Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-74/2023 20.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli, 2479-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8.064 manat gecikdirilmiş əsas borc və 4.413,20 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 12.777,20 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2479-GL/17 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, bir hissəssini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixinə xx.xx.2017-ci il tarixli, 2479-GL/17 nömrəli müqavilə üzrə 8.064 manat gecikdirilmiş əsas borc və 4.413,20 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı idda tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 2479- GL/17 nömrəli müqavilə üzrə yaranmış 5.414 manat gecikdirilmiş əsas borc və 4.413,20 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 10.127,20 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, ilk əvvəllər ödəniş etmiş, sonradan atası və anası onkoloji xəstəlikdən müalicə olunduğu üçün imkanı olmamış ödəniş edə bilməmişdir, lakin ödənişi etməkdən boyun qaçırmır. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2479-GL/17 nömrəli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 29.070 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 iddiaçıya 8.064 manat gecikdirilmiş borc, 4.413,20 manat cərimə borcu olmaqla, cəmi 12.477,20 manat borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xx.xx.2021-ci il tarixdə pretenziya göndərmişdir. İş materiallarında olan 866593/01251 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu arasında bağlanmış 031122 1047 nömrəli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq Büronun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas borcun ödənilməsi” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 4.413,2 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 2479-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5.414 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pul, cəmi 5.814 manat pul vəsaiti cavabdeh X1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-74/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-74/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver