Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-76/2023 13.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X4 nəvəsinin diplomunun təsdiq edilməsi adı ilə ondan aldığı 2.140 manat pulun ona qaytarılmasını, cavabdehin ona vurduğu mənəvi zərərin ödənilməsinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdə onunla Şamaxı rayonu, Çuxuryurd kəndində qonşu olan X10 nəvəsinin Ukrayna Respublikasında almış olduğu diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiqlətdirəcəyinə söz verib aldadaraq 2.140 manat pulunu ələ keçirmişdir. O, X8 2021-ci ilin iyun ayından tanıyır. E.Əhmədov Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən evinin qonşuluğunda özü üçün ev tikdirmişdir. Onun ev tikməsi zamanı qonşu kimi bir çox tikinti materiallarını ona hədiyyə etmiş və onu tikinti-təmir işlərini aparması üçün öz evindən elektrik enerjisi ilə təmin etmişdir. Həmin dövrdə E.Əhmədovla qonşu kimi söhbətlər zamanı o, Təhsil Nazirliyində şöbə rəisi vəzifəsində işlədiyini və bu sahədə hər hansı işi olarsa onun qulluğunda olduğunu bildirmişdir. 2022-ci ilin fevral aynın əvvəllərində nəvəsi X9 təhsilini Ukrayna Respublikasında bitirdikdən sonra aldığı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiqlətmək üçün Təhsil Nazirliyinə getmiş, həmin vaxt E.Əhmədovun Təhsil Nazirliyində şöbə rəisi vəzifəsində işləməsi yadına düşdüyündən onun bu işdə ona köməklik edəcəyini bilib, mobil telefon vasitəsi ilə onun istifadəsində olan mobil nömrəyə zəng edib diplomla bağlı məsələni ona danışmış və bu işdə ona köməklik edibetməyəcəyini soruşmuşdur. Elçin isə “bu elə mənim işimdir” deyərək görüşmək lazım olduğunu bildirmişdir. Görüş zamanı Elçin həmin iş üçün 5000 manat lazım olacağını desə də ona 2000 manat düzəldə biləcəyini dedikdən sonra razılaşmışlar. 24 fevral 2022-ci il tarixdə Elçinlə telefon vasitəsi ilə danışaraq Bakı şəhəri, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatrının yanında görüşmüş və razılaşdıqları 2000 manat pulu ona vermişdir. 26 fevral 2022-ci il tarixdə E.Əhmədovun istəyi ilə əlavə 140 manat pulu yenə də qeyd olunan yerdə görüşüb ona vermişdir. Hər iki görüşündə arvadı Reyhan Xalıqova onun yanında olmuş və pulun verilməsinin şahidi olmuşdur. E.Əhmədovun onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılmış və istintaq şöbəsi müraciət olunan məsələnin mülki xarakterli olması qənaətinə gələrək cinayət işinin başlanmasını rədd etməsi haqqında qərar qəbul etmişdir. Nəvəsinin diplomunun təsdiq edilməsi adı ilə E.Əhmədov ondan 2.140 manat alaraq maddi zərər vurmaqla yanaşı mənəvi zərər də yetirmişdir. Belə ki, E.Əhmədov onu aldadaraq pulunu ələ keçirtdikdən sonra uzun müddət onu arxayın salıb nəvəsinin diplom məsələsinin həll olunacağını bildirdiyi üçün o da ailə üzvlərinə narahat olmamalarını, yaxın vaxtlarda diplom məsələsinin həll olunacağını demiş, nəvəsi də ümidlə diplomun təsdiqindən sonra işlə təmin olunacağını gözləmişdir. Lakin E.Əhmədovun verdiyi vədi yerinə yetirmədiyini gördükdən sonra ailə üzvlərinin də yanında sözü yerə düşmüşdür. Bundan sonra o mənəvi sarsıntı və iztirab keçirmişdir. O, qanunvericilik yolu ilə zərər vurmuş şəxsin özünü vurduğu mənəvi zərərin əvəzini ödəməyə məruz qoymaqla keçirdiyi sarsıntı və iztirablardan qismən də olsa qurtarmağı mümkün hesab edir. Odur ki, işin hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsaslanaraq E.Əhmədovun ona yetirdiyi mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir və hesab edir ki, 1000 manat məbləğində ifadə etdiyi mənəvi zərərin E.Əhmədovdan alınaraq ona ödənilməsinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan 017191 nömrəli vəsiqənin surətindən görünür ki, X5 müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin baçlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhər Nizami Rayon prokuroruna göndərilmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, X5 ilə neçə illərdir ki, dostluq edirlər. A.Xalıqov Elçinin təhsildə işləməyini bilirdi. Qara Qarayevdə “Sevinc” kinoteatrının yanında, fevral ayında Elçinə bir dəfə 2.000 manatı həyat yoldaşının sumkasından çıxarıb vermiş, Elçin də pulu alandan sonra işi həll etmək üçün telefonda kiminləsə danışmağa başlamışdır. Başqa vaxt 140 manat pulu Elçinə vermişdir. Sonradan bilmişlər ki, Elçin dələduzluqla məşğuldur. Göründüyü kimi, cavabdeh Elçin Əhmədov iddiaçı Ağahüseyn Xalıqovun nəvəsinin diplomunu təsdiq elətdirmək üçün ondan 2.140 manat məbləğində pul vəsaiti alması məhkəmə iclasında şahid ifadəsi və işin digər materialları ilə sübuta yetirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Elçin Əhmədovun iddiaçıdan 2.140 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək, 2.140 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassızdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsini barədə sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməli və 41,40 manat məbləğində rüsum cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 2.140 manat məbləğində pul cavabdeh X3 alınaraq iddiaçı X2 ödənilsin. Cavabdeh X3 41,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-76/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-76/2023
13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver