ondan 7000 manat pul almışdır. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh göstərilənləri Ağsu rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdehdə həmin iddianı qismən təsdiq etdiyindən iddia tələbi 7000 manat hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar qanunvericiliyin əsassız varlanma haqqında müddəalarına uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Bundan başqa Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı torpağı satmaq müqabilində ondan 7000 manat pul almış, lakin öz öhdəliyini icra etməyərək torpağı iddiaçının adına rəsmiləşdirməmiş və iddiaçı hazırda həmin torpaqdan istifadə edə bilmir. Cavabdeh İddiaçı torpağı satmaq müqabilində ondan 7000 manat almasını etiraf etmişdir və iddianın bu hissədə təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini qismən etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı iddia tələbində Cavabdeh 3000 manat kompensasiya tələb etsədə, həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göründüyü kimi, iddiaçı cаvаbdеhə qаrşı “3000 manat kompensasiya” tələbini irəli sürsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. MPM-in: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun 36,3 manatı iddiaçıya, 84,7 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 84,7 manatı tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 36,3 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 84,7 manatı tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 36,3 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar